Qahirədə keçirilən beynəlxalq musiqi festivalında Azərbaycan da təmsil olunmuşdur

 

Azərbaycanın Misirdəki səfirliyindən AzərTAc-a verilən məlumata görə, bu günlərdə Qahirədə keçirilən V Səma Beynəlxalq Musiqi Festivalında ölkəmiz kamança ustası və müğənni Mehri Əsədullayeva və onu müşayiət edən musiqi kollektivi tərəfindən təmsil olunmuşdur.

Festivalda Azərbaycan ilə bərabər Türkiyə, ABŞ, Fransa, Çin, Hindistan, İraq, Pakistan, Ukrayna, Yəmən, İspaniya, Ekvador, Zambiya, BosniyaHerseqovina, İndoneziya və digər dövlətlər iştirak etmişlər.  Ramazan ayı müddətində keçirilən Səma musiqi festivalı Misirdə və Yaxın Şərq regionunda ən böyüknüfuzlu tədbirlərdən biri hesab olunur.

Tədbir çərçivəsində Mehri Əsədullayeva Misirin "Məhəmməd Əli" və "Əl-Quturi" kimi möhtəşəm saraylarında keçirilən konsert proqramlarında çıxış etmişdir. İncə və zərif Azərbaycan musiqisi nümunələrindən parçalar tamaşaçıların qəlbini oxşamışdır.

Mehri Əsədullayeva festivalın rəhbəri tərəfindən "dünyanın ən istedadlı qadın kaman ustası" kimi təqdim olunmuşdur. Festival və Azərbaycan sənətkarlarının ifası Misirin kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 11 avqust.- S. 4.