Minskdə Belarus və Azərbaycan arasında elmi-texniki əməkdaşlığın inkişafına dair növbəti müqavilə imzalanmışdır
Belarus Milli Elmlər Akademiyasında (BMEA) bu qurumla Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında elmi-texniki əməkdaşlığın inkişafına dair növbəti müqavilə imzalanmışdır.
Müqaviləyə əsasən hər iki ölkənin milli elmlər akademiyaları innovasiya texnologiyaları, energetika, tibbi fiziologiya, aerokosmik və digər fundamental elmlər sahəsində birgə strateji layihələrin həyata keçirilməsinə start vermişlər.
AzərTAc xəbər verir ki, AMEA-nın prezidenti akademik Mahmud Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə BMEA-nın Rəyasət Heyətinin sədri Anatoli Rusetski bildirmişdir ki, rəsmi Mİnsk Azərbaycanla bir çox sahələrlə yanaşı, elmi-texniki əməkdaşlığın inkişafına da xüsusi önəm verir. Hər iki ölkənin milli elmlər akademiyaları və bu qurumlara daxil olan institutlar arasında elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, son illər BMEA və AMEA-nın birgə həyata keçirdikləri 22 elmi layihə ölkələrimiz arasında iqtisadi-siyasi əlaqələrin fundamental inkişafına əsaslı zəmin yaratmışdır.
Görüşdə akademik M.Kərimov son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərlərindən sonra ölkələrimiz arasında bir çox sahələrlə yanaşı, elmi-texniki əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulamışdır. M.Kərimov bu gün hər iki ölkənin alim və ekspertlərindən ibarət işçi qrupunun elmi-texniki əməkdaşlığın inkişafına dair hazırladığı yeni saziş layihəsinin gələcəkdə səmərəli bəhrə verəcəyinə əminliyini bildirmişdir.
Sonra görüş yeni saziş layihəsini hazırlayan işçi qrupunun geniş iclası ilə davam etdirilmişdir.
İclasda Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, Azərbaycan-Belarus parlamentlərarası dostluq qrupunun rəhbəri, akademik Ziyad Səmədzadə son illər Azərbaycanla Belarus arasında iqtisadi-siyasi əlaqələrin dinamik inkişafından söz açmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan və Belarus prezidentlərinin apardıqları məqsədyönlü siyasət nəticəsində son dövrlər ölkələrimiz arasında mal dövriyyəsi bir neçə dəfə artmışdır. Gəncə şəhərində inşa olunmuş müştərək traktor zavodu hazırda səmərəli fəaliyyət göstərir.
Tədbirdə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev, Belarusun Təhsil, Energetika, İqtisadiyyat və digər nazirliklərinin müavinləri və rəsmi nümayəndələri çıxış edərək ölkələrimiz arasında innovasiya texnologiyaları, energetika, səhiyyə, geofizika, aerokosmik və digər fundamental elmlər sahəsində əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparmışlar. Elmi əməkdaşlığın səmərəliliyi istiqamətində rəy və təkliflər bildirilmişdir.
Sonra AMEA və BMEA arasında elmi-texniki əməkdaşlığa dair memorandum imzalanmışdır.
Müqavilədə birgə elmi-praktiki konfransların keçirilməsi, fundamental elmi araşdırmalar sahəsində təcrübə mübadiləsinin aparılması məsələləri əksini tapmışdır.
Eyni zamanda, AMEA-nın Aşqarlar Kimyası İnstitutu və Polimer Materialları İnstitutu ilə BMEA-nın Yeni Materialların Kimyası İnstitutu arasında birgə elmi əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Sonra AMEA-nın nümayəndə heyəti BMEA-nın Tarix Muzeyi ilə tanış olmuşdur.
Səfər çərçivəsində
azərbaycanlı alimlər BMEA-nın İnformatika,
Kimya, Fizika və digər
institutlarının fəaliyyəti və istehsalat
müəssisələri ilə də yaxından tanış
olmuş, gələcəkdə birgə əməkdaşlığın
perspektivlərini müzakirə etmişlər.
Azərbaycan.- 2012.- 11 avqust.- S. 2.