Azərbaycanın
sığorta-pensiya sistemindəki uğurlu
təcrübəsi dünyada təkmil model kimi qəbul olunur
Sosialyönümlü siyasət müasir
dövrdə dünyanın əksər ölkələrində
cəmiyyətin sosial-iqtisadi yüksəlişinə
hesablanmış dövlət siyasətinin prioritet
istiqamətlərindən birinə çevrilmişdir.
Əhalinin etibarlı sosial müdafiəsi,
vətəndaşlar üçün daha firavan
yaşayış səviyyəsinin təmini xalqa
xidməti qarşıya məqsəd qoyan
hər bir hakimiyyətin iqtisadi
siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu
siyasətin başlıca məqsədi əhalinin sosial müdafiəsinin layiqincə təminatına
normal şəraitin
yaradılmasıdır.
İnkişaf etmiş Qərb
dövlətlərinin də təcrübəsi göstərir
ki, bazar
iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətlərinə baxmayaraq, əhalinin sosial
müdafiəsi institutunun
yaradılmasını da zəruri məsələ
kimi önə çəkir. Bu mənada, bazar
iqtisadiyyatı şəraitində əhalinin sosial
müdafiəsinin diqqətdə saxlanılması iqtisadi inkişaf modelindən
asılı olmayaraq, hər bir dövlət üçün
xüsusi aktuallığa malikdir.
Sosialyönümlü bazar
iqtisadiyyatı bir tərəfdən iqtisadi azadlığın, digər tərəfdən
sosial dövlət ideyası ilə əlaqədar
sosial müdafiə və sosial
ədalət ideyalarının vəhdətinə əsaslanır.
Ötən il dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümünü təntənə
ilə qeyd etmiş Azərbaycan
Respublikasının beynəlxalq səviyyədə böyük maraqla
qarşılanan milli inkişaf
modeli də məhz sosialyönümlülük
prinsipinə nəzərən formalaşmışdır. Konstitusion təminatı olan,
insan amilinin yüksəlişinə
- vətəndaşların maddi, intellektual və mənəvi tələbatlarının
dolğun şəkildə ödənilməsinə,
cəmiyyətdə sosial ədalət
meyarının bərqərar olmasına xidmət edən bu inkişaf modelinin uğurları ilk
növbədə şəffaflığa və
hesabatlılığa əsaslanır. Qeyd
edək ki, məhz 1992-ci il
sentyabr ayının 30-da Dövlət Sosial Müdafiə Fondunun
yaradılması ilə dövlətin sosial
sahədə, sığorta-pensiya sistemində fəaliyyətinə
rəsmən başlanılmışdır.
Təkamülə əsaslanan islahatlar
Dövlət
müstəqilliyinin bərpasından sonra
sərbəst bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda
keçid dövrü
cəmiyyətin müxtəlif sahələrində özünü göstərən çeşidli problemlərlə müşayiət
olunmuş, xüsusilə də sosial müdafiə sisteminin
konservativ məzmunu, qanunverici-institusional
əsasları yeni şəraitlə
ziddiyyət təşkil etmişdir. Bu vəziyyətdə Azərbaycanın
hansı inkişaf modelinə üstünlük verəcəyi ilə
bağlı fərqli fikirlər irəli sürülsə də,
ümummilli lider Heydər
Əliyev bazar münasibətləri əsasında
formalaşan sosialyönümlü
milli iqtisadiyyatın qurulmasını əsas
strategiya kimi müəyyənləşdirmiş,
xalqın sosial rifahının yüksəldilməsini
fəaliyyətinin başlıca məqsədi kimi
elan etmişdir. Məhz
sosial dövlət prinsipinin
rəhbər tutulması səbəbindən ölkə əhalisinin
aztəminatlı təbəqəsi keçmiş
sovet sisteminin iqtisadi məzmununa daha çox bağlı olan,
qısa vaxt ərzində dəyişdirilməsi
çətinliklər törədən mühafizəkar sosial müdafiə sisteminin
bazar iqtisadiyyatı ilə ciddi
uyğunsuzluğunun təsirini kəskin hiss etməmişdir. Lakin bu da etiraf
olunmalıdır ki, 1992-2001-ci illərdə
mövcud olmuş qanunvericilik bazasının sovet
pensiya sisteminin prinsiplərinə
əsaslanması - pensiya məbləğinin
üzərinə çoxlu sayda müavinət və əlavələrin
hesablanması, müxtəlif dövrlər üçün
fərqli hesablama qaydasının tətbiqi
və digər subyektiv amillər müəyyən
problemlər doğururdu. Vətəndaşların
pensiya məbləğlərinin
sığorta ödəmələrinə görə deyil, hansı güzəştli kateqoriyaya aid olmasına
görə fərqləndirilməsi, ilk
növbədə, sosial ədalət prinsipinin pozulmasına səbəb olurdu.
Sosial müdafiə tədbirlərini daim diqqətdə saxlayan ulu öndər Heydər Əliyev aztəminatlı
əhalinin sosial müdafiəsinin gücləndirilməsi
məqsədilə 1996-2003-cü illərdə 8 fərman və
sərəncam imzalamış, eyni zamanda bu məsələlərlə
bağlı Nazirlər Kabineti iki mühüm qərar qəbul
etmişdir. Nəticədə
1995-2003-cü illərdə ölkədə əməkhaqlarının
artımı hesabına pensiya və
müavinətlərin orta aylıq məbləği
8 dəfə artmışdır.
1999-cu ilin sonunda sosial
siyasətin həyata keçirilməsində mərkəzi
dövlət strukturu olan
Dövlət Sosial Müdafiə Fondunun həyatında növbəti əlamətdar
hadisə baş vermişdir.
1999-cu il 27 oktyabr tarixli Azərbaycan Respublikasının qanunu ilə Dövlət Sosial
Müdafiə Fondunun 2000-ci il büdcəsi ilk dəfə
olaraq müstəqil qanun
şəklində təsdiq olunmuşdur ki, bu da
respublikamızda sosial sahədə
aparılan islahatların artıq uğurlu
nəticələr verdiyini əyani
göstərirdi. 2000-2001-ci illər isə məcburi dövlət
sosial sığorta haqlarının
toplanması sahəsində müəyyən irəliləyişlərin
əldə edildiyi bir
dövr olmuşdur.
Mükəmməl inkişaf
konsepsiyası
Ümummilli lider Heydər Əliyevin 17 iyul
2001-ci il tarixli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında Pensiya İslahatı
(2001-2005-ci illər) Konsepsiyası" isə respublikada
əhalinin etibarlı sosial müdafiəsi
sisteminin fundamental qanunverici-institusional bazasına çevrilmişdir.
Bu konsepsiyanın qəbulu ilə dövlətin
sosialyönümlü siyasətinin
yüksək səmərəliliyi və
ünvanlılığı təmin edilmiş,
sığorta-pensiya sistemi və dövlət
sosial yardımlarının
ayrı-ayrılıqda - beynəlxalq standartlar
əsasında fəaliyyət göstərmələri vacib sayılmışdır. Başqa
sözlə, konsepsiya sığorta-pensiya
və sosial yardım sistemlərinin
bir-birindən ayrılması, sığorta münasibətlərinə
əsaslanan pensiya sisteminin
qurulması məsələlərini özündə ehtiva etmişdir.
Aparılan islahatların baş hədəfi
sosial sığorta haqlarının fərdi
uçotuna əsaslanan
avtomatlaşdırılmış sığorta-pensiya sisteminin yaradılması olmuşdur.
Fərdi uçot sisteminin
tətbiqində başlıca məqsəd həm də
ödənilən məcburi dövlət sosial
sığorta haqqı ilə pensiya məbləği
arasında birbaşa
qarşılıqlı əlaqənin təmin edilməsi idi.
"Dövlət
sosial sığorta sistemində fərdi uçot haqqında" 2001-ci il
27 noyabr tarixli Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
ilə ölkədə məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun əsası qoyulmuşdur.
Bununla məcburi dövlət sosial sığorta sahəsində idarəetməni
həyata keçirən Dövlət Sosial
Müdafiə Fondunun funksiyalarında mühüm dəyişiklik edilmiş,
ona fərdi uçotu
həyata keçirmək səlahiyyəti verilmişdir.
Sonrakı mərhələdə pensiyaların təyini və
maliyyələşdirilməsi funksiyalarının məcburi
dövlət sosial sığorta sahəsində
idarəetməni həyata keçirən orqan
tərəfindən icrasının təmini məqsədilə
vahid sığorta-pensiya qurumu
yaradılmışdır.
Mütərəqqi islahatların
keyfiyyətcə yeni mərhələsi
2003-cü ilin oktyabr ayından xalqın siyasi
iradəsi ilə Azərbaycan Prezidenti səlahiyyətlərinin
icrasına başlayan cənab İlham Əliyev pensiya
sistemində islahatların davam etdirilməsini
diqqət mərkəzində saxlamışdır. Ölkə
başçısının bilavasitə rəhbərliyi
altında "Azərbaycan Respublikasında Pensiya
İslahatı Konsepsiyası"nın
reallaşdırılması, daha dəqiqi,
dünyada analoqu olmayan sığorta-pensiya sisteminin
formalaşdırılması tədbirlərinə
başlanılmışdır. 2003-2005-ci illərdə prosesə
müəyyən hazırlıq işləri
aparılmış, pilot layihələri
həyata keçirilmiş, nəhayət,
2006-cı il yanvarın 1-dən
sığorta-pensiya sistemi ilə dövlət
sosial yardım sistemlərinin bir-birindən
ayrılmaları və beynəlxalq standartlar
əsasında fəaliyyət göstərmələri təmin
edilmişdir. Həyata keçirilən islahatlarla ilk növbədə
Azərbaycanda mövcud olan
və keçmiş sovet
dönəmindən qalmış pensiya sisteminin bazar
iqtisadiyyatı ilə ciddi uyğunsuzluğu
aradan qaldırılmışdır. Beləliklə,
ölkədə sosial sığorta
münasibətlərinə əsaslanan əmək
pensiyaları sisteminin tətbiq olunması
ilə pensiyaçıların sosial
müdafiəsinin dövlət tənzimləməsi və bazar münasibətləri əsasında təminatının
müasir forması təşəkkül
tapmışdır. Eyni zamanda,
əmək qabiliyyətini itirmiş, lakin əmək pensiyası hüququ
olmayan şəxslərin sosial
müdafiəsi üçün dövlət
sosial müavinətlərinin, gəlirləri
aşağı olan ailələrin sosial müdafiəsi üçün
ünvanlı dövlət sosial
yardımı sisteminin uğurla
tətbiqinə başlanılmışdır. Bu proses, digər keçid dövrü
ölkələrində olduğu kimi, "şok
terapiyası" yolu ilə deyil, əvvəlki sistemlə əhatə olunmuş insanların davamlı sosial müdafiə tədbirləri vasitəsilə
yeni şəraitə mərhələlərlə
tam inteqrasiyası yolu
ilə reallaşdırılmışdır.
2006-cı il yanvar ayının 1-dən
qüvvəyə minmiş "Əmək
pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, baza,
sığorta və yığım hissələrindən
ibarət yeni - üçpilləli pensiya sistemi fəaliyyətə
başlamışdır. Sözügedən qanuna
əsasən, əmək pensiyalarının baza
hissəsi birinci pillə kimi
əmək pensiyaçılarının sosial
müdafiəsinin dövlət təminatıdır. Və bu hissə dövlət tərəfindən
mütləq rəqəmlə təyin olunur.
Sığorta hissəsi fərdi hesabda
şərti olaraq uçota
alınan, real pul
kütləsi olmayan pensiya
kapitalına əsasən hesablanır. Yığım hissəsi
isə fərdi hesabda real
olaraq toplanan pensiya kapitalına görə təyin edilir.
Bu mütərəqqi islahat
nəticəsində əmək pensiyalarının baza və sığorta hissələrinin təyini
və artırılması mexanizmlərinin təkmilləşdirilməsi
dövlətin vətəndaşların sosial
müdafiəsinə necə böyük
dəyər verdiyinin əyani göstəricisidir.
Fərdi uçota əsaslanan həmrəylik
prinsipləri ilə yanaşı, yığım komponentinin də önəmli rolunu
nəzərdə tutan üçpilləli
pensiya sistemi müasir, çevik və
şəffaf idarəetməyə imkan yaratmaqla yanaşı, dövlətin sosial müdafiəedici rolunun
güclənməsini də təmin etmişdir.
Bu modelin ədalətliliyi,
səmərəliliyi və şəffaflığı, ilk növbədə, pensiyaların məbləğinin
hər kəsin sistemə verdiyi paya - ödənişə adekvat
şəkildə müəyyənləşdirilməsi ilə
ölçülür. Fərdi uçotun tətbiqi nəticəsində məcburi
dövlət sosial sığorta
haqlarının toplanmasının
avtomatlaşdırılmasına nail olunmuşdur. Bu o deməkdir ki, hər bir işləyən şəxs öz gələcək pensiya
təminatı naminə sosial
sığorta haqlarının tam və
vaxtında ödənilməsində maraqlı olur, beləliklə, inzibati
nəzarət daha səmərəli ictimai nəzarətlə əvəzlənir. Bundan başqa, islahatlar nəticəsində işləyən
pensiyaçılara yaşa görə əmək
pensiyasının 50 faiz həcmində
ödənilməsi kimi mənfi praktika da ləğv olunmuş, onlar öz pensiyalarını tam
məbləğdə almağa
başlamışlar.
Sosial ədalət başlıca meyardır
Yeni sığorta-pensiya sistemində
pensiyaların artırılması mexanizminin
bazar iqtisadiyyatının tələblərinə
uyğun olaraq dəyişdirilməsi
mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli
bölgüsünə imkan vermişdir. Belə ki, əvvəlki
sistemdə pensiyalara artımların
müxtəlif dövrlərə uyğun
fərqli indeksləşdirmə metodları əsasında və
müxtəlif vaxtlarda aparılması həmin
tədbirdən kənarda qalan bu və ya digər
pensiyaçılar kateqoriyasının haqlı
narazılığı ilə nəticələnirdi.
2006-cı ilin 1 yanvarından tətbiq edilən
sığorta-pensiya sistemi əmək
pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi
nəzərə alınmaqla bütün
pensiyaçılar üzrə bərabər məbləğdə
artırılması, sığorta hissəsinin isə indeksləşdirilməsini
nəzərdə tutur. Bu
da bazar iqtisadiyyatı
mühitində vətəndaşların pensiya
təminatı hüququnun etibarlı
müdafiəsini ifadə edir. Beləliklə,
ölkədə ilk dəfə olaraq istehlak qiymətləri
indeksinin illik səviyyəsinə,
yəni inflyasiyaya uyğun
indeksləşdirmə aparılmağa
başlanmışdır. 2006-2011-ci illərə Azərbaycan
Respublikası Prezidenti tərəfindən
yaşa görə əmək
pensiyasının baza hissəsinin
artırılması ilə bağlı 7, sığorta hissəsinin
artırılması ilə bağlı 6 sərəncam verilmişdir. Nəticədə yeni sistem fəaliyyətə
başladığı dövrdən hazıradək əmək
pensiyalarının minimum məbləği
3,4 dəfə, orta aylıq məbləği
isə 4 dəfə artmışdır.
Prezident İlham Əliyevin
2011-ci il 15 fevral tarixli "Əmək pensiyalarının
sığorta hissəsinin indeksləşdirilməsi
haqqında" Sərəncamı əsasında Azərbaycanda
ilk dəfə olaraq istehlak qiymətləri indeksinin
illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmənin
aparılması təmin edilmişdir.
Artımlar pensiyaların sığorta hissəsinin məğləbi
əsasında hesablanmaqla 617 min 347 nəfər pensiyaçıya şamil olunmuşdur.
Xatırlatmaq
yerinə düşər ki, Prezident İlham Əliyev
hökumətin 2011-ci ilin birinci
rübündə sosial-iqtisadi
inkişafın yekunları ilə bağlı keçirilən
iclasında 2006-cı ilədək pensiyaya
çıxmış vətəndaşların
pensiyalarının yenidən hesablanması ilə
bağlı göstəriş vermiş,
beləliklə, sosial bərabərsizliyin
aradan qaldırılması istiqamətində
mühüm addım atmışdır.
Dövlət başçısının verdiyi
tapşırığın icrası ilə əlaqədar Milli Məclis vətəndaşların pensiya ilə təminatını nəzərdə
tutan mövcud qanunlara müəyyən əlavə və dəyişikliklər
etmişdir. Nəticədə 2011-ci ilin 1 iyul tarixindən həmin
pensiyaçıların pensiyası 40 faiz
artmışdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin
son iclasında bunu Azərbaycan
hökumətinin iqtisadi siyasətinin sosialyönümlü olması ilə izah etmişdir: "Bu, bir daha
onu göstərir ki,
Azərbaycan iqtidarının siyasəti sosialyönümlüdür.
Bizim siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı dayanır. Bütün
iqtisadi uğurlar bizə
imkan verir ki, sosial sahədə daha da ciddi
addımlar ataq. Mən əminəm ki, pensiyaçıların sosial
təminatının yaxşılaşdırılması nəticəsində
bir milyona qədər
Azərbaycan vətəndaşı maddi vəziyyətini
böyük dərəcədə yaxşılaşdıracaqdır".
Həyata
keçirilən bu islahat
nəticəsində 2011-ci il iyulun 1-nə qədər indeksləşmədən
kənarda qalan, 85 manat
pensiya almış 482 min
nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artmış,
onların pensiyasının sığorta hissəsi yaradılmışdır.
Hazırda pensiyaçıların 92,2 faizinin
pensiyalarının sığorta hissəsi mövcuddur.
Bu, 2011-ci il və ondan sonrakı illərin inflyasiya
göstəricilərinə uyğun olaraq pensiyaların sığorta hissəsinin
artımının həmin pensiyaçılara da şamil edilməsinə
imkan yaradır.
Qeyri-dövlət pensiya
institutları formalaşdırılır
Hazırkı mərhələdə
sığorta-pensiya sisteminin öz-özünü tənzimləyən və
müstəqil gələcək inkişafına nail olunması, bu kontekstdə
əsas məqsəd və vəzifələrin, həyata
keçiriləcək tədbirlərin müəyyənləşdirilməsi
mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr
2008-ci il tarixli Sərəncamla
təsdiq etdiyi "2009-2015-ci illərdə
Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair
Dövlət Proqramı" qeyd olunan vəzifələrin kompleks
həllinə yönəlmişdir və ölkədə
sığorta-pensiya sistemində həyata keçirilən
islahatların növbəti mərhələsini müəyyənləşdirir.
Proqramla müəyyən edilmiş
tədbirlərin həyata keçirilməsində
sığorta-pensiya sisteminin maliyyə
dayanıqlığına nail olunması,
sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi,
bu zəmində vətəndaşların
pensiya təminatının daha da təkmilləşdirilməsi
xüsusi diqqət mərkəzində
saxlanılmaqdadır.
Proqrama əsasən, sığorta-pensiya sisteminin 2020-ci və 2040-cı illər üçün perspektiv
inkişafı istiqamətlərinin müəyyənləşdirilməsi
məqsədilə aktual tədqiqatların
aparılması; həmin tədqiqatların nəticələrinə
uyğun olaraq maliyyə
dayanıqlığının təmin edilməsi üçün tədbirlərin işlənilməsi;
pensiya təyinatının
avtomatlaşdırılması və elektron
xidmətlərin təşkili nəzərdə tutulur. Bu məqsədlə
pensiya təminatının vahid sadələşdirilmiş qaydaya gətirilməsi və DSMF sistemində korporativ şəbəkənin qurulması təmin
edilmişdir. Bununla
yanaşı, elektron xidmətlərin təşkili
məqsədilə DSMF-nin rəsmi internet səhifəsində interaktiv
və informativ xidmətlərdən ibarət
elektron xidmətlər bölməsi
yaradılmış, insanların bu
bölmədən maneəsiz, sərbəst istifadəsi təmin
edilmiş və fondun
bu sahədəki fəaliyyəti
keçirilən monitorinq və müsabiqələrin
nəticələri üzrə xüsusi
qiymətləndirilmişdir.
Konsepsiya çərçivəsində, həmçinin
sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi nəzərdə tutulur. Aktual tədqiqatların
nəticələri göstərir ki,
ölkəmizdə sığorta-pensiya sisteminin
maliyyə dayanıqlığının təmin olunması üçün yığım komponentinin tətbiqi ilə məşğul əhalinin
sosial sığorta sistemində daha fəal iştiraka cəlb
olunması və bu prosesin
dövlətin əlavə maliyyə resursları ilə dəstəklənməsi
sahəsində imkanlar mövcuddur.
Hazırda yğım komponentinin tətbiqi
məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi
və müvafiq təhlillərin
aparılması işi davam
etdirilir. Bundan əlavə,
təkmil qanunvericiliyin hazırlanması məqsədilə
Avropa Tərəfdaşlıq və Əməkdaşlıq
Aləti çərçivəsində tvinninq
layihəsi üzrə tədbirlər həyata keçirilir.
Konsepsiya, həmçinin qeyri-dövlət
pensiya institutlarının
inkişafını nəzərdə tutur.
Bunun üçün
vətəndaşlara əlavə pensiya təminatını
nəzərdə tutan qeyri-dövlət pensiya fondlarının yaradılmasını
və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının hazırlanması
üzrə işlər davam etdirilir. Eyni zamanda sahəvi peşə pensiya
fondlarının yaradılması və inkişafı, DSMF tərəfindən
könüllü əlavə
sığortalanmaya keçid vasitəsilə
vətəndaşların pensiya təminatının
daha da
yaxşılaşdırılması nəzərdə tutulur.
Qeyd olunan tədbirlərin
həyata keçirilməsi dövlət proqramı ilə
müəyyən olunmuş vəzifələrin
icrası baxımından mühüm əhəmiyyət
daşımaqla yanaşı, ölkəmizin
sığorta-pensiya sisteminin uzunmüddətli
dövrdə perspektiv inkişafı
strategiyasının hərtərəfli təyin olunmasına
xidmət edir.
Mütərəqqi pensiya
sistemi modeli
Azərbaycanın
sığorta-pensiya modeli nüfuzlu
beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən
yüksək qiymətləndirilir, keçid
dövrü ölkələri üçün örnək kimi
tövsiyə olunur. Artıq
sığorta-pensiya sistemlərini yenidən qurmaq
niyyətində olan bir
sıra dövlətlərin - Əfqanıstan, Türkmənistan,
Monqolustanın və s. müvafiq
qurumları Azərbaycan təcrübəsindən yararlanmaq üçün
Dövlət Sosial Müdafiə Fonduna müraciətlər edirlər. Bunun nəticəsi kimi
2007-ci ildə ölkəmiz inkişaf etmiş Avropa ölkələri
ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin Rəhbər
Komitəsinin üzvü seçilmiş,
Dünya Bankı 2007-ci ilin
iyun ayında Azərbaycanın
sığorta-pensiya sistemində aparılan islahatları və
qurulan modeli müsbət
təcrübə kimi dəyərləndirmişdir.
2009-cu ildə Dünya Bankı
missiyasının rəsmi məlumatında Azərbaycanın
sığorta-pensiya sisteminin beynəlxalq model olaraq
çıxış etdiyi və fondun beynəlxalq sosial təminat
aləmində nüfuzlu bir
quruma çevrildiyi əks
etdirilmişdir. Həmçinin 2010-cu ilin martında Polşa
Respublikasının Varşava şəhərində
keçirilən Avropa Sosial
Təminat Forumunda Azərbaycan
Respublikasının Dövlət Sosial
Müdafiə Fondu "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin
"İnformasiya-kommunikasiya texnologiyalarının
tətbiqi ilə effektiv idarəetmə"
nominasiyası üzrə Avropa qalibi elan edilmişdir.
2010-cu ilin dekabr
ayında BMT İnkişaf
Proqramının Avropa və MDB üzrə
Regional bürosu Azərbaycan
Respublikasında sığorta-pensiya sisteminin
islahatları üzrə layihənin, həmin büronun
xəttilə gerçəkləşdirilən layihələr
arasında birinci yerə layiq
görüldüyünü
açıqlamışdır.
Bununla yanaşı, 29 noyabr
- 4 dekabr 2010-cu il
tarixlərində Cənubi Afrika
Respublikasının Keyptaun şəhərində
Beynəlxalq Sosial Təminat
Assosiasiyasının təşkilatçılığı
ilə keçirilən Dünya Sosial Təminat Forumunda
Beynəlxalq Sosial Təminat
Assosiasiyasının MDB və türkdilli
ölkələr üzrə regional koordinasiya mərkəzinin Bakıda
yaradılması qərara alınmışdır. 2011-ci ilin 28 iyun tarixində
Bakı şəhərində Beynəlxalq Sosial
Təminat Assosiasiyasının Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin
açılması Prezident İlham Əliyevin həyata keçirdiyi
sürətli sosial-iqtisadi islahatlarla
əldə olunmuş nailiyyətlərin
və yüksək beynəlxalq nüfuzun
əyani göstəricisidir. 2012-ci ilin
yanvarında isə DSMF 2011-ci ilin nəticələri
üzrə BMT İP-in illik
dərgisində "Yaxşı və səmərəli idarəetmə"
nominasiyasının qalibi elan
edilmişdir.
Elektron
xidmətlər genişləndirilir
DSMF bütün dövrlərdə fəaliyyətini
çevik mexanizm və
innovasiyalar, habelə müasir
informasiya texnologiyaları əsasında
dövlət qurumu kimi
tanınmışdır. Bu fəaliyyətin
ana fəlsəfəsi vətəndaşlarla
birbaşa təmasa girmədən onlara elektron xidmətlərin
göstərilməsini təmin etməkdir. Hələ 2011-ci ilin martından "SMS İnfo
xidməti"nə start verilməsi əsasən
ahıl insanlar olan
pensiyaçıların rahatlığının təminatına
yönəlmişdir. Pensiyaçıların hesabına pul köçürülən kimi onların özünün
və yaxud yaxınlarının mobil telefonuna bununla bağlı xəbərdarlıq
mesajı göndərilir. Bu mütərəqqi
yenilik DSMF-də qeydiyyatda
olanların əmək pensiyalarını almaq
üçün dəfələrlə bankomatlara üz
tutmalarının qarşısını alır. Tətbiq olunan digər mühüm
yeniliklərdən biri də pensiyaya çıxanlar üçün
internet vasitəsilə müraciət etmək
imkanının yaradılmasıdır. Pensiya
yaşına çatan və 12 illik sosial sığorta
stajı olan vətəndaşlar DSMF-nin elektron
ünvanına daxil olub
pensiyaya çıxmaqla bağlı
müraciət edə bilirlər. Bu zaman vətəndaş heç
bir əlavə sənəd təqdim etmədən
sadəcə yaşadığı yeri və
rayonu göstərir. Bundan
başqa, "Call center" - "Mərkəzləşdirilmiş
Çağrı Sistemi" vətəndaşların
məcburi dövlət sosial
sığortası, fərdi uçotun təşkili,
pensiya məsələlərinə aid suallarının operativ
cavablandırılmasına imkan
yaradır.
2012-ci ilin birinci yarısında pensiya və müavinət təyinatının
avtomatlaşdırılması istiqamətində tədbirlər
daha da intensivləşdirilmiş,
bu tədbirlərin mühüm
həlqələrindən biri kimi əhaliyə göstərilən elektron xidmətlərin sayı əhəmiyyətli
dərəcədə artırılmışdır.
Hazırda fond tərəfindən əhaliyə
20-yə yaxın interaktiv və informativ elektron xidmətlər
təqdim olunur. Azərbaycan Respublikası
Prezidentinin "Dövlət
orqanlarının elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər
haqqında" 23 may 2011-ci il tarixli Fərmanının
icrası ilə əlaqədar olaraq elektron xidmətlərin təşkili məqsədi
ilə DSMF-nin rəsmi internet
səhifəsində yaradılan elektron
xidmətlər bölməsində aidiyyəti üzrə
göstərilən xidmətlərin adı, bu
xidmətlərin göstərilməsi üçün
tələb olunan sənədlərin dəqiq
siyahısı, müvafiq sənədlərin
(ərizə, blank və digər) elektron forması yerləşdirilmiş, şəxslərin
bu bölmədən maneəsiz, sərbəst
istifadəsi təmin edilmişdir. Beləliklə
də DSMF-nin pensiyaçılar və
sığortaolunanlar üçün nəzərdə
tutduğu əsas xidmətlər
elektronlaşdırılmışdır. Fond
tərəfindən elektron sənəd
mübadiləsinin daha da
təkmilləşdirilməsi, informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin
səmərəliliyinin artırılması istiqamətində
tədbirlərin davam etdirilməsi nəzərdə
tutulur. Hazırda pensiya
təyinatı üzrə əməliyyatların vahid mərkəzdən aparılmasını
həyata keçirəcək proqram təminatının
hazırlanması və tətbiqi ilə bağlı tədbirlər
görülür.
Ümumilikdə
DSMF ötən 20 illik fəaliyyəti ilə
Azərbaycanda sosialyönümlü iqtisadi inkişaf modelinin formalaşmasında yaxından iştirak etmiş, əhalinin
sosial rifah
halının davamlı şəkildə yüksəldilməsinə
çalışan dövlət qurumu imicini qazanmışdır. Ölkə rəhbərliyinin
siyasi iradəsi ilə fondun
apardığı islahatlar ümumən hər
bir vətəndaşın gələcəyinə
etibarlı təminat yaratmaq kimi humanist və insanpərvər
bir məqsədə xidmət edir.
Elçin CƏFƏROV
Azərbaycan.-
2012.- 12 avqust.- S. 3.