İşğal altında saxladığı Azərbaycan torpaqlarını dinc yolla geri qaytarmaq istəməyən Ermənistan yeni müharibəni günbəgün yaxınlaşdırır

 

  Bakıda səfərdə olan ABŞ-ın Oklahoma Ştatı Milli Qvardiyasının komandanı general-mayor Mayls Dirinq avqustun 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə ABŞ-ın strateji tərəfdaş ölkələr olduğunu diqqətə çatdıran müdafiə naziri Silahlı Qüvvələrimizlə Oklahoma Ştatı Milli Qvardiyası arasında uzun müddət davam edən səmərəli hərbi əməkdaşlığın təqdirəlayiq olduğunu bildirmişdir.

Regiondakı mövcud hərbi-siyasi vəziyyətlə qonağı tanış edən S.Əbiyev demişdir ki, Ermənistan təcavüzkar siyasətini davam etdirməkdədir. İyirmi ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarını dinc yolla geri qaytarmaq istəməyən Ermənistan yeni müharibəni günbəgün yaxınlaşdırır.

Müdafiə naziri bildirmişdir ki, vasitəçi rolunu oynayan Minsk qrupunun fəaliyyəti də indiyədək konkret heç bir nəticə verməmişdir. Belə vəziyyətdə Azərbaycanın öz ordusunu gücləndirərək işğal altında olan torpaqlarını azad etməkdən başqa yolu qalmır.

 

 

Azərbaycan.- 2012.- 15 avqust.- S. 2.