Güləş yığmamız böyük bir ailədi və bu, Olimpiadada öz bəhrəsini verdi

 

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev azerisport.az saytına müsahibəsində güləşçilərimizin London Yay Olimpiadasında qazandığı uğurların sirlərini açıqlayıb.

 

- İkisi qızıl olmaqla yeddi mükafat! Belə uğuru gözləyirdiniz?

- Etiraf edim ki, gözləyirdim. Əlbəttə, məhz onları qəzananların əldə edəcəyini  gözləmirdim, məsələn, mən Həsən Əliyevdən uğur gözləyirdim, amma Emin Əhmədova o qədər də inamım yox idi. Həsən beşinci, Emin üçüncü oldu. İnanırdım ki, Rövşən Bayramovla Mariya Stadnik yüksək səviyyədə çıxış edəcək. Elə də oldu. Şərif Şərifova inanırdım. O, öz çəkisində liderdi. Toğrul Əsgərov hamını udmuşdu, bircə Kuduxovdan başqa. Olimpiadada qarşılaşdılar, onu da məğlub etdi.

- Yəqin ki, güləşçilərin ölkə Prezidenti İlham Əliyev tərəfindən təbrik olunmaları da xoş oldu?

- İlham Əliyevin zəng etməsi bizim hamımız üçün çox xoş oldu. Mənimlə və məşqçilərlə danışdı, uğurlar arzuladı. Xoşdu ki, ölkə Prezidenti bütün idmançıları tanıyır.

- Güləşçilərimizin əsas uğurları Olimpiadanın 15-ci gününə təsadüf etdi. Həmin vaxta qədər isə bir çox uğursuzluqlar olduğundan "qızıl"sız qalacağımız düşünülürdü...

- Mən digər idman növlərindən danışmaq istəmirəm. Yalnız güləşə cavab verə bilərəm. Bizim xüsusi qorxumuz yox idi. Bilirdik ki, uşaqlar xeyli medal qazanacaqlar. Başqa cür ola da bilməzdi. Güləş yığmamız böyük bir ailədi. Bu da nəticəsini verdi. Olimpiada öncəsi toplanışımızda mən də iştirak etmişdim. Birgə kross qaçırdıq, birgə masa arxasına əyləşirdik. Bu üzdən də qalib gələcəyimizə əmin idim.

- Son medalımız sağlıq durumunda problemlər olmasına rəğmən döşək üzərinə çıxan Xetaq Qazyumovdan gəldi...

- Etiraf edim ki, bu məqam mənə çox təsir etdi. O, komanda üçün çox görüb. Hamımız Xetaqdan qələbə gözləyirdik. Əfsuslar olsun ki, sağlıq durumunda yaranan problemlər ona daha yaxşı nəticə göstərməyə imkan vermədi.

- Son dövrlər güləş yığmamız həm dünya, həm Avropa çempionatlarında, həm də Olimpiadada kifayət qədər yaxşı nəticələr qazanır...

- Bu, güləşimizin və federasiyanın işinin potensialından xəbər verir. Siz hələ güləşçilərimizin gənclər arasında Sinqapurdakı Olimpiadada qazandığı uğuru qeyd etmədiniz. Bizim güləşçilər orada dörd qızıl medal qazanmışdılar. Ən əsası odur ki, gənc istedadlar yetişir. Onların ən yaxşı təmsilçisi Toğrul Əsgərovdu. Onun cəmi 19 yaşı var. Şadıq ki, onun davamçıları da var. Qarşıdan gələn Bakıdakı dünya çempionatında yeni adlar da görəcəksiz.

- Olimpiadadan sonra yığmamızın heyətində dəyişiklik olacaq?

- Prinsipcə, hər Olimpiadadan sonra belə dəyişikliklər olur. Məsələn, Pekini götürək. Həmin heyətdən yalnız Bayramov, QazyumovStadnik qalıb. Nəzərə alsaq ki, yeni güləşçilərimiz də gəlir, heyətdə dəyişikliklər mümkündü.

 

 

Azərbaycan.- 2012.- 14 avqust.- S. 4.