Azərbaycan idmanının möhtəşəm Olimpiya qələbəsi

 

Bunda Gəncənin öz payı var

 

 Bu il "Eurovision" mahnı müsabiqəsindən sonra daha bir möhtəşəm hadisə ilə tarixə düşdü. Bütün dünyanın nəzərləri Londona yönəlmişdi, XXX Yay Olimpiya Oyunları ilə hamı maraqlanırdı.

Bu mötəbər yarışın 36 idman növündə 302 dəst medal uğrunda mübarizə aparılırdı. Olimpiya çempionu adını qazanmaq üçün 204 ölkədən on min nəfərdən çox idmançı gəlmişdi. Bu nəhəng tədbirdə Azərbaycan komandasının 53 üzvü  idmanın 16 növündə yarışırdı. Fərəhli haldır ki, dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mötəbər tədbirə xüsusi önəm verirdi. Londonda Yay Olimpiya Oyunları çərçivəsində "Azərbaycan günü" keçiriləndə Prezident İlham Əliyev söylədiyi nitqində dedi ki, "Olimpiya oyunları nadir beynəlxalq hadisədir... Əminəm ki, biz bu oyunlarda uğurla iştirak edəcəyik. Bu yarışlar özümüzü təqdim etmək üçün daha bir fürsətə çevriləcəkdir".

Gərgin yarışlar arxada qaldı. Nəticələr göz qabağındadır. Xüsusən avqustun 11-də qazanılmış uğurlar hər yana səs saldı. Həmin gün sərbəst güləş üzrə yarışda Azərbaycan yığmasının üzvləri mübarizəyə qoşuldular. Güləşçilərimizdən ikisi -  Toğrul Əsgərov və Şərif Şərifov keçirdikləri bütün görüşləri qələbə ilə başa vuraraq Olimpiya çempionu adını qazandılar. Onlar milli komandamızın aktivinə 2 qızıl medal əlavə etdilər.

Qızıl medal alanlardan biri Nizami yurdunun yetirməsi Toğrul Əsgərovdur. Toğrul 1992-ci ildə Gəncə şəhərində anadan olub. 2009-cu ildə 7 saylı orta məktəbi bitirib. 2005-ci ildən "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialında respublikanın əməkdar məşqçisi Elçin Zeynalovun rəhbərliyi altında sərbəst güləşlə məşğul olmağa başlayıb. Gərgin məşqlərin ilk bəhrəsini 2008-ci ildə yeniyetmələr arasında respublika birinciliyinin qalibi olarkən gördü. Bu qələbədən sonra Latviyanın paytaxtı Riqa şəhərində yeniyetmələr arasında Avropa birinciliyinin qalibi adını qazandı. Gənclər arasında respublika çempionu Toğrul 2010-cu ildə Avropa çempionu adını qazanmağa müvəffəq oldu. Gənclər arasında keçirilən dünya çempionatında gümüş medal alan idmançımız kişilər arasında keçirilən dünya çempionatında da bu uğuru təkrarladı.

Toğrul idmanın sirlərinə təkcə məşq meydançalarında yox, öncə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yiyələnir. O, 2011-ci ildə gənclər arasında respublika çempionatında və Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Avropa çempionatında qızıl medalın sahibi oldu. Sonra isə  Almaniyada gənclər arasında keçirilən yarışda dünya kubokunu aldı. 2012-ci ilin kişilər arasında respublika çempionu adını rəsmiləşdirən Toğrul Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

Bir sözlə, 19 yaşlı gənc görün hansı zirvələri fəth edib: yeniyetmələrlə gənclər arasında üçqat Avropa çempionu, gənclər arasında dünya çempionu, böyüklər arasında Avropa çempionudünya çempionatının gümüş mükafatçısı, dünya kubokunun, beynəlxalq turnirlərin qalibi...

Qarşıda çox məsul yarışlar vardı. Bütün nəzərlər Londona - XXX Yay Olimpiya Oyunlarına yönəlmişdi. 60 kiloqram çəki dərəcəsində Azərbaycan yığmasının şərəfini qoruyan idmançımız əvvəlki uğurlara görə ilk mərhələdən azad idi. Həmyerlimizin ilk rəqibi səkkizdəbir finalda almaniyalı Tim Şteyher idi. Toğrul birinci hissəni 2:0 hesabı ilə başa vurdu. İkinci hissədə isə pəhləvanımız rəqibini 7:1 hesabı ilə məğlub etdi. Dörddəbir finalda Avropa çempionunun rəqibi yaponiyalı Kenişi Yumoto oldu. Toğrul bu görüşdə minimal hesabla (3:2) qələbə qazanaraq yarımfinala çıxdı.

Finala gedən yolda güləşçimiz amerikalı Koleman Skottla qarşılaşdı. Toğrul görüşün birinci hissəsində 1:0, ikinci hissəsində isə 4:0 hesabı ilə qalib gəldi. Finalda həmyerlimizin rəqibi rusiyalı pəhləvan Besik Kuduxov idi. Toğrul ilk hissədə 1:0, ikinci hissədə isə 5:0 hesabı ilə qələbə qazanaraq Olimpiya çempionluğunun sevincini yaşadı. Beləliklə, o, London Olimpiadasında milli komandamıza ilk qızıl medalı qazandırdı.

Gəncəli pəhləvanın qələbəsi olimpiyaçılarımız üçün dönüş nöqtəsi oldu. İlk dəfə olaraq o, bu möhtəşəm yarışda Azərbaycanın bayrağını ucaltdı, müstəqil dövlətimizin himnini səsləndirdi. Elə həmin gün Şərif Şərifovun uğuru Azərbaycana ikinci qızıl medal gətirdi.

Çempionun ocağında özgə aləm var. Biləndə ki, bu gün Toğrul güləşəcək, qohum-qonşu bir yerə yığışmışdı. Gürcüstandan da gələn çoxdu. Hamı həyəcanla, intizarla görüşü izləyir, gərgin mübarizənin sonunu gözləyirdi. Baxırsan hamıda inam var: Toğrul mütləq qələbə çalacaq!

Səməndər baba bir qədər təmkinlidir. Ara-sıra qırıq-kəsik söhbət edirik. Uzun illər 7 saylı məktəbin direktoru olub.

- Toğrul öz yanımda oxuyub, - deyir. - İdmana da özüm aparıb gətirirdim. Baxırdım ki, güləşə böyük həvəsi var. Məşqçilərdən birinə tapşırdım. Dedim ki, əldən-ələ keçməsin. Qoy birinin göstərdiyi yolla getsin.

Səməndər Hüseynov özü uzun illər idmanla məşğul olub. Sambo üzrə SSRİ idman ustası adını alıb.

Söhbətimiz tez-tez kəsilir. Gah yarışda yaranan gərginlik, gah da dost-tanışın telefon zəngləri, illah da ki, Gürcüstandakı tanış-bilişin sorğu-sualı ara vermir.

Toğrul qələbə qazananda isə aləm bir-birinə qarışdı. Ağız deyəni qulaq eşitmirdi. Qışqıran kim, gülən kim, oynayan kim! Qolu güclülərdən biri həyətə qaçıb qurbanlıq qoçu kəsdi.

Elə bu ara Londondan zəng gəldi. Telefonu baba götürdü. "Toğruldur" dedi. baba danışdı, nə nəvə, ikisi də sevincdən ağlayırdı.

Toğrulun dayısı İlkin Hüseynovu bir kənara çəkirəm. O da idmançıdır. Cüdo və sərbəst güləş üzrə dörd dəfə Azərbaycan çempionu olub. Mehriban, istiqanlı adamdır. Toğrula idmandan dərs deyib. Neçə il onun sinif rəhbəri olub. Deyir ki, bircə dəfə də görməmişəm ki, Toğrul dərs buraxsın, məşqə geciksin. Onun bu mərtəbəyə çatmasında əməkdar idman ustası Elçin Zeynalovla yanaşı, əməkdar məşqçilərdən Elman Əsgərovun, Firdovsi Umudovun və başqalarının da zəhməti çox olub. Öncə isə həyatın hər sahəsinə olduğu kimi, idmana da geniş meydan açan Prezident İlham Əliyevə ürəkdən minnətdarıq.

Olimpiya çempionunun nənəsi Aləmzər, anası İnarə xanımla söhbət etmək istəyirik. Haylı-küylü qohum-əqrəbadan ayırmaq olmur. Qoy sevinci, fərəhi sərbəst surətdə yaşasınlar.

Toğrulun xalası, Səməndər babanın sonbeşiyi Aynur Qurbanova 23 saylı məktəbdə dərs deyir. Bacısı oğlunun uğurundan vəcdə gəlib.

- Mənim oğlum Əli də dayısına baxıb güləşə gedir, - dedi. - 16 yaşı var. Artıq bir neçə fəxri fərman, tərifnamə alıb. İndi Qubada, təlim məşqlərindədir. Bayaqdan neçə dəfə zəng edib. Deyir ki, sabah Bakıya gedirik, qəhrəmanla görüşmək üçün.

Toğrul Əsgərovun və Şərif Şərifovun final görüşləri Gəncənin mərkəzi meydanında quraşdırılmış nəhəng monitorda canlı yayımlanırdı. Yüzlərlə şəhər sakini gecə yarıyadək monitorun qarşısında dayanaraq arzu və ümidlə yarışın gedişini izləyir, idmançılarımızın hər addımını alqışlayırdılar. Şəhər sakinləri, idman ictimaiyyətinin nümayəndələri Gəncədə doğulub boya-başa çatmış Toğruldan qələbə, yalnız qələbə gözləyirdilər.

Vaxt yetişdi. Döşək üzərinə çıxan Toğrul finalda dördqat dünya çempionu, rusiyalı idmançı ilə üz-üzə gəldi. Birinci hissəni uğurla başa vuran güləşçimiz ikinci hissədə də rəqibini pərişan etdi. Qələbənin sevincini sonadək yaşayan gəncəlilər təltifetmə zamanı Azərbaycanın himnini meydan boyu birgə oxudular.

Alqışlar, təbriklər, xoş sözlər hər yanı bürüdü. Bütün şəhər sevinc, fərəh içində idi.

Azərbaycan Aqrar Universitetinin dosenti Almaz Aşırov deyir ki, bu, təkcə Gəncə idmançısının deyil, bütün Azərbaycanın qələbəsidir. Bu, son illər ölkə həyatının hər sahəsinə olduğu kimi, idmanın da inkişafına göstərilən tükənməz qayğı və diqqətin bəhrəsidir.

Şair-publisist Bahadur Fərman maraqlı bir faktı xatırladır: "İki il bundan əvvəl Aqrar Universitetin baş binasının akt zalında Gəncə müəllimlərinin konfransı keçirilirdi. O vaxt Toğrul yenicə sərbəst güləş üzrə gənclər arasında Avropa çempionatının qızıl medalını almışdı. Dedim ki, Toğrulu konfransa dəvət edək, çempion kimi müəllimləri təbrik etsin. Təklifim qəbul olundu. Toğrul konfrans iştirakçılarını təbrik edərək dedi: "Əziz müəllimlər, sizə söz verirəm ki, Olimpiadanın qızıl medalını Gəncəyə gətirəcəyəm!" İgid gəncəli balası dedi və sözünə də kişi kimi əməl elədi".

Etibar Ələkbərov (sürücü): - Neçə gündür Olimpiadanın gərginliyini yaşayıram. Evdə otura bilmədim. Oğlumu da götürüb mərkəzi meydana gəlmişəm. Ürəyimə dammışdı ki, Toğrul birinci yerə çıxacaq. Keçən il Moskvada final yarışında haqq-nahaq üstünlüyü Besik Kuduxova verdilər. Budur, onlar yenidən xalça üstündə görüşdülər. Axır ki, haqq yerini tapdı. Həmyerlimiz köhnə rəqibini üstələdi, halal payını, Olimpiadanın qızıl medalını aldı.

Mikayıl Yanar ürək sözlərini poeziyanın dili ilə ifadə edir:

 

Xalqımın əyilməz nər oğlu kimi,

Gərgin döyüşlərdə tilsimi qırdın.

Meydanda dayandın Koroğlu kimi,

Qarşına çıxanı bir-bir aşırdın.

 

Oldun Olimpiya qəhrəmanı sən,

Sevincdən gözümdə yaş gilələndi.

Üçrəngli bayrağım göyə qalxanda

Qəlbimdə arzular gülə bələndi.

 

Bu qeydləri yazdıqca dövlət başçısının müdrik sözləri bir daha yada düşür. Prezident İlham Əliyev elə ilk günlərdə demişdi: "Biz bu oyunlarda uğurla iştirak edəcəyik. Bu yarışlar özümüzü təqdim etmək üçün daha bir fürsətə çevriləcəkdir".

Bəli, dünya müstəqil Azərbaycanın qüdrətini bir daha gördü, tanıdı, etiraf etdi.

Azərbaycan yığma komandası XXX London Yay Olimpiya Oyunlarında hünərlə, böyük əzmkarlıqla çıxış edərək 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazandı. Bu, Azərbaycanın ümumi tərəqqisinin daha bir göstəricisidir.

Tarixi qələbənin sevincindən qanadlanan gəncəlilər ürəklə, fərəhlə deyirlər: "Bu uğurları qazananlara, onlara hər şəraiti yaradıb ilham verənlərə eşq olsun!"

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 15 avqust.- S. 3.