Dünya Bankının nümayəndələri Şəkidə olmuşlar

 

 Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyəti Şəki şəhərində olmuşdur.

Şəhər icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, qonaqlar əvvəlcə bankın maliyyə vəsaiti ilə inşa olunan mərkəzi xəstəxananın 100 çarpayılıq yeni binası ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, Dünya Bankı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn bu səhiyyə ocağı ötən ilin noyabrında istifadəyə verilmişdir. Altı korpusdan ibarət yeni xəstəxanada təcili tibbi yardım, reanimasiya, cərrahiyə, onkoloji xəstəliklər, göz xəstəlikləri, diaqnostika, laboratoriya, dializ, poliklinika və digər şöbələr fəaliyyət göstərir.

Qonaqlara, həmçinin Şəkidə aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri, sənaye və kənd təsərrüfatı sahəsində əldə olunan uğurlar barədə məlumat verilmişdir. Dünya Bankı ilə bu sahədə də əməkdaşlığın faydalı olacağı bildirilmişdir.

Henri Kerali səfərin Dünya Bankı tərəfindən ayrılan vəsaitin təyinatı üzrə xərclənməsi barədə hesabat hazırlamaq məqsədi daşıdığını diqqətə çatdırmışdır. Qonaq Dünya Bankının Azərbaycanda səhiyyə ilə yanaşı, yol infrastrukturu, su təchizatı və digər sahələrə də vəsait ayırdığını qeyd etmiş, bu əməkdaşlığın gələcəkdə dərinləşəcəyinə əminliyini bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 12 avqust.- S. 2.