Milli Olimpiya hərəkatı tarixində yeni səhifə

 

İdmançılarımız XXX London Yay Olimpiya Oyunlarında böyük uğura imza atdılar

 

 Britaniya paytaxtının ev sahibliyi etdiyi sayca 30-cu Olimpiada tarixə qovuşdu. Həmişə olduğu kimi, bütün dünyanın həyəcanla izlədiyi Oyunlar həm fərəhli, həm də qəmli anlarla, həm sevincdən, həm də kədərdən doğan göz yaşları ilə yadda qaldı.

İndi Londondan qələbə ilə qayıdanlar uğurlarını möhkəmlətmək, uduzanlar məğlubiyyətin səbəbləri barədə düşünürlər. Daha çox isə Olimpiadanın yekunlarından söhbət gedir, buya digər ölkənin olimpiyaçılarının əldə etdiyi nəticələr, qarşıya qoyulmuş məqsədlərin nə dərəcədə reallaşdırıldığı müzakirə edilir.

Azərbaycan idmançılarının Olimpiya Oyunlarında iştirakı və göstərdiyi nəticələr bir neçə cəhətdən diqqəti cəlb edir. Olimpiyaçılarımız bu dəfə ölkə rekordlarını bir neçə dəfə yenilədilər. Beləliklə, ilk dəfə olaraq Olimpiadaya rekord sayda - 53 idmançı göndərdik. İdmançılarımızın təmsil olunduqları idman növlərinin sayı (16) da rekord idi.

İlk dəfə rekord sayda - 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) qazandıq. Yeri gəlmişkən, təmsilçilərimiz hər Olimpiadada medal sayında əvvəlki rekordu təzələyirlər: Atlanta (1996) - 1 medal, Sidney (2000) - 3 medal, Afina (2004) - 5 medal, Pekin (2008) - 7 medal və nəhayət, London -10 medal!

Medal əyarında da göstərici rekorddur. Belə ki, idmançılarımız 12 il əvvəl - Sidney Olimpiadasında 2 qızıl və 1 bürünc medal qazanmaqla ilk rekorda imza atmışdılar. O vaxt Namiq AbdullayevZemfira Meftahətdinova qızıl, Vüqar Ələkbərov bürünc medal qazanmışdılar. Londonda isə 2 qızıl və 2 gümüş medalla yeni rekord vuruldu. Bu dəfə  Toğrul Əsgərov və Şərif Şərifov  qızıl, Rövşən BayramovMariya Stadnik gümüş medalın sahibi oldular.

Başqa bir rekord medal sıralamasına aiddir. Olimpiya yığmamız Sidneydə199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu yeri tutmuşdusa, Londonda 204 ölkə arasında 30-cu yeri tutdu. Son Olimpiadada medalların sayına görə isə 25-ci olduq.

İdmanın ayrı-ayrı növlərinə gəlincə, başa çatmış Olimpiya Oyunlarında ən çox güləş (13 lisenziya), cüdo (8 lisenziya), boks (8 lisenziya) ağırlıqqaldırmada (6 lisenziya) təmsil olunmuşduq. Nəticələr bir-birindən fərqlidir. Güləşçilərimiz sözün həqiqi mənasında tarix yazdılar. Hər iki qızıl medalı onlar  qazandılar. Olimpiya yığmamızın aktivinə 2 gümüş medalı da pəhləvanlar (Rövşən Bayramov Mariya Stadnik) əlavə etdilər. Digər üç güləşçimiz - Emin Əhmədov, Yuliya Ratkeviç  Xetaq Qazyumov isə çıxışlarını bürünc medalla başa vurdular. Bütövlükdə güləşçilərimiz 7 medal qazandılar. Möhtəşəm uğurdur! Deməli, Azərbaycan güləşinin ənənələri yaşayır.

Eyni sözləri cüdoçular haqqında demək mümkün deyil. Təəssüf ki, cüdoçuların heç biri ümidləri doğrultmadı. Halbuki ən azı Pekin Olimpiadasının çempionu Elnur Məmmədlidən medal gözləyirdik. Ağır atletlərdən isə yalnız Valentin Xristov medal (bürünc) qazandı. Bu, olimpiyaçılarımızın Londonda əldə etdiyi ilk medal idi.

Boksdan ayrıca danışmaq lazımdır. 8 bokçudan 3-ü 1/16 finalda, 3-ü isə 1/8 finalda mübarizəni dayandırdı. İki boksçu - Teymur Məmmədov Məhəmmədrəsul Məcidov bürünc medal əldə etdi. Əlbəttə, bu iki medalın əyarı daha yüksək ola ola bilərdi - hakimlər doğru qərarlar qəbul etsəydilər. Hər iki idmançımızın xalları düzgün sayılmadı. Onları göz görə-görə uduzdurdular. Hakimlərin hərəkətləri əsl biabırçılıq idi. Azərbaycan Boks Federasiyası belə bir ədalətsizliyə kəskin reaksiya verdi, məsələni Beynəlxalq Həvəskar Boks Federasiyasının diqqətinə çatdırdı.

Ümumiyyətlə, hakimlik bütün idman turnirlərində, o cümlədən Olimpiya Oyunlarında ciddi problem kimi tez-tez özünü göstərir. Yeri gəlmişkən, London Olimpiadasında boks yarışlarının hakimlərindən təkcə Azərbaycan şikayətçi deyil. Zərərçəkənlər arasında Rusiya da var. Bu ölkənin idman naziri Vitali Mutko boks və ağırlıqqaldırma başda olmaqla bir sıra idman növlərində hakimlikdən narazı qalmışdır. Nazir hakim qərarlarının ev sahiblərinin lehinə verildiyini, boks yarışlarında əvvəlcədən hazırlanmış ssenarinin həyata keçirildiyini bildirmişdir.

Təbii ki, hər bir insan kimi, hakim də səhv edə, hətta qərəzli ola bilər. Nə etmək olar, idman yarışlarını idarə edənlər arasında belə "korlar" həmişə olub, indivarbundan sonra da olacaq. Heç bir idmançı hakim ədalətsizliyindən sığortalanmayıb. Hakimin bilərəkdən, yaxud bilməyərəkdən səhv etməsinə görə yarışın nəticəsi ləğv olunmur. Acı da olsa, reallıq belədir.

Olimpiadaya qatılan və ümidləri doğrulda bilməyən idmançılara gəlincə, onlar qınaq obyekti olmamalıdırlar. Əlbəttə, Olimpiadaya gedən hər bir idmançı yalnız qələbə barədə düşünür. Amma hər bir idmançının medal alması sadəcə olaraq mümkün deyil - ən azı ona görə ki, medalların sayı idmançıların sayından 10 dəfə azdır. Şübhəsiz, təcrübə, mötəbər yarışlarda iştirak və qazanılan titullar mühüm amillərdəndir. Lakin bu o demək deyil ki, məsələn, Olimpiya çempionu, yaxud dünya çempionu Olimpiadada mütləq medal qazanacaq. Təcrübə qələbə qazanmaqda yeganə həlledici amil olsaydı, Toğrul Əsgərov kimi yeni istedadlar üzə çıxa bilməzdi. Eləcə də Olimpiada ilə bağlı bütün ümidlərin doğrulacağını gözləməyə dəyməz. Çoxları Londonda İspaniyaBraziliya kişi futbol komandalarını əsas favoritlər sayırdı. Bəs nə oldu? İspanlar qrupdan belə çıxa bilmədilər, braziliyalılar isə finalda ortabab Meksika yığmasına uduzdular. Rusiyalı ikiqat Olimpiya çempionu, 28 dünya rekordunun sahibi Yelena İsinbayevanın Londonda bürünc medalla kifayətlənməsi mütəxəssislərdə şok effekti yaratdı. Onları nədəsə günahlandırmaqmı olar? İdmanda təcrübə və hazırlıqla yanaşı, bəxt də, idmançının konkret məqamda əhval-ruhiyyəsi də, hakimin davranışı da rol oynayır. Həm də axı rəqib də idmançıdır, o da qələbə uğrunda mübarizə aparır. Heç bir normal ölkədə uğursuzluğa görə idmançıları asıb-kəsmirlər, sadəcə olaraq olub keçənlərdən ibrət götürürlər.

Sözsüz ki, uğursuz olimpiyaçılarımıza münasibətdə idman ictimaiyyətinin irəli sürdüyü iradların heç də hamısı haqsız deyil. Yəqin ki, ayrı-ayrı idman növləri üzrə mütəxəssislər hər şeyi saf-çürük edəcək, buraxılmış səhvləri ayırd edəcək və lazımi nəticələr çıxaracaqlar.

Bütün bunlar Londonda qazanılmış qələbəyə qətiyyən kölgə sala bilməz. Milli Olimpiya hərəkatının tarixinə qızıl hərflərlə yazılmış bu böyük uğurla yalnız fəxr etmək olar!

 

 

Allahverdi MEHDİYEV

 

Azərbaycan.- 2012.- 15 avqust.- S. 4.