Prezident İlham
Əliyev Koreya Respublikasının Azərbaycandakı
səfiri Lee Ci
Hanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lee Ci Hanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyini vurğulayan dövlət başçısı əlaqələrimizin uğurlu inkişafından məmnunluğunu bildirdi. Koreya Respublikasına son səfərini xatırlayan Prezident İlham Əliyev Koreyada gedən sürətli inkişafın şahidi olduğunu dedi və ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə geniş əməkdaşlıq əlaqələrinin önəmini qeyd etdi. Azərbaycanda çoxlu sayda Koreya şirkətlərinin fəaliyyətinə toxunan dövlət başçısı ölkəmizdə həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğuladı və bu əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Azərbaycandakı diplomatik fəaliyyətinə və ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirdi, ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lee Ci Han Azərbaycan idmançılarının XXX London Yay Olimpiya Oyunlarında əldə etdiyi yüksək nəticələrə görə dövlət başçısını təbrik etdi.
Koreyalı diplomat ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi. Azərbaycan ilə Koreya arasında əlaqələrin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişafının razılıq doğurduğunu vurğulayan Lee Ci Han bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirdi.
AzərTAc
Azərbaycan.- 2012.- 14 avqust.- S. 2.