Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak etmişdir

 

Avqustun 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə yeni iqamətgahında iftar süfrəsi açmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir.

Şeyxülislam Allahşükür Paşazadə iftar süfrəsinə dəvət edilən Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gələn din xadimlərini və türkdilli ölkələrdən olan qonaqları dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə onları təbrik etdi və ən xoş arzularını çatdırdı.

Sonra Şeyxülislam Allahşükür Paşazadə dövlət başçısına yeni iqamətgah barədə məlumat verdi.

Qeyd olundu ki, iqamətgah bir il ərzində ən müasir standartlar səviyyəsində inşa edilmişdir. Tikinti işləri zamanı dünya, Şərq və Azərbaycan memarlığının, müxtəlif nəqqaşlıq məktəblərinin nadir nümunələrinə geniş yer verilmişdir. Yeni iqamətgah, eləcə də  ölkəmizdə inşa edilən və ya yenidən qurulan ziyarətgahlar xalqımızın və Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə, dini etiqadvicdan azadlığına həssas münasibətinin parlaq göstəricisidir.

Prezident İlham Əliyevə bildirildi ki, yeni iqamətgahda eyni vaxtda 300 nəfər üçün iftar süfrələri təşkil edilə bilər. İqamətgahda dindarların namaz qılmaları və digər dini ayinləri yerinə yetirmələri üçünmüvafiq şərait yaradılmışdır. Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin nazil olduğu, cənnətin qapılarının açıldığı, on bir ayın sultanı Ramazan ayında istifadəyə verilən yeni iqamətgah Azərbaycan müsəlmanlarına dəyərli töhfədir.

İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

Şeyxülislam Allahşükür Paşazadə mərasimdə çıxış edərək Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi, bunu islam dininə ehtiram və milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymət olduğunu bildirdi. Şeyxülislam qeyd etdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda təşkil olunan iftar süfrələri də ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunubu siyasəti Prezident İlham Əliyevin də uğurla davam etdirdiyini vurğuladı. O, respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafı və nümunəvi tolerantlığı beynəlxalq birliyinetiraf etdiyini diqqətə çatdırdı. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın 155 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini ölkəmizin durmadan artan beynəlxalq nüfuzunun daha bir əyani nümunəsi kimi dəyərləndirdi.

Respublikamızda milli-mənəvi dəyərlərimizin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da xüsusi xidmətlərini vurğulayan şeyxülislam böyük tarixə malik məscid və ziyarətgahlarımızın, sinaqoq və kilsələrin bərpası istiqamətində dövlətin ardıcıl tədbirlər həyata keçirdiyini bildirdi. O, qeyd etdi ki, əgər sovet dövründə respublikamızda cəmi 18 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı iki minədəkdir.

Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə Prezident İlham Əliyevə və xalqımıza ən xoş arzularını çatdırdı.

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda hökm sürən tolerantlığın beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bildirdi və ölkəmizin bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğuladı.

Rusiya Federasiyası Qaraçay-Çərkəz və Çeçenistan respublikalarının müftiləri İsmayıl BerdiyevSultan Mirzəyev müqəddəs Ramazan bayramı münasibətilə Şimali Qafqaz xalqlarının ən xoş arzularını Prezident İlham Əliyevə və mərasim iştirakçılarına çatdırdılar. Onlar ölkəmizə hər səfərlərində sürətli sosial-iqtisadi inkişafın şahidi olduqlarını qeyd etdilər.

Prezident İlham Əliyev iftar mərasimində çıxış etdi.

Dövlət başçısı gözəl ənənəyə çevrilən iftar süfrəsini cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi dəyərləndirdi. Azərbaycan Prezidenti əsası ulu öndər Heydər Əliyev və Şeyxülislam Allahşükür Paşazadə tərəfindən qoyulan bu ənənənin indiuğurla davam etdirildiyini bildirdi. Dövlət başçısı Azərbaycanda dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını və ölkəmizdə bütün millətlərin nümayəndələrinin bir ailə kimi yaşadıqlarını qeyd etdi. Prezident İlham Əliyev bəşəri dəyərlərə hörmətlə yanaşan, beynəlxalq birliyə inteqrasiya edən Azərbaycanın islam həmrəyliyinə də töhfələrini əsirgəmədiyini vurğuladı.

Azərbaycanda əsaslı sosial-iqtisadi inkişafa nail olunduğunu bildirən Prezident İlham Əliyev dünyada maliyyə və iqtisadi böhranın hökm sürdüyü indiki dövrdə də respublikamızın uğurlu inkişafını davam etdirdiyini vurğuladı. Dövlət başçısı XXX London Yay Olimpiya Oyunlarında idmançılarımızın uğurlu çıxışlarını ölkəmizin hərtərəfli inkişafının əyani nümunəsi və bu sahənin tərəqqisi üçün dövlət səviyyəsində aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin Vətən qarşısında xüsusi xidmətlərinin olduğunuonun beynəlxalq səviyyədə də böyük nüfuz qazandığını bildirdi.

Dövlət başçısı iftar mərasimi iştirakçılarına və xalqımıza Ramazan ayı münasibətilə ən xoş arzularını çatdırdı.    

Sonra iftar süfrəsi açıldı.

(Mərasimdən hazırlanan geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 15 avqust.- S. 1.