ZƏHMƏT,
ETİMAD VƏ MƏSULİYYƏT
Azərbaycanda ən hörmətli insanlardan biri idmançılar sayılır.
Onlar hələ gənc yaşlarında, özü də böyük sürətlə yüksəlir və məşhurlaşırlar.
Üstəlik halal yolla, dövlətin dəstəyi və yaratdığı şərait hesabına qısa müddətdə varlana, ev, maşın, obyekt sahibinə çevrilə, arzuladıqları ali təhsili ala bilirlər.
Azərbaycan idmançılarının bəxti gətirib! Onların dövlət başçısı cənab İlham Əliyev kimi hamisi var!
Ölkəmizdə idmana dövlət səviyyəsində yüksək qayğı göstərilir. Təkcə ölkə paytaxtında deyil, bölgələrdə də yeni avadanlıqlarla təchiz edilmiş olimpiya idman kompleksləri, stadionlar tikilir, müasir idman qurğuları yaradılır. Müstəqilliyin ilk illərində Azərbaycan idmançıları vəsait yoxluğu üzündən bir sıra beynəlxalq yarışlara qatıla bilmirdilər. İndi isə idmançılarımız nəinki yüksək təminatla bütün yarışlarda iştirak edirlər, hətta paytaxt Bakı dünyada beynəlxalq yarışların keçirildiyi mərkəzlərdən birinə çevrilmişdir. Bu gün başqa ölkələrdən olan idmançılar Azərbaycan bayrağı altında yarışlara qatılmağı özlərinə şərəf hesab edirlər.
Dövlət konkret olaraq idmançılar üçün nələri edir?
İdmançılar ən yaxşı şəraitdə müntəzəm məşq edir, yarışqabağı təlim-məşqlərini ən səfalı yerlərdə keçirirlər;
İllər uzunu hər idmançının ustalığının artırılmasına və peşəkarlığının yüksəlməsinə xeyli vəsait xərclənir;
Ölkədaxili və beynəlxalq miqyaslı yarışlarda iştirak edən idmançı və məşqçilərin bütün xərcləri dövlət tərəfindən ödənilir;
İdmançıların və onların məşqçilərinin normal yaşayışı təmin edilir;
Dünya və Olimpiya çempionları ali məktəbə imtahansız qəbul olunurlar;
Olimpiya Oyunlarında müxtəlif dərəcəli medallar qazananlara bir neçə mənbədən yüksək məbləğdə pul mükafatları və qiymətli hədiyyələr verilir;
Yüksək səviyyəli dövlət tədbirlərinə dəvət edilərək hörmətli qonaqlar tək ehtiram göstərilir.
Bütün bunların əvəzində onlardan bircə şey tələb olunur:
Müntəzəm şəkildə məşq edərək yarışlarda qələbə qazanmaq, bayrağımızı ucaltmaq!
Deyilənlərə daha bir faktla yekun vururuq: ABŞ dünyanın ən varlı dövlətidir. O Olimpiyanın qızıl medalçılarına birdəfəyə 20 min, biz isə 600 min manat veririk!
XXX London Yay Olimpiya Oyunlarına Azərbaycan 16 növ üzrə mübarizə aparacaq 53 idmançı ilə qatılmışdı. Bu 53 nəfərin hər birini qaliblər sırasında görmək hər birimizin arzusu idi! Təbii ki, hamı reallığı başa düşür, amma necə deyərlər, arzu etmək heç kəsə ziyan vermir! Elə idmançılar var ki, onları qaliblər cərgəsində görməyəcəyimizi ağlımıza belə gətirmirdik. Əslində onların da ümidləri doğrultmamağa mənəvi haqları çatmırdı!
Olimpiya Oyunları ərəfəsində dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin iştirakı ilə təntənəli yolasalma mərasimi keçirildi. Cənab İlham Əliyev idmançılar qarşısında səmimi və parlaq nitq söylədi: "İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır. Bu gün də siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir" - fikrini xüsusi vurğuladı. Sonra hər bir idmançının əlini sıxaraq uğurlar dilədi, onlarla xatirə şəkli çəkdirdi.
Bu həm
də böyük etimad idi!
Hər
bir etimad isə öz növbəsində məsuliyyət
doğurur!
Səni
yarışlara göndərən dövlət, onun
başçısı və azarkeşlik edən ölkə
vətəndaşları qarşısında yüksək məsuliyyət!
Bu məsuliyyət
hazırlıq məşqlərindən başlayaraq həlledici
yarışlarda daha yüksək mərhələyə qədəm
qoyur!
Mənəvi borc və məsuliyyət hissini dərk edərək
Londona yollanan idmançılarımız iradə və
xarakter nümayiş etdirdilər.
Rövşən BAYRAMOV yunan-Roma güləşi üzrə
dünyanın ən güclü
idmançılarındandır. Avropa, dünya
çempionu olub, Olimpiya Oyunlarının gümüş
mükafatını qazanıb. London Yay
Olimpiya Oyunlarına isə gümüşü qızıla
"dəyişmək" niyyətilə getmişdi. Hamı ona azarkeşlik edirdi. Yarışlara
mənəvi-psixoloji, fiziki, taktiki və texniki baxımdan
yaxşı hazırlaşdığı hiss olunurdu.
Rövşən Bayramov haqqında "idman bəxti
olmayan" güləşçi deyirlər. Rəqiblərinə
bir xal belə vermədən finaladək yüksəldi.
Final yarışmasında beşqat dünya
çempionuna uduzdu. Fəxri kürsüdə göz
yaşlarını saxlaya bilmirdi. Səmimi
göz yaşları idi, məğlubiyyətin
acısından doğmuşdu.
Rövşən
nə bacarırdısa, etmişdi!
Var
gücünü qoymuş, mərdliklə güləşmiş,
əsl idmançı xarakteri nümayiş etdirmişdi!
Bacardığını
etsə də, istədiyini edə bilməmişdi!
Onu bir idmançı və insan kimi başa
düşür, inanırıq ki, növbəti dəfə
Olimpiya Oyunlarının qızıl medalını da
mükafatları sırasına qata biləcək.
Emin ƏHMƏDOVUN
məğlub olaraq finala çıxa bilməməsi məlum səbəblərə
görə bizi daha çox pərişan etsə də, bu
idmançını qınamırıq. Bizim və
özünün istədiyinə nail olmaq, qızıl medal
qazanmaq üçün zamana ehtiyacı var. Hər halda məsuliyyətli,
çalışqan və perspektivli idmançıdır.
İdmansevərlərə növbəti kədərqarışıq
sevinci Mariya STADNİK yaşatdı. Qələbəyə
sonsuz inam və həvəsi olan güləşçi
xanım əzmkarlığı ilə diqqət çəkirdi.
Yarışlara mənəvi-psixoloji,
fiziki-texniki cəhətdən yaxşı
hazırlaşdığı hiss olunurdu. O da Rövşən
Bayramov kimi final mərhələsinə qədər sürətlə
irəlilədi, hamımızı qızıl medal üzərində
köklədi. Final görüşünün
birinci hissəsində də qətiyyətlə güləşirdi.
Amma burnundan zədə aldıqdan sonra bir qədər
yavaşıdı, Pekin Olimpiya Oyunlarında
qazandığı bürüncü qızıla çevirə
bilmədi. Təbiidir ki, gümüş də yüksək
əyarlı mükafatdır! Amma hər iki güləşçimizin
qızıla çatmalarına lap azca qalmışdı...
Bütövlükdə Mariya Stadnikin gümüş
medalı çox sevindiricidir və qadın güləşçini
hələ irəlidə yeni qələbələr gözlədiyindən
xəbər verir.
Azərbaycan
idmançılarına ilk medalı 18 yaşlı Valentin XRİSTOV
qazandırmışdı. Əyarı
bürünc olsa da, ilk medal kimi dəyəri yüksək idi!
Gənc ağırlıqqaldıran
yarışlarda yüksək iradə və mübarizlik
keyfiyyəti nümayiş etdirirdi. Maraqlı
bir fakt. Valentin Xristov
mükafatçılar sırasına çıxmaq
üçün 158 kiloqramı təkanla qaldırmalı idi.
Çəkinin öhdəsindən gələ
bilmədi. Üçüncü cəhddə 159 kiloqram
sifariş edərək riskə getdi və iradə
gücü ilə daha ağır çəkini qaldıra
bildi!
Qadın güləşçisi Yuliya RATKEVİÇ
1/4 finalda uduzsa da, sonradan təsəlliverici görüşlərə
qatıldı.
Bu mərhələdə daha əzm və məsuliyyətlə
çalışdı, rəqiblərinə üstün gəlməyi,
komandamızın daxılına daha bir bürünc medal əlavə
etməyi bacardı.
Son illərdə
ölkəmizdə boks idman növü
sürətlə inkişaf etmişdir. Əvvəlki
Olimpiya Oyunlarında idmançılarımız bu növ
üzrə 4 bürünc medal qazanmışdılar. Bu dəfə onları qızıla və
gümüşə dəyişmək real vəzifə idi.
İki boksçumuz - Teymur MƏMMƏDOV və
Məhəmmədrəsul MƏCİDOV yarımfinala qədər
keçirdikləri görüşlərdə qızıl
medal alacaqlarına böyük inam yaratmışdılar.
Lakin antiazərbaycançı şəbəkənin idman sahəsində
də əleyhimizə apardığı iş (sapı
özümüzdən olan baltaların fəal iştirakı
ilə) mənfi təsirini göstərdi. Boksçularımız
öz rəqiblərinə açıq-aşkar
üstünlüklə qalib gəlsələr də, hakim ədalətsizliyi
və qorxaqlığı hesabına uduzduruldular. Bununla
bağlı Azərbaycan Boks Federasiyasının rəhbərliyi
Beynəlxalq Həvəskar Boks Assosiasiyasına yazılı etiraz
ünvanlamışdır!
Ədalətsizliklərə
öyrənsək də, onlarla barışmaq niyyətində
deyilik!
Bu dəfə
isə haqsızlıqla üzləşən
boksçularımız finala yüksələ, layiq
olduqları yüksək əyarlı medalları ala bilmədilər!
Hər
halda siyasətdə və idmanda döyüşməyi
yaxşı bacarırıq və tezliklə bütün rəqiblərimizi
nokauta sala biləcəyik!
Qızıl
medal həsrəti isə get-gedə artırdı!
Amma bəxtimiz
gətirmirdi ki, gətirmirdi!
Qızıl
medalsız qalmaq isə Azərbaycan idmanına heç cürə
yaraşmırdı!
XXX London
Yay Olimpiya Oyunlarının qəribə bir xüsusiyyəti də oldu.
Biz qızıl medalları gözlədiklərimizdən yox,
ümid bəslədiklərimizdən gördük!
Yarışmanın sonlarına yaxın ən böyük
ümidimiz güləşçilərimizə idi!
Xoşbəxtlikdən
onlar bizi qızıl medalsız qoymadılar!
Tale bizə
bir gündə iki qələbə sevinci yaşatdı!
Beləliklə,
bütün intizara və narahatlıqlara, həyəcanlı
anlara sonsuz fərəhlə nöqtə qoyuldu!
İlk
qızıl medalı bizə sərbəst güləşçimiz
Toğrul ƏSGƏROV bəxş etdi!
Himnimizi birinci dəfə gənc və hələ
dünya idmanında kifayət qədər iz buraxmamış
pəhləvanımız səsləndirərək
bayrağımızı yüksəklərə
qaldırdı!
Bu həm
də o deməkdir ki, yeni nəsil idmançılar yetişir
və onlar öz sözlərini inam və cəsarətlə
deməyi bacarırlar!
Şərif ŞƏRİFOV isə qazandığı
qızıl medalla bu qələbənin sevincini və təntənəsini
daha da artırdı. Döşək
üzərində olduğu müddətdə bizə
həyəcanlı dəqiqələr yaşatsa da, sonda
özünün ən böyük idman qələbəsini
qazandı!
Bir gecədə
iki dəfə Azərbaycan himni çalındı, Azərbaycan
bayrağı ən yüksəkdə dalğalandı!
Ən
xoşbəxt və səadət dolu dəqiqələr idi!
Bu yerdə
başqa bir məqama toxunmamaq mümkün deyil!
Antiazərbaycançı
şəbəkəyə xidmət edən Azərbaycanın
aqressiv müxalifəti və onlara xidmət göstərən
qəzetlər Olimpiya Oyunları ərəfəsində və
yarışlar davam edən günlərdə yenə öz
amplualarına sadiq qaldılar! Siyasi mübarizədə
sarsıdıcı məğlubiyyətə uğrayaraq
öz elektoratını tamamilə itirən
dağıdıcı müxalifət artıq Azərbaycan
iqtidarı ilə deyil, Azərbaycan xalqına və onun milli
maraqlarına qarşı vuruşur.
"Xalqa
nə qədər pis olarsa, bizə o qədər
yaxşıdır" prinsipi yenə də onların fəaliyyətlərinin
başlıca məqsədidir!
Siyasi
mübarizədə müəyyən hərəkətləri
haradasa başa düşmək mümkündür!
Axı idman
siyasət deyil!
Bunun
iqtidar-müxalifət mübarizəsinə nə dəxli var!
İdmançı
Azərbaycan xalqını və dövlətini təmsil edir!
O qalib gələndə
Azərbaycan himni çalınaraq, bayrağı
ucaldılır!
İdman
yarışlarında, xüsusən Olimpiya Oyunlarında hər
qələbə xalqın uğuru və sevinci sayılır!
Azərbaycan
idmanına qarşı bu nə düşmənçilik
kampaniyası idi!
Sevinə
bilmirsinizsə, heç olmazsa susun, kənarda dayanın!
İki
boksçumuzun - Teymur MƏMMƏDOVLA Məhəmmədrəsul MƏCİDOVUN
döyüşü qiymətləndirilərkən bu murdar təbliğatın
mənfi nəticələrinin təsiri duyuldu, qeyri-obyektivliyə
yol verildi! Rahatlaşdınızmı,
sevindinizmi?
Amma bu dəfə
də sonadək sevinmək sizlərə nəsib olmadı, ay
bu xalqdan olub onun əleyhinə işləyənlər!
Xalqın
idman uğurlarını qəbul etməyərək
"gözdənsalan kampaniyası" aparanlara nə deyəsən!
Sonuncu - daha bir bürünc medalı Xetaq QAZYUMOV
qazandı. Doğrudur, güləş həvəskarları
ondan qızıl medal gözləyirdilər. Amma idmanda
belə hallar olur...
Təəssüf
ki, yarışlara hazırlıq mərhələsində
kifayət qədər tər tökərək məşq etməyənlər,
əvvəllər qazandıqları titullarına güvənərək
asan qələbəyə bel bağlayanlar da vardı!
Azərbaycan
cüdoçuları London Olimpiya Oyunlarında ipponla məğlubiyyətə
uğradılar!
Bu məğlubiyyətin səbəbi nə idi? Yəqin ki, idman mütəxəssisləri,
sahəyə cavabdehlik daşıyanlar təhlil və
araşdırma apararaq düzgün nəticələr
çıxaracaq və müvafiq qərarlar qəbul olunacaq!
Necə deyərlər, məsələnin bu cəhəti
bizlik deyil! Bizi daha çox mənəvi amillər,
etik prinsiplər düşündürür və narahat edir.
Azərbaycan bayrağı altında yarışlara
qatılan hər kəsin qazandığı nəticə onun
"şəxsi işi" sayılmır. Qeyd etdiyimiz
kimi, bunun həm maliyyə tərəfi, həm də ölkənin
təmsilçisi olmaq məqamı var. Üstəlik,
milyonlarla Azərbaycan vətəndaşı öz
idmançısına azarkeşlik edərək qürur duyur,
yaxud məyusluq hissi keçirir. Bu
baxımdan idmançının məşq və
yarışması həm də ictimai əhəmiyyət kəsb
edir.
Nədənsə
London Olimpiadasında tatami üzərinə çıxan
cüdoçularımızda bir süstlük, gözlərində
isə qorxu və məğlubiyyətlə barışmaq
nişanələri sezilirdi!
Onlarda fədakarlıq,
tam gücü ilə mübarizə aparmaq istəyi
müşahidə olunmurdu!
Məşhur
bir deyim var: dünənki işinə görə sağ ol, bu
günkünə cavab ver!
Pekin Olimpiadasında Elnur Məmmədli
qazandığı qızıl medalla özünə və
Azərbaycana şöhrət gətirdi. Bu dəfə
də Elnura böyük ümid bəslənilirdi. Özü də "qızıl medal gətirməyə
gedirəm" deyə vəd vermişdi. Amma
...
Ulduz xəstəliyi
yaman şeymiş! Boks üzrə dünya
çempionu və Olimpiya Oyunları
mükafatçısı Ağasi Məmmədovu da
cızığından çıxararaq başqa səmtə
apardı.
Yüksək
ranqlı idmançılar üçün "doğma
yer" idman zalı
sayılır. O, siyasi tədbirlərdə, təntənəli
mərasimlərdə, iaşə obyektlərində nadir
hallarda görünməli, tamaşaçıları
özünə həsrət qoymalıdır!
İdmançının
bədənindən zədə və tər qoxusu əskik
olmamalıdır!
Allah
vergisinə və keçmiş uğura güvənib
arxayınlaşmaq tezliklə məğlubiyyətə
yuvarlanmaq deməkdir!
İndi
ildə 300 gün və gündə bir neçə dəfə
məşq edən istedadlar qalib gəlirlər!
Addan və
tituldan qorxmayaraq döyüşənlər qalib, asan qələbəyə
inananlar isə məğlub olurlar!
Favorit olmaq isə onqat, bəlkə də
yüzqat məsuliyyətdir!
Hər
halda cüdoçularımız belə vəziyyətdən
tez çıxacaq, daha böyük uğurlara imza atacaqlar!
Buna şübhə etmirik, çünki doğru yoldayıq!
Amma yəqin ki, bir vaxtlar azarkeşlərin əldən-ayaqdan
getdikləri bəzi idmançılarsız...
Öz-özünə
edəni, el yığılsa edə bilməz - deyiblər!
Bəs idmanımızın və azarkeşlərimizin təqsiri
nədir?
Bəs göstərilən etimad necə olsun?
Bəs məsuliyyət hissi harada qaldı?
Görünür
bəzilərini çox əzizləmiş, qədərindən
artıq sevmişik!
Görünür,
rəsmi və qeyri-rəsmi mükafatların miqdarı həddindən
artıq olub!
Görünür,
nöqsanlarından keçərək xətirlərinə dəyməkdən
qorxmuşuq!
Vətənin
verdiklərini və etdiklərini unutmaq da insanı iflasa gətirir!
Ən
azı mənəvi iflasa!
Azərbaycan idmanı yüksəlişdə və
inkişafdadır.
Azərbaycan həm də idman ölkəsi kimi
tanınır.
Olimpiya Oyunlarında uğurlarımız isə get-gedə
artır, möhkəmlənir.
2000-ci il Sidney Olimpiya Oyunlarında 2 qızıl, bir
bürünc medalla 199 ölkə arasında 34-cü yeri
tutmuşduq.
Afina Olimpiya Oyunlarında 1 qızıl və 4
bürünc medalla 202 dövlət arasında 50-ci yeri
qazandıq.
Pekin Olimpiadasında 1 qızıl, 2 gümüş və
4 bürünc medalla 205 ölkə arasında 39-cu yerə
sahib çıxdıq.
London Yay Olimpiya Oyunlarında Azərbaycan
idmançıları on medal qazanaraq daha möhtəşəm
qələbəyə imza atdılar.
Medal
sayına görə 25-ci,
Xal
hesabına görə 27-ci,
Qızıl
əyarına görə isə medal qazanan 85 ölkə
arasında 30-cu yerə yüksəlmişik!
ƏHSƏN SƏNƏ, AZƏRBAYCAN
İDMANÇISI!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2012.- 14 avqust.- S. 1;
3.