XAN QIZI

 

 Azərbaycan ədəbiyyatı, mədəniyyəti tarixində öz yeri, xidmətləri olan Xurşudbanu Natəvan haqqında ilk dəfə ana nənəmin anası Yaxşı qocamdan eşitmişdim (Qarabağda mənim yaşıdlarım yaşlı nənələrinə "qoca" deyə müraciət edərdilər). Mən uşaq olanda Yaxşı qocam ömrünün gəlinlik çağını XIX əsrdə yaşayıb ahıllığını XX əsrdə başa vurmaqdaydı. O, hər dəfə bizə baş çəkməyə gələndə mənə nağıllar danışardı. Bu nağılların birində isə Yaxşı qocamı kəndimizin qız-gəlini ilə toplaşıb başının dəstəsiylə  Ağcabədinin Kəhrizli kəndindən gəlib, bizim Çəmənlidən keçib el yoluyla Şuşa qalasına gedən Xan qızı Natəvanın tamaşasına duran gördüm. Onun xatirəsində Xan qızı Natəvan at belindəydi, qızıl düyməli çəpkəni, papaqqabağısı, belindəki qızıl kəməri günəşin şəfəqləri altında bərq vururdu. Bu xatirənin sonu məhşur bir bayatı ilə bitmişdi:

 

Burdan bir atlı keçdi,

Atın oynatdı keçdi.

Gün kimi şəfəq saçdı,

Ay kimi batdı keçdi.

 

Mən çox sonralar bildim ki, qoca nənəmin heyranlıqla təsvir etdiyi Xan qızı Xurşudbanu Natəvan imiş. Onu da anladım ki, uzun bir ömür sürmüş Yaxşı qocamın bu dünyada gördüyü və sevdiyi ən böyük şəxsiyyət elə Xan qızı imiş.

 

Zaman keçdi, muğamat saatlarında radiodan eşitdiyim Xan qızının:

Dilbəra, dərdi-dilimdən

belə ünvan etdim

Ki, qəmi-hicrdə dil

mülkünü viran etdim, -

 

mətləli qəzəli ustad xanəndə Yaqub Məmmədovun səsi ilə yaddaşıma köçdü.

 

Təbii ki, ali məktəbdə oxuyanda bu incə qəlbli şairin yaradıcılığı, rəhbəri olduğu "Məclisi-üns" ədəbi məclisi haqqında kifayət qədər bilgi əldə etmişdim. Dünya şöhrətli fransız yazıçısı Aleksandr Dümanın (1802-1870) "Qafqaz" əsərində Xurşudbanu Natəvan və onun əri Xasay xan Usmiyev barədə xoş sözləri oxuyanda çox xoşhal olmuşdum. A.Düma (Ata) polismeysteri rəisi Piqulevskinin evində Xasay xan Usmiyevlə və onun xanımı Xurşudbanu, qayınanası Bədircahan bəyim və uşaqları ilə tanış olmuş, ilk təəssüratlarını belə ifadə etmişdi: "İki azərbaycanlı qadından biri Qarabağın sonuncu xanı Mehdiqulu xanın arvadı, o biri isə qızı (Xurşudbanu Natəvan - M.Ç.) idi. Anaya qırx, qızına iyirmi yaşdan artıq vermək olmazdı. Hər ikisi milli geyimdə idi. Qız zəngin olan milli geyimdə füsunkar görünürdü.

Üç-dörd yaşlı, eynilə anası kimi geyinmiş balaca qız uşağı iri, qara gözlərini təəccüblə bizə zilləyərkən beş-altı yaşında bir oğlan uşağı nənəsinin qucağına sıxılmışdı və təsadüfən, yaxud qeyri-ixtiyari olaraq əli ilə xəncərinin dəstəyindən tutmuşdu.

Tiyəsinin dalı-qabağı - hər iki tərəfi kəsən ülgüc kimi iti, həqiqi bir xəncəri fransız qadını heç vəchlə öz uşağının əlinə verməzdi, ancaq bu, azərbaycanlı qadınının öz uşağına verdiyi bir oyuncaq idi".

Xasay xan Usmiyevin A.Dümaya yazdığı kiçik bir məktubdan onun xanımı Natəvanın əl qabiliyyətindən necə məmnun olduğunu görürük. "Bir saat sonra ondan (Xasay xandan - M.Ç.) kiçik bir məktub aldım. Fransızca mükəmməl tərtib olunmuş bu kiçik məktubda aşağıdakı sözlər yazılmışdı: "Müsyö, Sizin çox gözəl silahlarınız vardır, odur ki bu kolleksiyanıza nəsə əlavə etməyə cəsarətim çatmadı; ancaq xanımım bir pul kisəsini və iki arxalığı qəbul etmənizi xahiş edir. Pul kisəsinin naxışlarını xanım öz əlləri ilə işləmişdir. İmza: knyaz Xasay Usmiyev".

Bu hədiyyənin qarşılığında A.Düma Xan qızına fil sümüyündən şahmat bağışlamışdır.

Natəvanın yaradıcılığı, şəxsi həyatı sonralar da mənim yoluma çıxdı. 1983-cü ildə filologiya elmləri namizədi Bəylər Məmmədovun işlədiyim "Yazıçı" nəşriyyatında "Xurşudbanu Natəvan" monoqrafiyası nəşr olunmuşdu. Bu monoqrafiyanı oxumuşdum və Xan qızının fərəhli- fərəhsiz günlərinin şahidi olmuşdum. Kitabın müəllifi Bəylər müəllimlə dostlaşmışdıq. Bəylər Məmmədov öz imzası ilə oxucunun gözünü "qabar" edənlərdən deyildi. Az-az yazırdı, amma yazdıqları maraqla qarşılanırdı. Çünki hər yazısı tapıntı idi. Bir gün "Ədəbiyyat və incəsənət" qəzetində onun "Xurşudbanu Natəvanın şair qohumları" sərlövhəli maraqlı bir məqaləsini oxudum. O zaman "Yazıçı" nəşriyyatında klassik ədəbiyyat və folklor redaksiyasının müdiri işləyirdim. Bəylər müəllimə zəng vurub onu məqalə münasibətilə təbrik etdim, sonra "yaxşı olar məqalədə adı çəkilən şairlərin şeirlərini toplayasınız, kitab halında çap edək" dedim. O, belə bir niyyətdə olmadığını söyləsə də, təklifimi qəbul etdi və 1989-cu ildə "Natəvanın şair qohumları" kitabı nəşr edildi.

Doğrusu, Xurşudbanu Natəvanın 1886-cı ildə tərtib etdiyi şeir və rəsmlərdən ibarət "Gül dəftəri" albomu barədə də müfəssəl fikirləri ilk dəfə Bəylər Məmmədovun monoqrafiyasında oxumuşdum. Xan qızının müasiri Mir Möhsün Nəvvab da təzkirəsində onun şəxsiyyətinə və rəssamlıq qabiliyyətinə yüksək qiymət verərək yazır: "...əhvalı və məzacı adi, xarici görünüşü eyibsiz, zərif qadındır. Qadınlara xas olan əməllərdə çox mahirdir. Rəssamlıq sənətində çox qabil və kamildir".

Mən hələ sovet dövründə Xurşudbanu Natəvanın, Mir Möhsün Nəvvabın, Yusif Vəzir Çəmənzəminlinin rəsmlərini bir kitabda toplayıb çap etdirmək istəyirdim. Lakin bu istəyim baş tutmadı. 2011-ci ildə M.Füzuli adına Əlyazmalar İnstitutuna gedib şairin "Gül dəftəri" ilə tanış oldum. Düzü, bir əsr bundan əvvəl Xan qızının adi karandaşla çəkdiyi rəsmləri görəndə çox duyğulandım. Təəssüflər olsun ki, dəfələrlə qəzəlləri Azərbaycan və rus (1983) dillərində dərc edilən şairin elm aləminə 1938-ci ilin mart ayından bəlli olan "Gül dəftəri"ndəki rəsmləri o vaxta qədər bütöv halda çap olunmamışdır. Ona görə də bu yeni tərtibdə Natəvanın qəzəlləri ilə yanaşı onun çəkdiyi rəsmləri də verməyi vacib saydıq. Bu rəsmlərin çapa yararlı olub-olmamasını müəyyənləşdirmək niyyəti ilə uzun illər kitab qrafikası ilə məşğul olmuş rəssam Abdulla Ələkbərovla Əlyazmalar İnstitutunun direktor əvəzi, filologiya üzrə fəlsəfə doktoru Paşa Əlioğlunun yanında olduq və bir daha "Gül dəftəri"ndəki rəsmləri nəzərdən keçirdik. Abdulla müəllim bir mütəxəssis kimi rəsmlərin çapının mümkün olduğunu söylədi. Yeni tərtiblə bağlı Paşa müəllimlə fikirlərimi bölüşdüm. O, Əlyazmalar İnstitutunun arxivində Mirzə Rəhim Fənanın, Natəvanın nəvəsi Əkbər Naxçıvanskinin, oğulluğu Mir Həsən Mir Haşım oğlu Ağamirovun, Zülfüqar bəy Hacıbəylinin xatirələrinin saxlandığını və bu xatirələrin şairin həyatını, dünyagörüşünü, "Məclisi-üns"dəki fəaliyyətini öyrənmək baxımından çox qiymətli mənbə olduğunu söylədi. Paşa müəllimdən yeni tərtibə əlavə etmək üçün həmin xatirələrin üzünü köçürtdürməyi və kitaba ön söz yazmasını xahiş etdim.

Ayrı-ayrı vaxtlarda mətbuatda dərc olunmuş xatirələrdən, şairin nəslindən olan insanların söz-söhbətlərindən görünür ki, Natəvanın irsi hələ də hərtərəfli araşdırılıb üzə çıxarılmamışdır. Fikrimizi bu kitaba daxil etdiyimiz tanınmış yazıçı, tərcüməçi Hüseyn Sərifin (1909-1989) "Bir hədiyyənin tarixçəsi" və jurnalist Novruz Novruzovun (İbrahimoğlu) "Xan qızının xatirə əşyaları" məqalələrinə istinad edərək söyləyirik. "Bir hədiyyənin tarixçəsi" məqaləsinin müəllifi Hüseyn Şərif 1944-cü ildə İranda olarkən Muradəli adlı bir şəxsin Xan qızı Natəvanın əlyazmasını ona bağışlamasından, hətta o zaman ədəbiyyatşünas-alim Arif Dadaşzadənin bu əlyazmaları "Natəvanın əlyazmalar fondunda saxlanan digər sənədləri" ilə tutuşdurmasından, "birini qoyub, o birini götürməsindən" söz açır və sonra Arif müəllimin: "Bəs indi necə olsun, Hüseyn, bunlar harada qalacaq, nə etmək istəyirsən?" məntiqli sualı qarşısında Hüseyn Şərifin: "Muradəli xanın yazısını özün gördün, bunları mənə yadigar verib. Sabah Təbrizə yola düşürəm. Sağlıq olsun, qayıdanda məsləhətləşərik", - deyir.

Bu məsləhətləşmənin sonu nə ilə bitib, - bizə bəlli deyil. Çox illər sonra, 28 iyul 1984-cü ildə "Azərbaycan gəncləri" qəzetində "Bir hədiyyənin tarixçəsi" adlı xatirəsini və Natəvanın üç rəsmini, əlyazısının kiçicik surətini çap etdirən müəllif nədənsə əlyazmaların sonrakı taleyindən danışmayıb.

Bəs bu nadir "hədiyyə" necə olub? Doğrudanmı Xan qızına məxsus bu qiymətli hədiyyə it-bata düşüb? S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinə, Əlyazmalar İnstitutuna, ayrı-ayrı şəxslərə müraciət etdim. "Bizdə belə bir əlyazma yoxdur" cavabını aldım. Nəhayət, vaxtilə "Yazıçı" nəşriyyatında mənimlə birgə işləmiş Hüseyn Şərifin oğlu Eldar Şərifova müraciət etdim. O, atası vəfat etdikdən sonra əlyazmaları C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə verdiyini  söylədi. Dərhal Teatr muzeyinə gedib əlyazmalarla tanış oldum. Muzeydə şəxsi arxiv və sənədlər şöbəsində saxlanan bu əlyazma 9 qəzəldən, 4 rəsmdən ibarətdir (Doğrudanmı 1944-cü ildə İranda H.Şərifə verilmiş əlyazmalar ancaq bundan ibarətdir? Hökm vermək çətindir). Rəsmlərə baxan kimi Natəvana məxsusluğu dərhal nəzərə çarpır. Onu da deyim ki, bu rəsmlər Natəvanın "Gül dəftəri"ndə yoxdur. Şeirlərə gəlincə, bu qəzəllərdən yalnız biri bu günə kimi çap olunmayıb (Qəzəllərdən biri isə Mirzə Rəhim Fənaya məxsusdur). Şairin oğluna həsr etdiyi "Getmə" rədifli bu qəzəli də motivi etibarilə eyni rədifli digər şeirləri ilə səsləşir. Onun qəzəlini əsərlərinə əlavə etdik, digərlərini isə çap olunmuş mətnlərlə tutuşdurduq və bəzi qəzəllərdə xırda düzəlişlər etdik.

Xan qızı Natəvanın şəxsiyyətini, ictimai fəaliyyətini xalqımız və dövlətimiz yüksək qiymətləndirmiş, onun adı əbədiləşdirilmişdir. Bu kitab da məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xurşudbanu Natəvanın anadan olmasının 180 illiyi ilə bağlı verdiyi sərəncama müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çap olunub.

Xurşudbanu Natəvanın həyat və yaradıcılığı şair və yazıçılarımızı da ilhamlandırmış, xalq şairləri Səməd Vurğun, Məmməd Rahim, Hüseyn Arif və başqaları onun haqqında şeirlər, poemalar, xalq yazıçıları Əzizə Cəfərzadə hekayələr, İlyas Əfəndiyev "Xurşudbanu Natəvan", şairə Fəridə Əliyarbəyli "Xan qızı", yazıçı Şövkət Məmmədova "Natəvan" pyeslərini, xalq artisti Vasif Adıgözəlov "Natəvan" operasını yazmışlar. Görkəmli heykəltəraş Eldar Ömərov şairin heykəlini yaratmış, bir çox rəssamlar, xüsusilə Altay Hacıyev, Mikayıl Abdullayev və Oqtay Sadıqzadə onun bədii obrazını tablolarda əbədiləşdirmişlər. Xalq rəssamı Altay Hacıyev Xurşudbanu Natəvanın həyatının ayrı-ayrı məqamlarını əks etdirən silsilə rəngkarlıq və qrafika əsərləri yaratmışdır.

Yeri gəlmişkən, kitabda yer almış "Məclisi-üns", "Məclisi-fəramuşan" ədəbi məclislərinin üzvlərindən Mirzə Rəhim Fəna, İsmayıl bəy Daruğə, Məmo bəy Məmai, Mehdiqulu xan Vəfa, Həsən ağa Yüzbaşov və Həsənəli xan Qaradağinin şəkillərini bizə təqdim etdiyi üçün Altay Hacıyevə minnətdarlığımızı bildiririk. Xatırlatmaq yerinə düşərdi ki, "Məclisi-üns"ün katibi Rəhim bəy Fəna Altay Hacıyevin babası Kərbəlayi Səhliyalının dayısı oğludur.

Xan qızı Natəvanın bu yeni nəşrində şairin şeirləri, rəsmləri, həyatı, şəxsiyyəti və ədəbi irsi haqqında yazılmış xatirələrin də toplandığını nəzərə alaraq, onun məşhur qəzəllərindən birinin - "Neçin gəlməz" adı ilə nəşr olunmasını münasib bildik. Ad şərti olsa da, fikrimizcə, bu, həm şairin yaşantılarını, həm də bütövlükdə onun lirikasının leytmotivini özündə daha aydın şəkildə əks etdirir.

 

 

Mustafa ÇƏMƏNLİ

 

Azərbaycan.- 2012.- 15 avqust.- S. 7.