Ankarada Azərbaycan və Türkiyə Əmək və Əhalinin Sosial Müdafiə nazirliklərinin birgə işçi qrupunun ilk iclası keçirilmişdir

 

  Azərbaycan və Türkiyə əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri Natiq Məmmədov və Namik Atanın sədrliyi ilə Ankarada birgə işçi qrupunun ilk iclası keçirilmişdir.

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Miqrasiya Xidməti, Prezident yanında Səhiyyə Xidmətinin rəsmilərinin təmsil olunduğu nümayəndə heyəti türkiyəli həmkarları ilə cari il iyulun 12-də Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iki ölkənin nazirlikləri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi komissiyanın yeddinci iclası və imzalanmış protokol çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etmişdir.

İşçi qrupunun iclasında əmək, sosial müdafiə, məşğulluq, miqrasiya, əməyin mühafizəsi və təhlükəsizliyi məsələləri üzrə birgə fəaliyyətə dair əməkdaşlıq üzrə müzakirələr aparılmışdır. Qeyd olunmuşdur ki, bu sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin daha səmərəli şəkildə davam etdirilməsi üçün məşğulluq və əmək miqrasiyası istiqamətində qanunvericiliyin tətbiqinə dair məlumatlandırma və təcrübə mübadiləsi vacibdir. Bundan əlavə, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət və təftiş, əməyin mühafizəsi və təhlükəsizliyi sahələrində tədqiqatların aparılması və mütəxəssis mübadiləsinin həyata keçirilməsi zəruridir.

İclasda müzakirə olunan məsələlərə dair N.Məmmədov və N.Ata müvafiq protokol imzalamışlar.

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 11 avqust.- S. 2.