Azərbaycan və Gürcüstanın dövlət başçıları “Twitter”də ən fəal liderlər arasındadırlar
Türkiyənin ingiliscə nəşr olunan "Today"s Zaman" qəzeti ABŞ-ın "Burson-Marsteller" ictimaiyyətlə əlaqələr təşkilatının sosial media şəbəkəsinin ən məşhur saytı olan "Twitter"də dünyanın nüfuzlu siyasətçilərinin öz ölkəsi və beynəlxalq ictimaiyyətlə əlaqələrinə dair hesabatının Cənubi Qafqaz üzrə bölümünə həsr olunmuş məqalə dərc etmişdir.
Məqalədə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və onun gürcü həmkarı Mixeil Saakaşvili bu məsələdə çox fəal olduqları halda, Ermənistanın dövlət başçısı sosial mediaya heç bir maraq göstərmir. Azərbaycan və Gürcüstan prezidentləri ölkələrinin artan nüfuzu və baş verən hadisələrlə bağlı öz səhifələrində mütəmadi olaraq şərhlər yerləşdirirlər. Prezident İlham Əliyevin "Twitter" səhifəsinin 27 minə yaxın izləyicisi vardır. Dövlətimizin başçısının ingiliscə "Müstəqillik böyük nemət, böyük nailiyyətdir və bizim üçün çox mühüm dəyərə malikdir" sözləri saytda xüsusilə populyardır.
Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin isə "Twitter" səhifəsində 5 min izləyicisi vardır. Onun ən çox oxunan sözləri isə cari ilin mart ayında Azərbaycan parlamentində Rusiya ilə bağlı çıxışıdır.
Oqtay BAYRAMOV
Azərbaycan.- 2012.- 11 avqust.- S. 2.