ARDNŞ-də
Qırğızıstan nümayəndə heyəti ilə görüş olmuşdur
Avqustun 10-da ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Qırğızıstanın sənaye və energetika naziri Askarbek Şadiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Şirkətin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ARDNŞ prezidenti Azərbaycanın davamlı iqtisadi inkişafında neft-qaz sənayesinin rolundan bəhs etmiş, son illər qazanılmış nailiyyətlərdən danışmışdır. R.Abdullayev Azərbaycanda həyata keçirilən regional əhəmiyyətli neft-qaz layihələri, habelə ARDNŞ-in ölkə daxilində və xaricdə gerçəkləşdirdiyi sərmayə proqramları haqqında da qonaqlara ətraflı məlumat vermişdir.
Qırğızıstanın sənaye və energetika naziri Askarbek Şadiyev ölkəsində aparılan islahatlar haqqında danışmış, inkişafın Azərbaycan modelinin böyük maraq doğurduğunu qeyd etmişdir. Qırğızıstanlı nazir enerji daşıyıcılarının istehsalı və ixracı sahəsində etibarlı tərəfdaş kimi tanınan Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulamışdır.
ARDNŞ prezidenti Azərbaycanın əməkdaşlıq üçün açıq və əlverişli ölkə olduğunu, həyata keçirdiyi layihələrdə iqtisadi səmərəlilik prinsipinə böyük önəm verdiyini diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər
ətrafında müzakirələr
aparılmışdır.
Azərbaycan.- 2012.- 11 avqust.- S. 2.