Kitabxanalar ili elan edilmişdir

 

 Neftçala Rayon İcra Hakimiyyətinin sərəncamı ilə 2012-ci il rayonda "Kitabxanalar ili" elan edilmişdir. Bu tədbir mədəniyyət obyektlərinin, o cümlədən kitabxanaların insanların asudə vaxtının səmərəli və mənalı keçməsində böyük önəm verəcək.

Sərəncama əsasən rayon mədəniyyət və turizm şöbəsi 2012-ci ilin "Kitabxanalar ili" elan edilməsi ilə əlaqədar geniş tədbirlər planı hazırlamışdır. Tədbirlə bağlı qəsəbə və kənd inzibati ərazi nümayəndələrinin iştirakı ilə təqdimat mərasimlərinin keçirilməsi, mərkəzləşdirilmiş kitabxana sisteminin informasiyalaşdırılması, fondun yeni nəşrlər və müasir informasiya daşıyıcıları ilə komplektləşdirilməsi, kitabxana fondunda olmayan ədəbiyyatın və informasiyaların elm sahələri üzrə elektron variantının hazırlanması, rayon mərkəzləşdirilmiş kitabxana sisteminin bir filialında elektron kitabxananın yaradılması, yeni kitabların təqdimatı və digər məsələlərin təşkili nəzərdə tutulmuşdur.

Bütövlükdə, tədbirlər planı 22 bənddən ibarətdir. Nəzərdə tutulan məsələlər həyata keçirildikcə kitabxanalar müasirləşməklə yanaşı, zənginləşəcək, oxucular üçün daha cəlbedici olacaqdır. Rayon sakinlərinin müasir ədəbiyyatın təmsilçiləri, mədəniyyətin və elmin inkişafı ilə bağlı ətraflı məlumat bazası ilə tanış olmaq imkanları genişlənəcəkdir.

 

 

Nəzakət MƏMMƏDOVA,

Neftçala Rayon Mərkəzləşdirilmiş

Kitabxana Sisteminin baş biblioqrafı

 

Azərbaycan.- 2012.- 12 avqust.- S. 5.