Aliyə Qarayeva finalda
Olimpiadada bədii gimnastika üzrə yarışların təsnifat mərhələsinə yekun vurulub. Çoxnövçülük üzrə keçirilən turnirdə Azərbaycanı təmsil edən Aliyə Qarayeva finala vəsiqə qazanıb.
İlk günü 5-ci yerdə başa vuran 24 yaşlı Avropa çempionumuz xalçaya öncə gürzlərlə çıxıb. Onun bu hərəkəti uğurlu alınıb və hakimlər tərəfindən 27,850 xala layiq görülüb.
Gimnastımız lentlə hərəkətinə 4-cü nömrə kimi çıxıb. Bu dəfə də kompozisiyasını səhvsiz başa vuran Aliyə çətin elementlər nümayiş etdirib. Bunun məntiqi nəticəsi olaraq, onun çıxışı 28,200 xalla qiymətləndirilib.
Beləliklə, təsnifat mərhələsindəki çıxışını uğurla başa vuran təmsilçimiz finala 24 idmançı arasında 3-cü yerin sahibi kimi yüksəlib. O, 4 hərəkətin cəmində 111,850 xal toplayıb. Qarayevanı yalnız rusiyalılar - Yevgeniya Kanayeva (116,000) və Dariya Dmitriyeva (114,525) qabaqlayıblar.
Bu gün keçiriləcək final mərhələsində Aliyənin rəqibləri Silviya Miteva (Bolqarıstan, 110,925), Lyubov Çarkaşina (Belarus, 110,450), Jae Yeon Son (Cənubi Koreya, 110,300), Alina Maksimenko (Ukrayna, 110,025), Yoanna Mitrosz (Polşa, 109,750), Reta Nivkin (İsrail, 108,900) və Anna Rizatdinova (Ukrayna, 108,850) olacaqlar.
Qeyd edək ki,
4 il öncə Pekində də həlledici
mərhələdə qüvvəsini sınayan Qarayeva yarışın birinci
günündə həlqə (27,450) və topla
(28,350) hərəkətlərdən sonra
55,800 xal toplayaraq, 5-ci
yeri tutmuşdu.
Azərbaycan.- 2012.- 11 avqust.- S. 3.