Azərbaycan iqtisadiyyatının davamlı inkişafı insanların rifahının yüksəlməsində özünü göstərir

 

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar cari ilin birinci yarısında ölkəmizin dinamik inkişafını daha da sürətləndirmiş və bütün iqtisadi sektorlarda, xüsusən də aqrar sahədə yüksək artım əldə olunmuşdur".

Bu sözləri AzərTAc-a müsahibəsində Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov demişdir.

E.İbrahimov bildirmişdir ki, həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını da şərtləndirmişdir. Ötən dövr ərzində əldə olunmuş sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafının təmin olunmasını özündə ehtiva edir. Cari ilin ötən dövrü ərzində Azərbaycanda liberal iqtisadi sistemin daha da dərinləşdirilməsi, şaxələndirmə siyasətinin genişləndirilməsi, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə yönündə uğurlu addımlar atılmışdır. O cümlədən qeyri-neft sektorunun inkişafını sürətləndirən məqsədyönlü tədbirlərin həyata keçirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması və yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafını təmin etmişdir.

 

 

Azərbaycan.- 2012.- 11 avqust.- S. 2.