Azərbaycan Macarıstanda keçirilən IV ənənəvi hun-türk qurultayında iştirak etmişdir

 

Avqustun 10-dan 12-dək Macar Turan Cəmiyyətinin təşkilatçılığı ilə Macarıstanın Buqats bölgəsindəki Kişkemets milli parkında IV hun-türk qurultayı keçirilmişdir.

Qurultayı Macarıstan parlamentinin vitse-spikeri Şandor LayoşMacar Turan Cəmiyyətinin sədri Andraş Biro açmışlar.

Tədbirdə dünyanın müxtəlif yerlərindən 22 türkdilli xalqın təmsilçisi, habelə bir sıra ölkələrdən gəlmiş nümayəndələr iştirak etmişlər.

Macarların türk dünyası ilə genetik-mədəni əlaqələrini əks etdirən böyük tarixi və mədəni şou kimi düşünülmüş qurultayı üç gün ərzində 150 mindən çox insan izləmişdir. Qurultay 1100 il əvvəl Volqa boyundan Karpat ovalığına köçmüş türkəsilli macar tayfalarının keçdiyi yolu, bu xalqın öz qədim tarixinə və ənənələrinə sadiqliyini əks etdirmişdir.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev IV hun-türk qurultayının açılış mərasimlərində iştirak etmişdir.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, türk dünyasının qədim tarixi ilə bağlı bir sıra araşdırmaların müəllifi Kamran İmanov isə qurultay çərçivəsində keçirilən elmi forumda qədim dövr Azərbaycan-macar əlaqələrinə dair məruzə ilə çıxış etmişdir.

Qurultay günlərində türk dünyasının sənət adamları açıq havada 30-dan çox konsert vermişlər. Azərbaycan Respublikasının xalq artisti, professor Məcnun Kərimin bədii rəhbəri olduğu Azərbaycan qədim xalq çalğı alətləri ansamblı xüsusilə böyük uğur qazanmışdır. Ansamblın ustalıqla ifa etdiyi Azərbaycan və macar musiqisi minlərlə tamaşaçının böyük marağına səbəb olmuşdur.

V hun-türk qurultayının 2014-cü ildə Macarıstanda keçirilməsi qərara alınmışdır.

 

 

Pərvanə QARAYEVA

 

Azərbaycan.- 2012.- 14 avqust.- S. 5.