Qırğızıstanın iqtisadiyyatantiinhisar siyasəti naziri Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur

 

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının iqtisadiyyatantiinhisar siyasəti naziri Temir Sarıyev avqustun 13-də Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur. Əvvəlcə qonağa Dövlət Bayrağı Meydanı haqqında ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılmışdır. Meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.

Qeyd edilmişdir ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır.

Səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə tanışlıq zamanı bildirilmişdir ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrləaid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkənin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.

 Dünyada nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş edilir. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş olunur. Muzeydə multimedia qurğusu da vardır.

Qonağa "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi "Baku Crystal Hall" barədə də  ətraflı məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 14 avqust.- S. 5.