Yaponiyanın Nikkey jurnalında Naxçıvandakı Duzdağ fizioterapevtik mərkəzi haqqında məqalə dərc edilmişdir

 

Yaponiyanın iqtisadi dairələrində geniş tanınmış, yapon dilində nəşr edilən nüfuzlu "Nikkey" jurnalında Naxçıvandakı "Duzdağ" fizioterapevtik mərkəzi haqqında doktor İşii İtarunun "Duzlu dağ mağarasında istirahət" adlı məqaləsi dərc olunmuşdur.

"İşii Qardaşları" şirkətinin prezidenti məqalədə əvvəlcə Azərbaycan, onun yerləşdiyi coğrafi məkan barədə yapon oxuculara ətraflı məlumat verir.  Azərbaycanın paytaxtı, "küləklər şəhəri" mənasını verən Bakı haqqında danışan müəllif onun özünəməxsusluğunu vurğulayır.

Məqalə müəllifi qədim Azərbaycan torpağı olan Naxçıvana səfəri, buradakı möcüzəvi müalicə qabiliyyətinə malik "Duzdağ" fizioterapevtik mərkəzi haqqında ətraflı məlumat verir. İxtisasca həkim olduğuna görə yuxarı tənəffüs yollarının, xüsusən astma xəstəliyinin müalicəsinin çətinliyindən yazan İ.İtaru "Duzdağ" fizioterapevtik mərkəzində qarşılaşdığı təbii şəraitin bu xəstəliklərin müalicəsində görünməmiş səmərə verdiyini qeyd edir. Sal daş duzlardan ibarət mağarada yaradılmış şəraitdən məmnunluqla danışan müəllif hələ qədim dövrlərdən insanların bu yerin müalicəvi təsirini hiss etdiyini və yuxarı tənəffüs yollarının xəstəliklərinin müalicəsi üçün bura gəldiklərini bildirir. İ.İtaru yazır ki, mərkəzin yaxınlığında inşa edilmiş beşulduzlu mehmanxanada dünyanın müxtəlif ölkələrindən buraya üz tutanların rahat yaşaması üçün yüksək şərait yaradılmışdır.

Mərkəzdəki müalicənin şəxsən ona necə təsir etməsindən danışan müəllif yazır: "Vestibüldən mağaraya daxil olduqda xüsusi bir iy gəlirdi. Sonra ağzımın duzlu olmasını hiss etdim. Bundan əlavə, heyvan qoxusu da hiss edirdim. Tədricən bu spesifik iyə öyrəşdim. Mənə məlumat verdilər ki, yayda hər gün bütün otaqlar dolu olur.

Qış vaxtı gəldiyim üçün mağarada temperatur yuxarı olsa belə, üşüyürdüm. Müalicənin təsiri mağarada keçirdiyim ilk gecədən sonra özünü göstərdi. Duz ionları ilə zəngin olan hava nəfəs yollarıma güclü təsir edərək astmaya qarşı görünməmiş səmərə vermişdi. Mərkəzin həkimi bildirdi ki, mağarada yarım ildə iki həftə qalmaqla iki il ərzində uşaqların təxminən 90 faizə qədərini astmadan müalicə edə bilirlər.

Doğrudan da, yuxudan oyandığım zaman təkcə nəfəsim deyil, bütün bədənim canlanmışdı. Mağaranın içindəki qonaq otağında bitki mənşəli çay içdikdən sonra baş binaya qayıtdım".

"Duzdağ" fizioterapevtik mərkəzində müalicənin səmərəsindən məmnunluqla danışan müəllif yapon oxuculara Azərbaycan mətbəxi haqqında da ətraflı məlumat verir. Yeməklərimizi Türkiyə mətbəxi ilə müqayisə edən müəllif bildirir ki, bu iki mətbəx arasında oxşarlıq olsa da, Azərbaycan yeməkləri və şərabı həm ucuz, həm də dadlıdır.

Məqalənin sonunda müəllif Azərbaycanın bütün regionlarında olduğu kimi, Naxçıvanda da geniş quruculuq işlərinin aparıldığını diqqətə çatdıraraq bildirir ki, bura gələnlərin rahat mehmanxanada qalaraq yaxşı müalicə ala bilməsi üçün hər cür şərait vardır.

 

 

Vüqar Ağayev

 

Azərbaycan.- 2012.- 11 avqust.- S. 4.