Azərbaycan və Çili Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir

 

Azərbaycan və Çili Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması məqsədilə xüsusi tapşırıqlar üzrə səfir Yaşar Əliyev Çilinin paytaxtı Santyaqoya səfər etmişdir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində Y.Əliyev Çilinin xarici işlər nazirinin müavini Fernando Şmidt ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud potensial və perspektivlər barədə fikir mübadiləsi aparılmışdır. Tərəflər Azərbaycanın Buenos-Ayresdəki səfirinin Çilidə, bu ölkənin Ankaradakı səfirinin isə Azərbaycanda akkreditə olunmasını müsbət başlanğıc kimi qiymətləndirmişlər.

Görüşdə həmçinin ölkələrimiz arasında əlaqələrin inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin, müqavilə-hüquq bazasının genişləndirilməsinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın aparılmasının, iqtisadi-ticarət və humanitar sahələrdə mübadilələrin reallaşdırılmasının vacibliyi vurğulanmışdır.

Sonra Çilinin xarici siyasət idarəsinin çoxtərəfli məsələlər üzrə baş direktoru Adolfo Garafi və ikitərəfli məsələlər üzrə baş direktoru Rodrigo Gaete ilə iki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılmışdır.

Məsləhətləşmələrdə Azərbaycan ilə Çili arasında əlaqələrin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 14 avqust.- S. 5.