Gənclər cəmiyyətin inkişaf prosesinin avanqardıdır

 

"Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bugünüdür, həm sabahıdır, həm də ümididir".

 

Heydər ƏLİYEV

 

 

 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. O vaxt BMT-nin Baş katibi Pan Gi Mun Beynəlxalq Gənclər Günü münasibətilə dünya gənclərinə müraciət edərkən onları birliyə, bərabərliyə, sülhə, tolerantlığa çağırmışdı. Problemlərə də toxunan Baş katib tarixi müraciətində təəssüflə bildirmişdi ki, dünyanın əmək qabiliyyətli əhalisinin 25 faizini təşkil edən gənclərin 40 faizi işsizlikdən əziyyət çəkir: "Qlobal iqtisadi tənəzzül nəticəsində yaxın gələcəkdə işsizliyin daha da artacağı gözlənilir".

Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki o, ikinci dəfə hakimiyyətə dönüşündən sonra gənclərlə bağlı məsələləri gündəmə gətirdi, ağıllı, intellektual, vətənpərvər gənc nəslin yetişdirilməsini dövlət siyasətinin əsas tərkib hissəsi hesab etdi. Müəyyənləşdirdiyi strategiyada Azərbaycan gəncinin inkişafı, fəaliyyəti dövlətin ən fəal siyasi istiqamətlərindən birinə çevrildi. Sovet quruluşundan qalma stereotiplər dağıdıldı, iş və mühüm vəzifə üçün cavanların yaşlaşmasını gözləməyə son qoyuldu. Heydər Əliyev bəyan etdi ki, gənclərin sağlam ruhda tərbiyə alması, əsl vətəndaş kimi yetişməsi naminə əlindən gələni əsirgəməyəcək. Bununla da gəncliyin inkişafına dəstəyin təməli qoyuldu. Bu məqsədlə ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu öndər Heydər Əliyevin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumunun keçirilməsi  ilə bağlı təşəbbüsündən sonra hər il Azərbaycan gənclərinin forumları keçirildi, 1997-ci ildə isə dövlət gənclər siyasəti ilə bağlı ilk qanun qəbul edilmişdi.

Tarixin bütün dönəmlərində böyük şəxsiyyətlər məhz gəncliyə xitab edib, mənsub olduğu millətin və dövlətin gələcəyini onlara tapşırıb. 1995-ci il fevralın 2-də keçirilən forumda çıxış edən ulu öndər də gənclərə xitab etmişdi: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, idarə etmək üçün hazır olun!" demişdi. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, özünüifadə üçün onlara imkan yaradırdı. Gənclər də onlara verilən bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirdilər. Sürətli inkişafına görə  son illər dünyanın aparıcı dövlətləri ilə rəqabət aparan Azərbaycanda elə bir sahə yoxdur ki, orada əsas rol gənclərə aid olmasın.        

Dövlətimizin əldə etdiyi uğurların bir təminatı da insan kapitalı, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin qüvvədir.  

Böyük uzaqgörənliklə formalaşdırılan gənclər siyasəti bu gün yeni mərhələdə sürətlə inkişaf edir. Prezident İlham Əliyev gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial problemlərinin həllini təmin etmək məqsədi ilə müvafiq dövlət proqramları təsdiq etmiş, dövlət quruculuğunda gənclərin fəal iştirakına şərait yaratmışdır. Hazırda ölkəmizdə 200-dək gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan Gənclər Təşkilatı Milli Şurasının üzvləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunur. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün çalışırlar. Dünyanın hər guşəsində, beynəlxalq tədbirlərdə elm, mədəniyyət, incəsənət, idman və digər sahələrdə uğurlar qazanır, Azərbaycanın adını zirvələrə qaldırırlar.

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Aparılan ardıcıl siyasət nəticəsində Azərbaycan dünyanın aparıcı idman ölkələrindən birinə çevrilib. Əksər bölgələrdə olimpiya idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında uğurlu çıxışları buna sübutdur. Gənclərin məşğulluğunun təmin olunması üçün mühüm addımlar atılır. Görülən və görüləcək işlər gənclərin milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin inkişafında mühüm rol oynayır. 

Ölkədə gənclər siyasətinin uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğı göstərmək nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu zəmində səfərbər olmasına yönəlmişdir. Fondun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində məqsədyönlü tədbirləri ilk növbədə vətənpərvərlikdən irəli gəlir.

Gənclik böyük qüvvədir. Bu gün dünya gəncləri ilə bir sırada uğurla addımlayan Azərbaycan gəncliyi öz fəaliyyəti ilə sübut etmişdir ki, onlar ölkəmizin dəyərli vətəndaşları olmaqla yanaşı, həm də millətimizi və dövlətimizi uğurla gələcəyə daşıyan böyük qüvvədir. Azərbaycan gəncləri həm də beynəlxalq gənclər hərəkatının tərkib hissəsidir. Onların xarici ölkələrdə təşkilatlanması da uğurla davam etdirilir. Azərbaycan gəncliyi bu gün həm Avropa Gənclər Forumu, Dünya Türk Gənclər Birliyi, İslam Konfransı Gənclər Forumu, Avropa Tələbələr Forumu, GUAM Ölkələri Gənclər Forumu, Tələbələrin İqtisadiyyatMenecment üzrə Beynəlxalq Assosiasiyası, ümumilikdə Avropanın və dünyanın 30-dan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur. Diasporlobbi quruculuğunda da dünyadakı gənclərimizin zəhməti əvəzsizdir. Bütün bunlar Azərbaycan gənclərini sabaha ümidlə baxmağa imkan verir. Cəmiyyətin aparıcı qüvvəsi olan gənclik bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdıra bilər.  Həm də heç bir gənc unutmamalıdır ki, gənclik  əbədi deyil, keçəridir. Odur ki, gənclər bu dövrün hər anından səmərəli istifadə etməlidirlər.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 12 avqust.- S. 2.