Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda uşaq evlərində iftar süfrəsi təşkil edilmişdir

 

 Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan Baş nazirinin katibliyi nəzdində fəaliyyət göstərən "Pakistan Sweet Home" Fondu tərəfindən bu ölkənin müxtəlif şəhərlərindəki 11 uşaq evinin 1200 sakini üçün iftar süfrəsi təşkil edilmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Baraha Ko şəhərində təşkil olunmuş mərasimdə Pakistan Baş nazirinin xanımı Nüsrət Pervaz Aşraf və qızı, Baş nazirin müşaviri Şahnaz Vazir Ali, "Pakistan Sweet Home" Fondunun icraçı direktoru, tanınmış siyasətçi Zamurad Xan, Pakistan Milli Assambleyasının üzvləri, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, ölkənin aparıcı televiziya kanallarının nümayəndələri iştirak etmişlər.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə respublikamızda və xarici ölkələrdə həyata keçirilən təhsil və səhiyyə sahələrində layihələr barədə ətraflı məlumat verilmiş, Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbinin inşa edildiyi vurğulanmışdır.

Həmçinin bildirilmişdir ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində "Edhi Home" kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və Hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmış, Peşavər şəhərində "Akbar Care" serebral iflic institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilmiş, Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadın və uşaq xəstəxanasında açıq ürək əməliyyatları aparılmış, Hamza Fondu (Peşavər) üçün müasir qanköçürmə avadanlığı, laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və iki min qanköçürmə paketi alınmış, Xayber Göz Fondunun yeni binasının tikintisi üçün maddi yardım göstərilmişdir.

Tədbirdə iştirak edən Pakistanın birinci xanımı Nüsrət Pervaz Aşraf Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən layihələrə, həmçinin mübarək Ramazan ayında kimsəsiz uşaqlara iftar süfrəsinin təşkil olunmasına görə Heydər Əliyev Fondunun prezidentinə minnətdarlığını bildirmişbu aksiyanın uşaq evlərinin sakinləri üçün böyük mənəvi dəstək olduğunu vurğulamışdır.

Ş.Vazir Ali çıxışında Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş genişmiqyaslı aksiyanı yüksək qiymətləndirərək digər təşkilatları da bu təşəbbüsə qoşulmağa çağırmışdır.

Zamurad Xan isə Ramazan sevincini kimsəsiz uşaqlarla bölüşdüyünə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Mərasim konsert proqramı ilə davam etmiş, uşaqlara hədiyyələr təqdim olunmuşdur.

Pakistanın PTV dövlət televiziyası mərasimdən reportaj hazırlamışdır.

Tədbir yerli mətbuatda geniş işıqlandırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 14 avqust.- S. 5.