Azərbaycanın
idman şöhrəti daim
yüksəklərdə olacaq
Yenicə başa çatmış London Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları tarixi uğura imza atmışlar. 204 ölkə arasında 30-cu yerdə qərarlaşmış ölkəmiz medalların ümumi sayına görə 25-ci sıradadır. İki qızıl, iki gümüş və altı bürünc əldə etmiş idmançılarımız bu göstərici ilə Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci yerdədir. Azərbaycan olimpiyaçıları öz nailiyyətləri ilə Türkiyə, Belçika, Argentina, Portuqaliya, Kanada, Yunanıstan, Tailand, Bolqarıstan, İsveç, Norveç, Hindistan, İndoneziya, Serbiya kimi dövlətləri geridə qoymuşlar.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də idmançılarımızın çıxışını yüksək dəyərləndirmişdr: "Bu bizim üçün çox uğurlu, Azərbaycanın idman tarixində ən böyük nəticədir. Bu tək medalların sayı ilə yox, keyfiyyəti ilə də fərqlənir. İki qızıl, iki gümüş və altı bürünc medalımız var. Komanda hesabında ilk "30-luq"dayıq. Bəli, bu, Azərbaycanın böyük uğurudur. Hesab edirəm ki, idmançılarımız çox gözəl çıxış etdilər. Əvvəlcə uğursuzluqlar da oldu, medal gözlədiyimiz medalçılar fərqlənə bilmədilər. Lakin medal gözləmədiklərimiz əvəzini çıxdılar. 10 medal qazanmağın xüsusi əhəmiyyəti var. Çünki bu il MOK-un 20 illik yubileyidir, Azərbaycanda "İdman ili"dir, bizim ən sevincli illərimizdəndir. İdmançılar Prezident İlham Əliyevə, xalqımıza böyük bir hədiyyə etdilər".
Şübhə etməmək olar ki, dövlət səviyyəsində böyük diqqət və qayğı ilə əhatə olunan idmançılarımız növbəti mötəbər yarışlarda da, ən əsası Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Olimpiadada möhtəşəm qələbələri ilə yeni tarix yazacaqlar. Bunu hələ London Olimpiadasının gedişi zamanı Cəlilabad İdman Olimpiya Kompleksinin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev də təsdiq etmişdi: "İdman, fiziki sağlamlıq bizim üçün çox vacibdir. İnsanların sağlamlığı o cümlədən insanların idmana olan münasibətindən asılıdır. Bizdə idman siyasəti yüksək səviyyədə aparılır. İdmançılarımız hazırda Londonda Olimpiya Oyunlarında yarışırlar. Biz onları oraya böyük ümidlərlə göndərmişik və əminik ki, yaxşı nəticələr olacaqdır. Artıq birinci medal qazanılıbdır. Əminəm ki, medalların sayı daha da çox olacaqdır. Gələcəkdə Azərbaycanın idman şöhrətini daim yüksəkdə saxlamaq üçün idmanın kütləviliyi daha da geniş şəkildə təmin edilməlidir. Bütün bölgələrdə yaradılan Olimpiya idman kompleksləri məhz bu məqsədi güdür. Uşaqlar, yeniyetmələr kiçik yaşlarından idmana cəlb olunsunlar, idman ilə məşğul olsunlar, fiziki cəhətdən sağlam olsunlar və peşəkar idmançı olsunlar".
Rizvan HİLALOĞLU
Azərbaycan.- 2012.- 15 avqust.- S. 4.