Günter Ottinger: Avropa İttifaqı mühüm tərəfdaşımız olan Azərbaycanın problemlərinə daha yaxından diqqət yetirməlidir

 

Azərbaycan energetika məsələlərində iştirak edən əhəmiyyətli bir ölkədir və Avropa İttifaqı (Aİ) üçün mühüm tərəfdaşdır.

Avropa Azərbaycan Cəmiyyətindən AzərTAc-a bildirmişlər ki, bu bəyanatla Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinger çıxış etmişdir.

Azərbaycanla bağlı bəyanat verən G.Ottinger vurğulamışdır ki, Aİ Azərbaycan ilə əməkdaşlığı möhkəm zəmin və birgə aydın maraqlar üzərində qurmuşdur.

Komissarın fikrincə, Azərbaycanın Aİ-nin "Şərq tərəfdaşlığı" proqramında iştirakı tarixi bir mərhələdir. Azərbaycan Cənub qaz dəhlizi haqqında bəyannaməni imzalamaqla enerjinin nəql edilməsində mühüm rol oynadığını və öz fəaliyyəti ilə Avropa İttifaqına daha da yaxınlaşdığını təsdiq etmişdir. Xəzər dənizinin qərb sahilində yerləşən ölkə özünün zəngin neftqaz yataqları ilə Avropanın enerji ilə təmin olunmasında mühüm bazadır.

G.Ottinger, eyni zamanda, Azərbaycan kimi enerji istehsal edən ölkələri daha güclü dəstəkləməyin Avropa İttifaqının marağında olduğunu qeyd etmişdir. Komissar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin də bununla əlaqəli olduğunu düşünür: "Bu istiqamətdə daha çox görmək avropalıların vəzifəsidir. Aİ-nin üzvü olan ölkələr üçün mühüm enerji tərəfdaşı olan Azərbaycanın problemlərinə Avropada daha çox diqqət yetirilməlidir. Nəhayət, BMT-ninbir çox digər beynəlxalq təşkilatların birmənalı qətnamələrində göstərilir ki, Dağlıq Qarabağ regionu Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir".

 

 

Azərbaycan.- 2012.- 11 avqust.- S. 2.