Knyaz Xasay xan Usmiyev kim idi?

 

İlk baxışdan bu sualın cavabı aydındır. Rus ordusunun general-mayoru knyaz Xasay xan Xurşudbanu Natəvanın birinci həyat yoldaşı olub. Burada söhbət onun milliyyətcə kim olmasından gedir. Sovet dövründə qələmə alınan bədii əsələrdə, dramlarda, hətta bir çox tədqiqatlarda belə Xasay bəyin milliyyəti haqqında müxtəlif fikirlər yürüdülüb. Bir sıra tədqiqatçı və səyyahların yazılarında, eləcə də arxiv materiallarında isə Xasay xanın milliyyətcə daha çox türk olması barədə faktlara rast gəlinir.

Məlumdur ki, Xurşudbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xanın yeganə qızı və vərəsəsi olub. Bu səbəbdən də əzəl başdan onu sarayda "Tək inci", el arasında isə Xan qızı çağırıblar. Mehdiqulu xanın qəflətən vəfatı xanlıqda bir sıra problemlər yaradıb. Həyatın qəfil "bəxşiş"lərindən hələ xəbərsiz 15 yaşlı Xurşudbanu çətin vəziyyətdə qalıb. Elə bir insanla ailə qurmalı idi ki, xanlığı idarə etməkdə ona sözün əsl mənasında dayaq olsun. O zaman Qarabağ bəyləri, xüsusilə də Mehdiqulu xanın yaxın qohumları xanlığı ələ keçirmək üçün Xurşudbanuya elçi düşüblər. Onlar çox yaşlı olduğundan Xurşudbanunun anası Bədircahan bəyim (o da Gəncə hakimi Cavad xanın nəslindən idi) heç bir vəchlə qızını qoca kişiyə ərə vermək istəməyib.

Tədqiqatçı Bəylər Məmmədov yazırdı: "Xurşudbanunun xan nəslindən birinə ərə getməsi çar Rusiyasının Qafqazda yeritdiyi siyasətə uyğun gəlmirdi. Beləliklə də Xurşudbanunun ərə getmək məsələsi şəxsi çərçivədən çıxaraq ictimai şəkil alırdı. Mütləqiyyətin xan ailəsinin işinə müdaxilə etməsi, aydındır ki, Xurşudbanunun xeyrinə deyildi". Qafqaz canişini M.S.Vorontsov özlüyündə Xurşudbanunu hökmən çarlığın etibar etdiyi adamlarından birinə ərə getməsini daha məqbul sayırdı. Bu səbəbdən də ailəyə təzyiq göstərmək məqsədilə xanlığa məxsus bir sıra torpaqları çar Rusiyasının xeyrinə müsadirə etdirib. O, bu yolla Xan qızını naçar vəziyyətdə qoymaq istəyib. Çünki var-dövlət əldən çıxdıqca maddi təminat zəifləyəcək, ailənin firavan yaşaması sona çatacaqdı. 1848-ci ilin yazında Bədircahan bəyim şikayət üçün Tiflisə getməli olub. Qızı Xurşudbanunu da özü ilə aparıb. Onun Vorontsovla etdiyi söhbətin məzmunu haqqında əldə tutarlı sənəd yoxdur. Sadəcə, tarixçilərin ehtimalına görə, belə bir fakt söylənilir ki, Xurşudbanunun Xasay xana ərə getməsi elə bu üzdən baş tutub. O zaman Tiflisdə çalışan Mirzə Fətəli Axundzadə əslində ailəyə çox kömək edib. Torpaqların sahiblərinə qaytarılmasında Mirzə Fətəlinin cəhdləri sayəsində Mehdiqulu xanın mülkləri yenə də ömürlük olaraq Xurşudbanunun ixtiyarına verilib. Hətta Bədircahan bəyimə ildə 1000 çevron təqaüd  də təyin edilib. Amma bununla bərabər Vorontsovun dediyi də olub.

1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib və Xurşudbanu ilə onun toy mərasimi keçirilib. O, Xan qızını əvvəlcə Dağıstana - öz doğma kəndinə, sonra da Tiflisə aparıb.

Xasay bəy haqqında mətbuatda da müxtəlif məlumatlar var. 1900-cü ildə "Tərcüman" qəzeti Xasay xanı belə təqdim edib: "Knyaz Xasay xan Usmiyev Dağıstanın ən məlumatlı adamlarından biri olmuşdur". "Kaspi" qəzeti də Xasay xana öz rəğbətini belə bildirirdi: "Knyaz Xasay xan öz dövrünə görə bizim ölkə müsəlmanlarının ən elmli və görkəmli ictimai xadimlərindəndir". Mir Möhsün Nəvvabın təzkirəsinə görə, Xasay xan monqol hökmdarı Çingiz xanın nəslindəndir. Mikayıl Rəfiliyə görə, Xasay xan qaraqaytaq, tədqiqatçı Bəylər Məmmədova görə isə  milliyyətcə qumuq idi. Böyük fransız yazıçısı Aleksandr Düma "Qafqaz səfəri" əsərində onu belə təqdim etmişdir: "Azərbaycanlı Xasay xan Usmiyev... 35 yaşında çox yaraşıqlı, üzünün cizgiləri gözəl, qaynar və ağıllı gözlərinin dərinliyində nəsə bir narahatlıq hiss olunan... bir adam idi. Azərbaycanlıların və farsların saqqala həna qoymaq adətinə o da əməl etmişdir". Bu əsəri ilk dəfə Azərbaycan dilinə tərcümə edən filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev isə öz əlavəsində bildirib: "A.Dümanın Xasay xanı milliyyətcə azərbaycanlı göstərməsi maraq doğurur. Bəzi tədqiqatçılar onun ləzgi, avar və ya osetin olduğunu göstərirlər. Başqaları isə onun milliyyətcə qumuq olduğunu qeyd edirlər. Sonuncu fikir həqiqətə daha uyğun gəlir. Məlumdur ki, Xasavyurd, Buynaksk və s. yerlərdə indinin özündə də türkdilli xalq olan qumuqlar yaşayır. Onların üç əsas dialektləri var. Xasay xan da məhz burada anadan olmuşdur... Bakıda iki gün dalbadal Xasay xanla görüşən Aleksandr Düma isə onun milliyyətcə tatar (yəni azərbaycanlı) olduğunu və Andreyevo kəndində doğulduğunu göstərir".

...Xasay xan yüksək cəmiyyətdə hörmətli mövqe tuturdu. Elə Aleksandr Dümanın da yazdıqlarından başa düşülür ki, bu yazıçı da Xasay xana xüsusi ehtiram bəsləmiş, onunla dostlaşmışdı. Buna görə də onun haqqında həmişə məhəbbət və ehtiram dolu fikirlər qələmə alıb. Yenə həmin əsərdə oxuyuruq: "...Xasay xan 35 yaşlı yaraşıqlı, məğrur bir kişi idi. Fransızca əsl parisli kimi danışırdı. O, əyninə qara kostyum geymiş, başına zərlə işlənmiş sivri uclu şapka qoymuşdu. Belindən fil sümüyündən dəstəsi və qızıla tutulmuş qını olan xəncər asılmışdı. Etiraf edirəm ki, fransız dilində təmiz, maneəsiz heca vurğularını eşidərkən diksindim". Fransız yazıçısı Xasay xanın həm daxili aləmini, həm də zahiri gözəlliyini birləşdirərək onun əsl portretini yaratmışdır.

Xasay xan 1808-ci ildə Dərbəndin Andreyaul kəndində qumuq ailəsində anadan olub. Atası Musa Usmiyev rus ordusunun zabiti idi. Hünər və şücaəti sayəsində dövrünün hörmətli və nüfuzlu adamlarından olub. Təqaüdə çıxdıqdan sonra pristav işləyib. Elmə, maarifə böyük marağı olub. Bu səbəbdən də oğlunun təhsili ilə yaxından məşğul olaraq onun cəmiyyətdə yaxşı yer tutması üçün əlindən gələni edib. Xasay xan Usmiyev çar ordusunda qulluq etdiyi vaxt Peterburqa hərbi məktəbdə oxumağa göndərilib. Mükəmməl savada, dərin biliyə yiyələnən Xasay xan rus və fransız dillərini öyrənib. Hərbi xidmətdə olanda rütbə alan Xasay Usmiyev 1836-cı ildə əlahiddə Qafqaz korpusunda xidmət edib. 1844-cü ildən başlayaraq ona müxtəlif hərbi rütbələr verilib. Ən nəhayət, general-mayor çininə layiq görülən Xasay Usmiyev Qafqaz canişini M.S.Vorontsovun şəxsi yavəri olub. Xan qızı Xurşudbanu ilə ailə həyatı qurduqdan sonra başqa şəhərlərdə yaşasalar da, həmişəlik Şuşada qalmaq istəyiblər. Bir məsələni də qeyd edək ki, Xan qızı Natəvanın yerli bəylərə yox, kənar bir şəxsə ərə getməsi nəslindən olan bəzi şəxslər tərəfindən yaxşı qarşılanmayıb. Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu bəy bu izdivacı heç cür qəbul edə bilmirdi. Hərçəndi özünün yaşı 65-dən yuxarı idi. Hətta Qasım bəy Zakir, Abdulla Asi və başqaları öz şeirlərində gəlmə kürəkənin ünvanına atmacalar atardılar. Xasay xanın sağ gözünün giləsini ağ pərdə örtdüyündən şairlər buna işarə edərək onu kinayə ilə "kor Xasay" adlandırıblar. 1866-cı ildə Xasay xan Usmiyev 860 manat təqaüdlə hərbi xidmətdən azad edilib. Belə bir ehtimal da var ki, Türkiyəyə getmək arzusunda olub, lakin şeyx Şamillə əlaqə saxlamaqda şübhəli olduğuna görə çar hökuməti buna icazə verməyib.

Əslində Xasay xanın simasında istəyinə nail ola bilməyən çar məmurları onu aradan götürmək üçün müxtəlif planlar hazırlayırdılar. Xəstələndiyi üçün həkimlər Xurşudbanuya məsləhət görüblər ki, doğulduğu yerə qayıtsın. Ona görə də onlar ailəliklə Şuşaya dönüblər. Keçmiş vəzifəsini icra etmək üçün Xasay xan 1864-cü ildə Şuşanı tərk edib. Bu il həm də onların əbədi ayrılığının tarixinə çevrilib. Atası Musa kişi də oğlunun bir qarabağlı qıza aşiq olmasını, onunla ailə qurmasını heç vaxt qəbul edə bilmədi. Yazıçı İlyas Əfəndiyev "Natəvan" adlı dram əsərində bu məsələni də çox həssaslıqla qələmə alıb. Həm atasının çağırışı, həm də özünün hərbə marağı onun Şuşadan biryolluq getməsilə nəticələnib. Xasayı Vladiqafqazın hərbi komandanlığının sərəncamına göndəriblər. Xidmətdə olduğu müddətdə Dərbənd hakimi Loris Melikovla aralarında münaqişə yaranıb. Bir müsəlman gəncin möhkəm xarakteri, əyilməzliyi, mərdliyi, dəyanəti, eləcə də zahiri cəhətdən boy-buxunlu, yaraşıqlı olması, savadı, dünyagörüşü ilə diqqət çəkə bilməsi Lorisin xoşuna gəlməyib. Xasayın şəxsində rəqib gördüyündən tez-tez onunla sözləşib. Xasay xan da həmişə onu susdura bilib. Loris Melikov isə çox kinli və qisasçı xasiyyətə malik idi. Çalışırdı ki, Xasayı aradan götürsün. Ona görə də planı elə qurmuşdu ki, Xasay Voronejə getsin. Beləliklə, Qafqazdan uzaqlaşdırılsın və sürgünə göndərilsin. Xasay aldanaraq Loris Melikovun qurduğu planla hərəkət edib. Lakin Voronejə çatan kimi mehmanxanada hər şeyin ona qarşı qurulmuş tələ olduğunu anlayanda çox sarsılıb. Elə oradaca intihar edib. Xəbər Qarabağa çatıb. Bəylər Məmmədovun yazdığına görə, çar hökuməti Qafqazda üsyan qopacağından ehtiyat edərək Xasay xanın övladlarına 15 kənd bağışlayıb.

Məlumdur ki, XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan dili Dağıstan xalqları arasında əsas ünsiyyət vasitəsi olub və professor Qəzənfər Paşayev də haqlı olaraq bu fakta söykənərək Aleksandr Dümanın fikirlərində qeyri-adilik axtarmağı lüzumsuz sayır. Qumuq dili türk dillərinin qıpçaq qrupuna daxildir. Məlumdur ki, Dərbənd vaxtilə Quba xanlığının tabeliyində olan Azərbaycan şəhəri idi. Burada 30-dək xalq və etnik qrup yaşayırdı. Əhalinin xeyli hissəsini qumuqlar təşkil edirdi. 1921-ci ildə Dərbənd Azərbaycandan alınaraq RSFSR-in tərkibində yaradılan Dağıstan Muxtar Respublikasına qatıldı. Paytaxtı da Mahaçqala oldu. Hazırda adları çəkilən kəndlərdə yenə də qumuqlar yaşayır.

...İstər Xurşudbanu, istərsə də Xasay bəy siyasətin üz-üzə gətirdiyi və bir ailədə birləşdirdiyi talesizlər idi. Dövrün ziddiyyətləri, məkrli planları onları bir ocaqda qovuşdurdu. Şuşaya, yeni mühitə alışmaq, kinayəli baxışlara, iradlara dözüm gətirmək çətin olsa da, Xasay xan dəyanətli adam idi. Bacarırdı. Həm də Xurşudbanuya aşiq olmuşdu. Nə qədər tündməzac, sərt, inadkar olsa da, müsbət cəhətləri də çox idi. Övladları onun "can şüşəsi" idi. Amma bu ailənin dağılması yenə də siyasətin bir oyunu oldu. Xasayın vasitəsilə niyyətlərinə nail olmayan namərdlər müsəlman zabitin xoşbəxt yaşamasını istəmədilər. Bu səbəbdən də Xasay xan elə çar Rusiyasının da məkrli planının qurbanına çevrildi. Əlbəttə, məqsədimiz Xasay xanın məziyyətlərindən bəhs etmək yox, onun məhz türk oğlu olduğunu bir daha xatırlatmaqdır.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 11 avqust.- S. 4.