Bürünc medallı boksçularımız

 

 Bu gün Yay Olimpiya Oyunlarına yekun vurulur. Vaxt daraldıqca Olimpiya yığmamızın aktivinə yazılan medalların sayı da artırdı. Londona 8 boksçu ilə yollanan Olimpiya yığmamızın iki üzvü Teymur Məmmədov (91 kq) və  Məhəmmədrəsul Məcidov (+91 kq) uğurla çıxış edərək ölkəmizə daha iki bürünc medal qazandırdılar.

Qeyd edək ki, Azərbaycan Olimpiadalar tarixində boksda sayca 6-cı medalını qazanmışdır. Ölkəmizin boks idman növündə əvvəlki medalları da bürünc əyarlı olmuşdur. Hələ 2000-ci ildə Sidney Olimpiadasında Vüqar Ələkbərov mükafatçılar sırasında yer almışdır. Dörd il sonra keçirilmiş Afina Olimpiadasında Ağası Məmmədov və  Fuad Aslanov  da bürünc medal qazanmışdılar.  Nəhayət, 2008-ci il Pekin Olimpiya Oyunlarında Şahin İmranov bürünc mükafatçı olmuşdur. İndisə eyni uğura Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov imza atdılar.

Azərbaycan boks məktəbinin yetişdirdiyi istedadlı idmançılardan biriTeymur Məmmədovdur.  Londonda ilk iki döyüşündə Tapu Opetaya Caya (Avstraliya) və Sergey Korneyevə (Belarus) qalib gələn təmsilçimiz,  dünya çempionatında olduğu kimi, Olimpiadada da ən azı yarımfinala vəsiqə qazanmaq arzusunda idi. Teymur yarımfinalda italiyalı Klemente Russo ilə döyüşdü. Qarşılaşma həmyerlimiz üçün çox yaxşı başlamışdı. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən Teymur ilk hissəni 3:2 hesabı ilə xeyrinə başa vurdu. İkinci hissə də həmyerlimizin üstünlüyü şəraitində keçdi. O hətta Russonu nokdauna da salmağı bacardı və bu dəfə fasiləyə iki xal irəlidə yollandı - 6:4.  Lakin bütün döyüşlərinin son raundunu zəif keçirən təmsilçimiz yenə də eyni cür vuruşdu. Bundan istifadə edən rəqib isə zərbələrin sayını artırdı və yekunda 15:13 hesabı ilə qalib gəldi.

Nəticədə Teymur  Olimpiadanı bürünc medalla başa vurdu. Bununla da boksçumuz Olimpiadanın ən gənc mükafatçılarından biri oldu.

Teymur Məmmədov 1993-cü ildə Bakıda anadan olmuşdur. Erkən yaşlarından boksa maraq göstərmişdir. Ailəsi onu idman məktəbinə yazdırmışdır. İllər ötdükcə Teymurun boksa marağı daha da artmış və ondakı böyük potensialı görən məşqçiləri gənc idmançının ölkədaxili yarışlara qatılmasına şərait yaratmışlar.

Bundan sonra uğurlu  nəticələr gəlməyə başlamışdır.  Teymur bir neçə beynəlxalq turnirin qalibi və mükafatçısı olmuşdur. Ötən il Avropa çempionu adını qazanmış, dünya çempionatında isə gümüş medalla kifayətlənmişdir. London Olimpiadasına lisenziyanı isə dünya çempionatının finalına yüksəlməklə əldə etmişdir.

Olimpiadada ölkəmizə bürünc medal qazandıran digər boksçu Məhəmmədrəsul Məcidovdur. +91 kq çəki dərəcəsində döyüşənlər arasında dünyanın ən güclü boksçularından biri olan təmsilçimiz yarışlar ərəfəsində çempionluğa əsas namizədlərdən sayılırdı.

Ən ağır çəkili boksçumuz finala gedən yolda italiyalı Roberto Kammarelli ilə qarşılaşdı. Londonda daha əvvəl Meji Muanbanı (Konqo) və Məhəmməd Ömərovu (Rusiya) mübarizədən kənarlaşdıran Məhəmmədrəsul üçüncü rəqibinə də yerini göstərməyə yaxın olsa da, sonda uduzdu.  Yarımfinalın ilk raundunu 2 xal irəlidə (6:4) başa vuran idmançımız sonradan üstünlüyü əldən verdi. Burada onun rəqibə fiziki cəhətdən uduzması da rol oynadı. Nəticədə ikinci raundda hesabı tarazlaşdıran Kammarelli son raundda 3:2 hesabı ilə qalib gəldi. Yekun hesabda 12:13 hesabı ilə məğlub olan Məhəmmədrəsul Olimpiadanı bürünc medalla başa vurdu.

26 yaşlı Məhəmmədrəsul boksa elə uşaq yaşlarından maraq göstərmişdir. Atası da idmanın boks və sərbəst güləş növləri ilə məşğul olmuş, bir neçə turnirlərin qalibi olmuşdur. Bütün bunlar Məhəmmədrəsulun gələcəkdə idmançı kimi formalaşmasına öz təsirini göstərmişdir. Hazırda dünyanın ən güclü boks klublarından sayılan "Baku Fires"in şərəfini qoruyanonun əsas aparıcı üzvlərindən olan Məhəmmədrəsul peşəkar idmançı karyerasına 19 yaşında başlamışdır. Boksçu bu müddət ərzində bir neçə turnirin qalibi olmuşdur. Ötən il Bakıda keçirilmiş dünya çempionatının qızıl medalını qazanmaqla London Olimpiadasına lisenziya əldə etmişdir.

İnanırıq ki, hər iki boksçumuzu  qabaqda yeni-yeni qələbələr  gözləyir. Ümid edirik ki, budəfəki Olimpiadanı bürünc mükafatla başa vuran idmançılarımızın növbəti Olimpiya oyunlarında qazanacaqları medalların əyarı qızıl olacaq.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 12 avqust.- S. 4.