Qırğızıstan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

 

 ARDNŞ-nin prezidenti R.Abdullayev Bakıda səfərdə olan Qırğızıstanın sənaye və energetika naziri A.Şadiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə R.Abdullayev Azərbaycanın neft sektoru, həyata keçirilən regional əhəmiyyətli neft-qaz layihələri, habelə ARDNŞ-nin ölkə daxilində və xaricdə gerçəkləşdirdiyi iritutumlu sərmayə proqramları haqqında qonaqlara ətraflı məlumat verib.

Ölkəsində aparılan islahatlar haqqında danışan Qırğızıstanın sənaye və energetika naziri A.Şadiyev inkişafın Azərbaycan modelinin böyük maraq doğurduğunu qeyd edib. Qırğızıstanlı nazir enerji daşıyıcılarının istehsalı və ixracı sahəsində etibarlı tərəfdaş kimi tanınan Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

ARDNŞ-nin prezidenti Azərbaycanın əməkdaşlıq üçün açıq və əlverişli ölkə olduğunu, həyata keçirdiyi layihələrdə iqtisadi səmərəlilik prinsipinə böyük önəm verdiyini nəzərə çatdırıb.

 

 

Azərbaycan.- 2012.- 12 avqust.- S. 3.