Azərbaycan-Böyük Britaniya əlaqələri yüksək səviyyədədir

 

 Avratlantik məkana inteqrasiyanı xarici siyasətdə əsas prioritetlərdən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikası artıq bu istiqamətdə qarşıya qoyduğu hədəfləri uğurla dəf etməkdədir. Avropanın aparıcı dövlətləri, nüfuzlu təşkilatları ilə mükəmməl siyasi dialoqun qurulmasına nail olan respublikamız xüsusilə son illərdə özünün dinamik inkişafı və beynəlxalq təhlükəsizlik məsələlərinə verdiyi mühüm töhfələrlə Avratlantik məkandakı yerini daha da möhkəmləndirib, nüfuzunu yuksəldib.

Prezident İlham Əliyevin 2003-cü ildən indiyədək Avropa ölkələrinə etdiyi çoxsaylı rəsmi xarici səfərlər, həmçinin ölkəmizə müxtəlif səviyyələrdə xarici nümayəndə heyətlərinin gəlmələri, keçirilən görüşlər Azərbaycanın Avratlantik məkana yönəlik xarici siyasətinin coğrafi zənginliyini göstərməklə yanaşı, Avropanın bir sıra aparıcı dövlətləri ilə əlaqələrin yeni mərhələdə inkişaf etdirilməsinə təkan verib.

Bununla yanaşı, xüsusilə qeyd edilməlidir ki, iqtisadigeostrateji üstünlüklərindən səmərəli və maksimum şəkildə yararlanmaqla Cənubi Qafqaz regionunun liderinə çevrilən Azərbaycan Avropanın bu bölgədə tərəfdaşlıqda önəm verdiyi əsas dövlətdir. Eyni zamanda dünya ictimai rəyində Azərbaycanın demokratik ölkə imicinin daha da möhkəmlənməsi də respublikamızın beynəlxalq əlaqələrinin yüksələn xətlə inkişafında mühüm rol oynayır.

Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün aparıcı mövqeyə malik olan Avropa dövlətlərinin bir çoxu beynəlxalq münasibətlər sistemində ölkəmizin tərəfdaşı kimi çıxış edirlər. Bu ölkələrdən biri də nəinki Avropanın, dünyaınn siyasiiqtisadi həyatında, beynəlxalq münasibətlər sistemində öz yeri olan Böyük Britaniyadır. Siyasi baxımdan Azərbaycan Böyük Britaniya üçün Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaşıdır. Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Böyük Britaniyanın ölkəmizin ərazi bütövlüyünə verdiyi dəyişməz dəstək Azərbaycan tərəfindən hər zaman yüksək qiymətləndirilir. BMT Təhlükəsizlik Şurasında Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasını tələb edən qətnamələrin qəbulunda Böyük Britaniyanın böyük təsiri olub. Bu ölkə həmçinin Azərbaycanın Avropa məkanına və strukturlarına inteqrasiyasına öz dəstəyini verməkdədir.

Azərbaycanla Böyük Britaniya arasında siyasi-diplomatik münasibətlər 1993-cü ildə Heydər Əliyevin ölkəmizə rəhbərliyə başlamasından sonra inkişaf mərhələsinə qədəm qoyub. 1993-cü ilin oktyabrında Azərbaycana səfərə gələn Böyük Britaniyanın dövlət naziri Duqlas Hoqq Azərbaycanın Prezidenti Heydər Əliyevin andiçmə mərasimində iştirak edib. O, Bakıda bir daha Birləşmiş Krallığın Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi saydığını elan edib.

1994-cü ilin fevralında isə ulu öndər Heydər Əliyev Böyük Britaniyaya ilk dəfə rəsmi səfər edib. Səfər zamanı ulu öndər Böyük Britaniyanın Baş naziri Con Meycor, xarici işlər və birlik işləri üzrə naziri Duqlas Hördlə görüşərək danışıqlar aparıb. Azərbaycan-Böyük Britaniya münasibətlərinin və əməkdaşlığının inkişafının yüksək göstəricisi kimi yadda qalan həmin səfər zamanı iki ölkə arasında əməkdaşlıq məsələlərini tənzimləyən başlıca sənəd - Azərbaycan Respublikası və Böyük Britaniya arasında "Dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə" imzalanıb. Eyni zamanda bəyannamədən əlavə müxtəlif sahələrdə əməkdaşlıq üzrə daha bir neçə müqavilə bağlanıb.

Ulu öndər Heydər Əliyev Birləşmiş Krallıq və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə 1998-ci ilin iyulunda Britaniyaya ikinci rəsmi səfərini edib. Həmin səfərdə o, Böyük Britaniyanın baş naziri  Toni Bleyerlə qarşılıqlı münasibətlərin inkişafında əhəmiyyətli addım olan daha bir müqavilə - Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Ulu öndər Heydər Əliyev həmçinin kraliça II Yelizaveta ilə görüşüb.

2004-cü ilin dekabrında Azərbaycanın Prezidenti kimi Böyük Britaniyaya səfəri zamanı İlham Əliyevin bu ölkənin baş naziri Toni Bleyerlə görüşündə 1998-ci ildə imzalanmış "Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə" yenidən təsdiqlənib. T.BleyerPrezident İlham Əliyev eyni zamanda ikitərəfli münasibətlərin əsası kimi Birgə Kommunike də qəbul ediblər. Cənab İlham Əliyev həmin səfərində Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) "Yeni Azərbaycan - regionalqlobal münasibətlərdə" mövzusunda çıxış edib.

Təbii ki, bu illərdə Böyük Britaniyanın dövlət rəsmiləri də Azərbaycana dəfələrlə səfər ediblər. Bu səfərlərin hər biri iki ölkə arasında siyasi, iqtisadi, beynəlxalq təhlükəsizlik və bir sıra məsələlərə dair aparılan müzakirələrlə yadda qalmaqla yanaşı, əməkdaşlıq əlaqələrinin daha da yüksəlişinə böyük töhfə verib.

Bir məsələni də xüsusilə qeyd etməliyik ki, bu gün Azərbaycanla Böyük Britaniyanı birləşdirən əsas əməkdaşlıq istiqamətlərindən biri enerji sektorudur. Təsadüfi deyil ki, hələ 1994-cü ilin fevralında Heydər Əliyevin Böyük Britaniyaya ilk rəsmi səfərindən bir neçə ay sonra bağlanan "Əsrin müqaviləsi"ndə bu ölkənin bp şirkəti də iştirak edirdi. Ümummilli lider Heydər Əliyevnin 1998-ci ildə Böyük Britaniyaya etdiyi növbəti rəsmi səfər zamanı İngiltərə neft şirkətləri ilə üç neft sazişi də bağlanıb. Beləliklə, 1994-cü ildən başlayaraq Azərbaycan və Böyük Britaniya enerji sahəsində uğurlu əməkdaşlıq modeli yaratmışlar.

Prezident İlham Əliyevin bir neçə gün öncə Londona işgüzar səfəri zamanı Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron ilə keçirdiyi görüş iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğu vurğulandı. Qeyd edildi ki, Birləşmiş Krallıq ilə Azərbaycan arasında bir sıra sahələrdə, o cümlədən enerji, qeyri-neft sektoru sahələrində uğurlu əməkdaşlıq vardır və bu əlaqələrin perspektivləri böyükdür. Azərbaycan ilə Böyük Britaniya arasında beynəlxalq təhlükəsizlik sahəsindəki münasibətlərin də müzakirə olunduğu görüşdə ölkəmizin NATO və Əfqanıstandakı beynəlxalq koalisiyaya dəstəyi yüksək qiymətləndirildi.

Qeyd etdiyimiz kimi, hazırda Azərbaycanla Böyük Britaniyanı iri enerji layihələri birləşdirir. Prezident İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri zamanı Londonda bp şirkətinin icraçı direktoru Robert Dadli ilə də görüşməsi də enerji sektorundakı əməkdaşlığa verilən önəmin göstəricisidir. Görüşdə Azərbaycan ilə bp şirkətinin uzun illər ərzində uğurla əməkdaşlığından məmnunluq ifadə edildi. "Şahdəniz" yatağının işlənilməsi layihəsinin ikinci fazası və icra edilən digər layihələrin gedişi barədə fikir mübadiləsi aparıldı. Ölkəmiz ilə bp şirkəti arasında əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik bildirildi.

Prezident İlham Əliyevin Londona uğurlu işgüzar səfəri, xüsusilə Baş nazir Devid Kemeron ilə yüksək səviyyədə keçirdiyi görüş Böyük Britaniya mediasının, o cümlədən ölkəmizdəki müxalifət mətbu orqanlarının Azərbaycan hakimiyyətinin ünvanına səsləndirdiyi ittiham və tənqidlərin əsassız və yersiz olduğunu da nümayiş etdirdi.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2012.- 14 avqust.- S. 5.