Məktəbəqədər təhsil
müəssisələrinin və uşaq
evlərinin pedaqoji şuraları
haqqında NÜMUNƏVİ ƏSASNAMƏ
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 9 avqust tarixli
178 nömrəli qərarı ilə təsdiq edilmişdir
1. Ümumi
müddəalar
1.1. Bu Nümunəvi Əsasnamə
"Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli
fərmanında dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
1 iyun tarixli 638 nömrəli fərmanının icrası ilə
əlaqədar hazırlanmışdır və müvafiq
müddəaları hər bir məktəbəqədər təhsil
müəssisəsi və uşaq evinin pedaqoji şurası
haqqında əsasnamənin hazırlanmasında əsas hesab
olunur.
1.2. Pedaqoji şura - dövlət məktəbəqədər
təhsil müəssisəsinin idarə olunmasının
şəffaflığını təmin etmək məqsədi
ilə təhsil müəssisəsində tərbiyəçilərlə
aparılan metodiki və uşaqlarla təşkil edilən təlim-tərbiyə
işləri üzrə mühüm məsələlərə
baxılması üçün daim fəaliyyətdə olan
ali idarəetmə orqanıdır.
1.3. Pedaqoji şuranın
yaradılması və fəaliyyəti bu Nümunəvi Əsasnaməyə
uyğun olaraq, məktəbəqədər təhsil müəssisəsinin
təsisçisi tərəfindən təsdiq olunmuş əsasnaməyə
və təhsil müəssisəsinin nizamnaməsinə əsasən
müəyyən edilir.
1.4. Pedaqoji şura ailənin və cəmiyyətin
maraqlarına uyğun olaraq, uşaqların erkən yaş
dövründən intellektual, fiziki və psixi
inkişafının, sadə əmək vərdişlərinə
yiyələnməsinin, istedad və qabiliyyətinin üzə
çıxarılmasının,
sağlamlığının qorunmasının, estetik tərbiyəsinin,
təbiətə və insanlara həssas münasibətinin
formalaşmasının təmin edilməsini əsas tutaraq tədris
prosesini təmin edir.
1.5. Pedaqoji şura tabeliyindən, təşkilati-hüquqi
formasından asılı olmayaraq, 3 nəfərdən
artıq pedaqoji işçisi olan bütün məktəbəqədər
təhsil müəssisələrində yaradılır.
1.6. Pedaqoji şuranın tərkibinə
məktəbəqədər təhsil müəssisəsinin
rəhbəri (müdiri), tərbiyəçilər,
defektoloq, loqoped və musiqi rəhbəri daxildir.
2. Pedaqoji
şuranın fəaliyyət istiqamətləri
2.1. Pedaqoji şuranın fəaliyyət
istiqamətləri aşağıdakılardır:
2.1.1. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 16 iyul tarixli 137 nömrəli qərarı
ilə təsdiq edilmiş "Məktəbəqədər təhsilin
dövlət standartı və proqramı"na uyğun
olaraq, məktəbəqədər təhsil müəssisəsinin
təhsil fəaliyyətinin istiqamətlərinin müəyyənləşdirilməsi
və təhsil proqramlarının seçilməsi;
2.1.2. məktəbəqədər təhsil
müəssisəsinin təhsil prosesinin formasının,
metodunun və məzmununun müzakirə edilməsi, təhsil
fəaliyyətinin planlaşdırılması;
2.1.3. kadrların ixtisasartırma və
yenidən hazırlanması məsələlərinə
baxılması;
2.1.4. pedaqoji təcrübənin öyrənilməsi,
ümumiləşdirilməsi, yayılması və tətbiqinin
təşkil edilməsi;
2.1.5. əlavə ödənişli təhsil
xidmətlərinin təşkili məsələlərinə
baxılması;
2.1.6. təhsil proqramlarının həyata
keçirilməsi üzrə məktəbəqədər təhsil
müəssisəsinin rəhbərinin hesabatlarının dinlənilməsi;
2.1.7. dövlət məktəbəqədər
təhsil müəssisəsinin nizamnaməsində edilən dəyişikliklərin
qəbul edilməsi.
3. Pedaqoji
şuranın hüquq və vəzifələri
3.1. Pedaqoji şuranın hüquqları
aşağıdakılardır:
3.1.1. mübahisəli məsələlərlə
bağlı qərarlar qəbul etmək;
3.1.2. pedaqoji şuranın iclaslarına
təhsil məsələləri üzrə müəssisə
ilə qarşılıqlı fəaliyyət göstərən
ictimai təşkilatların nümayəndələrini,
valideynləri dəvət etmək.
3.2. Pedaqoji şuraya dəvət olunanlar
məşvərətçi səs hüququna malikdirlər.
3.3. Pedaqoji şuranın vəzifələri
aşağıdakılardır:
3.3.1. uşaqlarla aparılan təlim-tərbiyə
işinin keyfiyyətini yüksəltmək, pedaqoji elmlər
sahəsində olan nailiyyətlərdən, yeniliklərdən
və qabaqcıl iş təcrübələrindən istifadə
etmək, tərbiyəçilərin pedaqoji iş qabiliyyətini
yüksəltmək, yaradıcılıqlarını
inkişaf etdirmək;
3.3.2. müxtəlif qruplarda uşaqlarla
aparılan metodiki işi istiqamətləndirmək, təlim-tərbiyə
prosesinin digər məsələlərinin məzmununu, forma və
metodlarını nəzərdən keçirmək;
3.3.3. məktəbəqədər təhsil
müəssisələrində yeni interaktiv təlim
metodlarından istifadə üzrə işi təkmilləşdirmək;
3.3.4. hər bir baxılan məsələnin
icrasına məsul şəxslər təyin etmək və
icranın müddəti göstərilməklə obyektiv qərarlar
qəbul etmək;
3.3.5. qəbul edilmiş qərarların
Azərbaycan Respublikasının təhsil və
uşaqların hüquqlarının müdafiəsi
haqqında qanunvericiliyinə uyğunluğunu təmin etmək;
3.3.6. illik fəaliyyət planını
təsdiq etmək və yerinə yetirmək.
4. Pedaqoji
şuranın fəaliyyətinin təşkili
4.1. Pedaqoji şuranın ilk iclasında
onun üzvləri tərəfindən pedaqoji şuranın sədri
seçilir.
4.2. Pedaqoji şura sədrinin vəzifələri
aşağıdakılardır:
4.2.1. pedaqoji şuranın fəaliyyətini
təşkil etmək;
4.2.2. pedaqoji şuranın üzvlərini
növbəti iclasın keçirilməsi barədə 15
gün əvvəl məlumatlandırmaq;
4.2.3. pedaqoji şuraya daxil olan ərizələrin,
müraciətlərin və digər materialların
qeydiyyatının aparılmasına nəzarət etmək;
4.2.4. pedaqoji şuranın
iclasının gündəliyini müəyyənləşdirmək;
4.2.5. pedaqoji şuranın qərarlarının
yerinə yetirilməsini təşkil etmək və ona nəzarət
etmək;
4.2.6. pedaqoji şuranın fəaliyyəti
barədə təsisçi qarşısında hesabat vermək.
4.3. Pedaqoji şura işini təsdiq
etdiyi illik fəaliyyət planı üzrə qurur.
4.4. Pedaqoji şuranın iclasları 1-2
qruplu məktəbəqədər təhsil müəssisəsində
il ərzində 2 dəfə, 3-5 qruplu məktəbəqədər
təhsil müəssisəsində rübdə 1 dəfə,
6-12 qruplu məktəbəqədər təhsil müəssisəsində
2 ayda 1 dəfə keçirilir. Növbədənkənar
iclaslar pedaqoji şura sədrinin qərarına və ya
pedaqoji şura üzvlərinin təşəbbüslərinə əsasən keçirilir.
4.5. Pedaqoji şuranın iclası
üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
Pedaqoji şuranın qərarı
açıq səsvermə yolu ilə qəbul
edilir. İclasda iştirak edənlərin 2/3 hissəsindən çoxu lehinə səs verdikdə, pedaqoji şuranın qərarı qəbul edilmiş hesab edilir.
4.6. Pedaqoji şuranın iclaslarına məktəbəqədər
təhsil müəssisəsinin metodisti, həkimi, həmçinin
müəssisədə fəaliyyət göstərən idarə
və özünüidarə orqanlarının rəhbərləri
dəvət edilirlər.
4.7. Pedaqoji şuranın qərarının
icrası məcburidir. Pedaqoji
şuranın qərarının yerinə yetirilməsi müəssisənin
rəhbəri və qərarda göstərilən məsul
şəxslər tərəfindən təşkil edilir. Aparılan işlərin nəticələri
barədə pedaqoji şuranın üzvlərinə
məlumat verilir.
4.8. Pedaqoji şura öz tərkibindən
ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji
şuranın katibini seçir.
5. Pedaqoji
şuranın sənədləri
5.1. Pedaqoji şuranın iclasları
protokollaşdırılır. Protokol
kitabında pedaqoji şuraya
çıxarılan məsələlərin müzakirəsinin
gedişi, pedaqoji
şuranın üzvlərinin təklif və iradları qeyd olunur. Protokollar
şuranın sədri və katibi tərəfindən
imzalanır.
5.2. Pedaqoji şuranın protokol
kitabı müəssisənin işlər nomenklaturasına
daxildir, müəssisədə daim saxlanılır və
aktla təhvil verilir.
5.3. Pedaqoji şuranın protokol
kitabının səhifələri nömrələnir,
qaytanlanır, müəssisənin rəhbərinin imzası
ilə təsdiq edilir və möhürlənir.
Azərbaycan.-
2012.- 11 avqust.- S. 1.