Ürək həkimi
Kardiologiya tibbin ən çətin, ağır və məsuliyyətli bir sahəsidir. Xalq arasında bu sahənin mütəxəssislərinə "ürək həkimi" deyirlər. Belə çətin sənətin yükünü ömürlük çiyinlərinə götürənlərin ilk növbədə özləri ürəkli, cəsarətli olmalıdırlar. Çünki ürəyin ağrısını duymaq üçün ən həssas, ən incə duyğulu qəlb gərəkdir. Onu sağaltmaq isə dərin bilik, peşə səriştəsi, daim öyrənmək həvəsi və hər ürəyə fərdi münasibət lazımdır.
Artıq bir neçə onillikdir ki, xəstələr əsl ürək həkiminə xas olan yüksək keyfiyyətləri tanınmış kardioloq alim, tibb elmləri doktoru, professor Adil Baxşəliyevdə dərhal tapırlar. Səbəbi isə odur ki, A.Baxşəliyev onların ürəyinin dərdini də bilir, dərdin çarəsini də! Bir həkim, tədqiqatçı alim, ən mühümü isə ziyalı kimi bu insanın xarakterini səciyyələndirən əsas xüsusiyyət möhkəm iradəsi, həssaslığı və emosional dünyasıdır. Tanınmış tibb xadiminin bütün fəaliyyəti daim axtarışda olmağa, öyrənməyə, obyektivliyə və ədalətə söykənib. O, təkcə vəzifəsini deyil, vətəndaşlıq borcunu da yüksək məsuliyyət və ciddiyyətlə yerinə yetirir. Mənəvi saflığı və əqli kamilliyi özündə birləşdirən həkim kardioloq ilk növbədə nəcib davranışı, mədəniyyəti, sadəliyi, təvazökarlığı, insanlara diqqəti, qayğı və məhəbbəti ilə saya gəlməyən pasientlərinin, onu tanıyanların böyük hörmətini qazanmışdır. Bu insanların içərisində vəzifə adamları, məmurlar, yazıçı və şairlər, dostları, yoldaşları, həmkarları da var, sadə insanlar, qaçqını-köçkünü, himayəsiz, yardıma ehtiyacı olanlar da. Heç kəs ondan "yox" kəlməsini eşitmir. Qəbuluna gələnləri ilk növbədə qayğı və diqqətlə, xoş münasibətlə qarşılayır, onları səbirlə dinləyir. Bu keyfiyyətlər isə həkimlə ünsiyyəti asanlaşdırır. Hamı onun haqqında - maraqlı şəxsiyyətdir, deyir.
A.Baxşəliyev 37 ildir ki, kardiologiya sahəsində uğurlu fəaliyyət göstərir. O, Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, Azərbaycan Tibb Universitetinin "Kliniki farmakologiya" kafedrasının müdiridir. Laborant-həkimlikdən bu yüksək vəzifəyə çatanadək uzun bir yol keçib, pillə-pillə, mərhələ-mərhələ yüksəlib...
Adil Baxşəliyev 1952-ci ildə ziyalı ailəsində dövrünə görə geniş məlumatlı, el ruhunu duyan və bu ali dəyərlərə pərəstiş edən görkəmli iqtisadçı Baxşəli Baxşəliyevin ailəsində dünyaya göz açıb. Baxşəli müəllim müxtəlif illərdə rəhbər vəzifələrdə çalışıb. Ona Azərbaycanın maliyyə naziri kimi məsul vəzifə etibar edilib və 19 il bu vəzifənin öhdəsindən layiqincə gəlib. Ayıq bir müdriklik, cəsarət, səmimiyyət, dövrün ağrılı həqiqətlərini etiraf etmək bacarığına malik, haqqın, halallığın, insaniliyin tərəfdarı olan B.Baxşəliyevin evi həmişə insanların üzünə açıq olub, məsləhət və sayğı yerinə çevrilib. Bu ailədə 6 övlad böyüyüb. Onların hər biri atalarından elmə, təhsilə həvəs, səxavət, humanistlik, milli kökə bağlılıq, fədakarlıq, torpağa, xalqa məhəbbət dərsləri alıb. Anaları Sürəyya xanım isə ömrünü-gününü övladlarını layiqincə böyütməyə həsr edib. Hamısı ali təhsil alıb. Onların beşi orta məktəbi qızıl medalla, dördü isə ali məktəbi fərqlənmə diplomu ilə bitirib.
A.Baxşəliyev məhz belə bir ocaqda böyüyüb formalaşıb, həyat dərsləri alıb. 1969-cu ildə o, Bakının Nərimanov rayonundakı 39 nömrəli orta məktəbi əla qiymətlərlə bitirib. Həkimlik sənətini seçməsi isə təkcə biliyinə arxayın olmasından irəli gəlməyib. Soya-kökə, insanlara bağlılıq, onlarla ünsiyyət qurmağı sevmək və birgə sevinməyi bacarmaq, dərdləşmək qabiliyyəti Adilə təbii ki, irsən verilib. Bu, həm də ailədə gördüyü tərbiyə və nümunədən qaynaqlanıb.
1975-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1976-cı ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birinci terapiya kafedrasında böyük laborant kimi başlayıb. Növbəti iki ildə həmin institutda mərkəzi elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi vəzifəsində işləyib.
Həmin illərdə respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyevin təşəbbüsü və köməyi ilə bir çox azərbaycanlı gənc SSRİ-nin ali məktəblərinə təhsil almağa göndərilirdi. Onların arasında aspirantura təhsili almaq üçün yollanan gənc həkim Adil Baxşəliyev də vardı. O, 1978-ci ildə Moskva şəhərində Ümumittifaq Elmi-Kardioloji Mərkəzdə "daxili xəstəliklər" ixtisası üzrə məqsədli aspiranturada oxuyur. 1981-ci ildə müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir. Bundan sonra Bakıya, əvvəlki iş yerinə qayıdır və yenə də birinci terapiya kafedrasında çalışmağa başlayır. Bu dəfə artıq assistent vəzifəsində.
Üç ildən sonra A.Baxşəliyev Elmi-Tədqiqat Kardiologiya İnstitutuna keçir. 1984-1985-ci illərdə bu institutda arterial hipertoniya şöbəsinin müdiri vəzifəsində işləyir. Elmin çətin, daşlı-kəsəkli yolları onu yenidən Moskvaya çəkib aparır. Beş il (1985-1990) N.İ.Piroqov adına II Moskva Dövlət Tibb İnstitutunda "kardiologiya" ixtisası üzrə doktoranturada olur və doktorluq dissertasiyasını müdafiə edir. O zaman 38 yaşlı perspektivli kardioloqa SSRİ-nin paytaxtı olan böyük şəhərdə bir çox nüfuzlu elmi tibb mərkəzlərində qalıb işləmək təklif olunur. Amma Adil müəllim bu təkidli təkliflərin hamısından imtina edir. Kökündən, soyundan gələn torpağa, xalqa bağlılıq hissi onu yenidən doğma Azərbaycana qaytarır. İndi buna heç də peşman deyil! Həmin dövrdə respublika təlatümlər içində qovrulurdu. Ağır günlər idi... Böhran bütün sahələrdə olduğu kimi, tibb, səhiyyə sahəsində də özünü göstərirdi. Vətənə peşəkar mütəxəssislər lazım idi.
Yüksək elmi potensiala malik tanınmış kardioloq alim 1990-1991-ci illərdə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin "birinci daxili xəstəliklər" kafedrasının müdiri vəzifəsini tutmaq üçün müsabiqədən keçir və həmin vəzifəyə təyin olunur. Növbəti, 1992-ci ildə isə kliniki farmakologiya kafedrasının müdiri seçilir.
A.Baxşəliyevə 1998-ci ildə C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsi tapşırılır. O, eyni zamanda ATU-nun kliniki farmakologiya kafedrasının da müdiri olaraq qalır.
2004-cü
ildə professor elmi adını alır.
Adil
Baxşəliyevin elmi-pedaqoji fəaliyyəti geniş və əhatəlidir.
Bu gün onun bacarıqlı tədqiqatçı, praktik həkim,
nəzəriyyəçi kimi potensialının yüksək
olmasını hamı etiraf edir. O, 300-dək elmi əsərin,
o cümldən 3 dərsliyin, 10 metodik tövsiyənin, 11 tədris
vəsaitinin, 2 ixtiranın müəllifidir. Alim "Ürək
qan-damar sistemi xəstəlikləri" adlı dərslikdə
bu sahədə indiyədək əldə olunan nəzəriyyə
və təcrübəyə əsaslanaraq
proqramlaşdırılmış şəkildə kardioloji xəstəliklər
və onun ayrı-ayrı sindromları haqqında səlis dildə
əhatəli məlumatlar vermişdir. Burada xəstəliklərin
anlayışı, etiologiya və patogenizi, təsnifatı və
klinikası, diaqnostikası, həm də rasional müalicəsi
on üç fəsildə ardıcıllıqla öz əksini
tapır. Bundan başqa, professor A.Baxşəliyevin
"Antiaritmik vasitələr, ürək qlükozidləri"
(1993), "Hipotenziv dərman maddələri" (1995, digər
müəlliflərlə birlikdə), "Klinik
farmakologiya" (Dərslik. 2004 və yeni nəşr, 2009),
"Mədə-bağırsaq sistemi xəstəliklərinin
farmakoterapiyası" (2006), "Kardiologiya"
monoqrafiyası və eyniadlı dərsliyi, "Ürək-damar
xəstəliklərinin diaqnozu və müalicəsi",
"Praktiki kardiologiya", "Psixotrop dərmanların
kliniki farmakologiyası" və s. əsərləri tibb
ictimaiyyəti, professor-müəllimlər, tələbələr
və gənc alimlər tərəfindən maraqla
qarşılanmışdır. A.Baxşəliyevin rəhbərlik
etdiyi kafedrada "Metabolik sindromun arterial hipertoniya və
ÜİX (stenokardiya) zamanı rastgəlmə tezliyi, klinik
gedişi və müalicəsinin
optimallaşdırılması" mövzusunda ciddi elmi-tədqiqat
işləri aparılır.
Bu gün
A.Baxşəliyevi təkcə ölkəmizdə deyil, onun
hüdudlarından kənarda da yaxşı tanıyırlar.
O, doğma vətənini və elmini həmişə ləyaqətlə
təmsil edir. Azərbaycanlı alim Almaniyanın,
Yaponiyanın, Kanadanın, Çexiyanın və s. ölkələrin
kardioloji cəmiyyətlərinin rəyasət heyətinin
üzvüdür. Professor son illərdə Barselonada,
Amsterdamda, Stokholmda, Moskvada, Antalyada, MDB dövlətlərinin
bir çox şəhərlərində keçirilən elmi
konfranslarda, konqreslərdə, beynəlxalq simpoziumlarda
maraqlı məruzələrlə çıxışlar
etmişdir. Həmin məruzələrin mətni nüfuzlu
elmi jurnallarda dərc olunmuşdur. Görkəmli alim ABŞ,
Finlandiya, İspaniya, Çexiya, Hollandiya, İsveç, MDB
ölkələri, Türkiyə və digər yerlərdə
nəşr edilmiş 130-dan çox elmi əsərin müəllifidir.
Bundan başqa, o, Rusiyada çıxan "Terapevt" və
"Kardioloq" jurnallarının redaksiya heyətinin
üzvüdür.
Bütün
illərdə A.Baxşəliyevi düşündürən ən
mühüm problemlərdən biri də yüksək
ixtisaslı kadr hazırlığı məsələsidir.
O, yetirmələrinə hörmət və xüsusi
qayğı ilə yanaşı, həm də tam ciddiyyət
və böyük tələbkarlıq göstərir. Buna
görə də alimin rəhbərliyi altında müdafiə
olunmuş dissertasiyalar elmi-nəzəri səviyyəsi və
praktiki əhəmiyyəti ilə həmişə
seçilir. Elmlər namizədlərinin və doktorların
yetişməsində professorun xidmətləri
danılmazdır. Adil Baxşəliyevin rəhbərliyi
altında indiyədək 37 namizədlik, 5 doktorluq
dissertasiyası müdafiə olunmuşdur. Bundan başqa, o,
neçə-neçə doktorluq dissertasiyasının elmi məsləhətçisi,
onların yüksək səviyyədə yazılıb ərsəyə
gətirilməsinin himayədarı olmuşdur. Sənətinin
vurğunu olan alim tələbələri, dissertant və
aspirantları ilə işləməyi sevən peşəkar
və mahir pedaqoq, tələbkar, qayğıkeş elmi rəhbər
və məsləhətçi, ciddi və obyektiv opponent, təmənnasız
və səmimi dost imicini qazanmışdır.
Adil
Baxşəliyevin son dövrün elmi informasiyalarla zəngin
olan mühazirələri maraqlı, canlı və təbiidir.
O, tələbələri öz nitqinə cəlb etməyi,
elmi problemlərin axarını onların maraq dairəsinə
doğru istiqamətləndirməyi, dinləyiciləri şərh
etdiyi xəstəliklərin ən ümdə tərəfləri
ilə tanış etməyi çox gözəl bacarır. Səsindəki
hərarət, fikirlərinin düzülüşündəki
məntiqi ardıcıllıq, konkretliyə güclü meyil,
mürəkkəb xəstəlikləri sadə və
anlaşıqlı bir tərzdə pasientinə anlatmaq məharəti
onun yüksək natiqlik qabiliyyəti ilə yanaşı,
peşəkarlığı ilə də bağlıdır.
El arasında deyirlər ki, həkim olmaq hər şeydən əvvəl
müdrik olmaq deməkdir. Elə həkmlər var ki, xəstəni
sözlə də müalicə edir. Professor Adil Baxşəliyev
məhz belə həkimlərdəndir. O, analitik münasibət
tələb olunan problemlərin həllində daha
inandırıcı və haqlı görünür. Çox
düşünməyə, tədqiqatlarını
götür-qoy etməyə, müqayisə aparmağa
meyillidir. Bu isə o deməkdir ki, belə zəka sahiblərinə
hansı yönümdən, istiqamətdən baxılsa,
onların simaları kimi gördükləri işləri, əməlləri
də aydın və safdır.
Görkəmli
alim rəhbərlik etdiyi elm ocağı barədə
danışmağı çox sevir. Onun tarixini vərəqləyir,
bugünkü nailiyyətlərindən söhbət
açır. İnstitut fəaliyyətə
başladığı ilk gündən (1980) burada
kardiologiyanın ən vacib problemlərinə həsr
olunmuş elmi tədqiqatlar aparılır, praktik səhiyyə
müəssisələri üçün kadrlar
hazırlanır. Elm ocağının bugünkü nailiyyətlərində
professor Adil Baxşəliyevin əməyi və rolu şəksizdir.
Məhz bu zəhmətin sayəsində Elmi-Tədqiqat
Kardiologiya İnstitutu respublikanın aparıcı elm və
tibb müəssisələrindən birinə çevrilib.
Burada uşaq və yaşlıların kardiologiyası, ürək
çatışmazlığı, arterial hipertoniya, miokard
infarktı, xroniki işemiya şöbələrində
ürək və qan-damar xəstəliklərinin ən aktual
problemləri araşdırılır.
Professor
Adil Baxşəliyevin rəhbərliyi ilə institutda kardioloji
xidmətin çoxşaxəli şəbəkəsi
yaradılıb, poliklinikalarda kardioloji kabinetlər, təcili
yardım briqadaları, rayonlararası kardiologiya mərkəzləri,
telefonla təchiz edilmiş kardioloji məsləhət-diaqnostika
kabinetləri, xəstəxanaların nəzdində
ixtisaslaşmış şöbələr fəaliyyət
göstərməyə başlayıb.
İnstitutun
elmi tədqiqatları əsasən ateroskleroz, ürəyin
işemiya xəstəliyi, kəskin miokard infarktı, arterial
hipertoniya, ürək ritmlərinin pozulması kimi aktual xəstəliklərin
öyrənilməsi, profilaktikası, diaqnostikası və
müalicəsi məsələlərinə yönəldilib.
Bir
sözlə, Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutu
ölkəmizin baş kardioloji müəssisəsi olaraq bu sahəyə
xidmətin elmi inkişafı ilə bağlı
bütün məsələləri
uğurla həll edir. Ən vacib problemlərin
çözülməsi istiqamətində mühüm
işlər görür.
Səriştəli,
yüksək intellektli tədqiqatçı A.Baxşəliyev
ayrı-ayrı məsələlərə öz prinsipial
mövqeyi, elmi səviyyəsi və potensialı
baxımından qiymət verən alimdir. Onun başlıca
xüsusiyyətlərindən biri də öz ixtisası
çərçivəsində qapanıb qalmaması,
geniş elmi diapazona malik olmasıdır. Kardiologiya elminin
inkişafında xüsusi xidmətləri olan Adil Baxşəliyev
ürək, qan-damar xəstəliklərinin diaqnostikası və
müasir müalicə metodlarının təkmilləşdirilməsi,
yeni dərman preparatlarının rolunun dəqiqləşdirilməsi,
respublikada ürək xəstəliklərinin
yayılmasının qarşısının alınması və
profilaktikası sahəsində böyük işlər
görür.
Professor
ürək-damar xəstəliklərinin
çoxalmasının səbəbləri barədə
danışarkən məlum olur ki, bu sualın kompleks
yanaşma baxımından birmənalı cavabı yoxdur. Xəstəliklərin
artması əsasən sosial amillərlə əlaqələndirilir.
Burada xarici mühitin və ekologiyanın təsiri, orqanizmdə
gedən müəyyən proseslər az rol oynamır. Sonuncu məlumatlara
görə isə əsas səbəblərdən biri
müstəqillik illərində artan psixo-emosional gərginliklərlə
bağlıdır. İnsan orqanizmi həmin gərginliyi dərhal
qəbul və həzm etməyə çətinlik çəkir:
- Bizim Moskva alimləri ilə də sıx əlaqələrimiz var. Vaxtilə mənimlə birlikdə Moskvada namizədlik və doktorluq dissertasiyası müdafiə edən alimlərin çoxu indi MDB-nin müxtəlif ölkələrində kadiologiya müəssisələrinin rəhbərləridir, yaxud bu sahənin mühüm problemləri ilə məşğul olurlar. Biz onlarla da fikir mübadiləsi aparırıq. Son illərdə ürək-damar xəstəliklərinin "cavanlaşması" hər yerdə müşahidə olunur. Rusiya Kardioloji Mərkəzinin baş direktoru, akademik Yevgeni İvanoviç də bunu əsas etibarilə psixo-emosional gərginliyin artması, ekoloji faktorlarla, gənc nəslin sabaha inamsızlığı, işsizlik problemləri və s. ilə əlaqələndirir. Qəfil ölüm hallarının 99 faizi ürək fəaliyyətinin pozulması nəticəsində baş verir. Əvvəllər belə hallardan qorunmaq üçün insanlar 50 yaşdan sonra mütəmadi olaraq həkim müayinəsindən keçməli idilər. Amma indi xəstəlik cavanlaşdığı üçün adamlar 35-40 yaşdan sonra özlərini yoxlatmalıdırlar. Kütləvi müayinələr aparılmalı, xəstələr aşkarlanmalı, gızli formada baş verən proseslər müəyyənləşdirilməli, vaxtında profilaktik tədbirlər görülməlidir. ÜST-ün açıqlamalarına görə, 2030-cu ilədək dünyada ölümün ilk əsas səbəbi ürək-damar xəstəliklərindən, xüsusilə insultdan 23,6 milyon insan dünyasını dəyişəcək. Proqnozlara görə, bu xəstəlik ölümün başlıca səbəbi olaraq qalacaq.
Professor Azərbaycanda kardiocərrahiyyənin vəziyyəti barədə də fikirlərini söylədi. Qeyd etdi ki, ölkəmizdə artıq güclü kardiocərrahiyyə bloku yaradılıb. Lənkəran, Naxçıvan, Siyəzəndə müasir tələblərə cavab verən diaqnostik mərkəzlər, kardioloji dispanserlər açılıb. Orada kardiocərrahiyyə ilə bağlı əməliyyatlar yerinə yetirilir. Yaxın bir neçə ildə bu məsələnin ölkədə tam uğurlu həllini tapacağı şübhəsizdir.
Lakin professor eyni zamanda belə hesab edir ki, kardiocərrahiyyə xəstənin müalicəsində yalnız bir mərhələdir. Ürək xəstəsinin müalicəsini ilk nöqtədən sona qədər kardioterapevt aparmalıdır: "Xəstəliyin düzgün diaqnoz qoyulmaqla vaxtında müalicə edilməsi daha çox səmərə verir. Onun fəsadları üzə çıxandan sonra müalicənin effekti də gec görünür. Məsələn, miokard infarktını yaradan risk amillərini tez aşkara çıxarıb müalicə etmək sonrakı çətinlikləri bəri başdan dəf etmək deməkdir".
Həkimin sözlərinə görə, ümumiyyətlə, insan gün ərzində müxtəlif səbəblərdən əsəb gərginliyi keçirir. Bu zaman isə qanda toksiki maddələr, həyəcan hormonları artır. Bütün bunların da nəticəsində ürək-damar xəstəlikləri gizli formadan aşkar formaya keçir. Qəfil ölümə əsasən ürək aritmiyası səbəb olur. Kardioloq deyir ki, əsəb gərginliyinin getdikcə artması qəfil ölüm hallarının baş verməsinə daha çox imkan yaradır. Azərbaycan kardioloqları hazırda bütün bu problemlərin həllinə ən müasir üsullarla nail olmağa çalışırlar...
Kardioloq xəstəliklə mübarizənin gücləndirilməsi qədər insanların ondan qorunmaq üçün də müəyyən tədbirlər görməsinin çox önəmli olduğunu dedi. Bunun üçün sağlam həyat tərzi keçirməyin başlıca şərt olduğunu vurğuladı: "...Fiziki aktivliyi artırmalıyıq. Düzgün və vaxtında qidalanma, yuxu, istirahət, iş şəraiti önəmlidir...".
Professorla qısa söhbətdən sonra biz, ürəyi necə qorumalıyıq, - sualına da cavab tapdıq: "Ürəyə ürəklə yanaşmaq, ona qarşı rəhmli olmaq lazımdır. Çünki o, insan bədənində ən zəhmətkeş orqandır. Gecə-gündüz dayanmır. Biz əsəbiləşirik ürək reaksiya verir, həddindən artıq sevinirik ürək döyünür. Fikirləşir, həyəcan keçiririk ürək bunlara dözür... Əsl kardioloq kimi yetişmək çox böyük zəhmət tələb edir. Bunun üçün həkimin özünün fundamental biliyi, müasir tibbi texnika ilə işləmək bacarığı və yüksək düşüncə qabiliyyəti olmalıdır. Azərbaycanda bu sahədə elə bir mərhələ gəlib çatıb ki, artıq kəmiyyət yox, keyfiyyət barədə fikirləşməliyik. Hər bir həkimin bacarığı, biliyi yüksək səviyyədə olmalıdır".
Məlum həqiqətdir ki, təcrübəli, istedadlı həkim öz bildiklərini həmkarları ilə bölüşəndə insanlara ikiqat kömək etmiş olur. Adil Baxşəliyev illərlə topladığı bilik və təcrübəni öz həmkarları, xüsusilə gənc həkimlərlə bölüşməyi çox sevir. O, bunu hər gün, hər saat auditoriyada, klinikada, adi söhbətdə, əməli iş zamanı da təsdiq edir. Hazırda onun rəhbərliyi ilə 10 həkim tibb üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etməyə hazırlaşır. Üç nəfər isə doktorluq üzərində işləyir.
Alimin iki ixtirası çalışdığı sahəyə çox fayda gətirib. Eləcə də yazdığı dəyərli əsərlər.
Professor Adil Baxşəliyev 1993-1998-ci illərdə respublika Farmakologiya Komitəsinə sədrlik etmişdir. ATU-da fəaliyyət göstərən terapiya ixtisası üzrə problem komissiyasının sədri, uzun illər Səhiyyə Nazirliyinin dördüncü baş idarəsinin məsləhətçisi olmuşdur.
Həkimlik elə bir sənətdir ki, onun sahibi daim öz üzərində işləməlidir. Həkim öyrədirsə, öyrədə-öyrədə özü də öyrənir. O, heç vaxt özünə arxayın olmamalıdır. Əslində, təbabət bir o qədər də dəqiq elm deyil. Eyni xəstəlik ayrı-ayrı insanlarda müxtəlif formada baş verir. A.Baxşəliyev özünün həkimlik, alimlik fəaliyyətində bunları bir an belə unutmur.
Adına-sanına, şöhrətinə, titullarına baxmayaraq, tanınmış kardioloq alim səmimi insan, övladlarını sevən ata, xalqına bütün ürəyi ilə bağlı dəyərli ziyalılarımızdandır. Ömrünün 60-cı ilində işdən, axtarışdan, insanlara xidmət etməkdən yorulmur. Doğru deyir ki, təbiətdən ona gözəl aura verilib. Bax, bu da bir xoşbəxtlikdir. Çünki o, ürək həkimidir, ürəklərə yol tapır...
İradə ƏLİYEVA
Azərbaycan.- 2012.- 14 avqust.- S. 6.