Macarıstanın
Türkiyədəki səfirliyi azərbaycanlı zabit Ramil Səfərov
ilə bağlı imzatoplama kampaniyasının
üzvlərinə cavab məktubu göndərmişdir
Türkiyədə Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin təşəbbüsü ilə azərbaycanlı zabit Ramil Səfərovun cəzasının yüngülləşdirilməsi və qalan hissəsini Azərbaycanda keçirməsi üçün toplanan imzalar Macarıstanın Ankaradakı səfirliyinə göndərilmişdir.
Kampaniya çərçivəsində azərbaycanlı zabitin məhkəməsinin təkrar keçirilməsi üçün 2 min 500 imza toplanmış, imzatoplama kampaniyasında Türkiyə ilə yanaşı, Avropa ölkələri, Azərbaycan və Rusiyadan da vətəndaşlar iştirak etmişlər.
Dərnəyin sədri Göksel Gülbey bildirmişdir ki, Macarıstanın Türkiyədəki səfirliyindən dərnəyə cavab məktubu daxil olmuşdur. Məktubda bildirilir ki, imzalar və əlavə edilmiş mətn macar dilinə tərcümə olunaraq Budapeştdəki müvafiq qurumlara göndərilmişdir.
İmzalara əlavə edilmiş mətndə isə qeyd olunur ki, 2004-cü ildə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində təlimlərdə iştirak edən azərbaycanlı zabit Ramil Səfərov erməni zabit tərəfindən ağır təhqir və psixoloji təxribata məruz qalmışdır. Bu səbəbdən də onu qətlə yetirmişdir. Məhkumun psixoloji vəziyyətini və erməni zabitinin onu təxribata çəkməsini nəzərə alaraq, Ramil Səfərovun məhkəməsi yenidən keçirilməli, cəzası yüngülləşdirilməli və cəzasının qalan hissəsini Azərbaycanda çəkməsinə şərait yaradılmalıdır. Bu hadisənin presedenti kimi 1921-ci ildə erməni Soqomon Tehliryanın Osmanlı dövlətinin vəziri Məhmət Tələt Paşanı Berlində qətlə yetirməsi, alman məhkəməsinin onun psixoloji vəziyyətini nəzərə alaraq bəraət qazandırması da göstərilmişdir.
Oqtay BAYRAMOV
Azərbaycan.- 2012.- 14 avqust.- S. 5.