Xan
qızının övladları
Qarabağ hakimi Mehdiqulu xanın ailəsində dünyaya göz açan Xurşudbanu Natəvan dövrünün lirik şairi kimi tanınmışdır. Bu istedadlı xanımın gözəl rəsmləri, əl işləri, zərif naxışlı tikmələri onun necə incə, həssas duyumlu sənətkar olduğunu səciyyələndirən amillərdir. Bəllidir ki, Şuşada yaradılmış "Məclisi-üns" ədəbi məclisinə 25 il rəhbərlik etmiş Xurşudbanu Natəvan həm də Azərbaycanda xeyriyyəçiliyin əsasını qoymuş nəcib şəxsiyyətlərdən biri sayılıb. Ömrü boyu kimsəsizlərə pənah olan, yoxsullara əl tutan, doğma şəhəri Şuşada abadlıq aparan, şəhərə su çəkdirən, hətta Bibiheybət məscidinə ilk yol salan Natəvana xalq böyük ehtiram və hörmətlə "Xan qızı" deyə müraciət edərdi. 1832-ci ildə Şuşada doğulan, 1897-ci ildə dünyasını dəyişən Xurşudbanu Natəvan Ağdamda - şəcərələrinə məxsus İmarət qəbiristanlığında dəfn olunub.
Qeyri-adi xüsusiyyətlərə, məziyyətlərə malik Xurşudbanu Natəvanın həyatı o qədər də xoş keçməyib. Qəzavü-qədərin bəxşişləri onun da taleyinə yazılıb. O, 1847-ci ildə rus ordusunun general-mayoru knyaz Xasay Usmiyevlə ailə həyatı qurub. Xasay Usmiyev xidmətinin son illərində Qafqaz canişini knyaz Mixail Semyonoviç Vorontsovun şəxsi yavəri idi. Elə Xan qızı Natəvanı da canişinlikdə görüb bəyənmişdi. Bu izdivacdan sonra onlar bir müddət Tiflisdə, Dərbənddə yaşayıblar. Xurşudbanunun qəfil xəstələnməsi onları Şuşaya dönməyə vadar edib. Xasay Usmiyev də bir müddət Şuşada qalmalı olub. Xasay Usmiyev böyük fransız yazıçısı Aleksandr Düma (Ata), aktyor Moyne, alim səyyah Marmye, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı və başqaları ilə yaxından dostluq etmişdir. Hətta Qafqaza səyahətə çıxan Aleksandr Düma səfərdən qayıtdıqdan sonra "Qafqaz" əsərində Xasay xanla olan görüşlərindən, onun ailəsindən söhbət açmışdır. Onun xatirələrində bir fikir daha çox diqqət çəkir: "Knyaz (yəni Xasay Usmiyev - F.X.) fransızca parisli kimi danışırdı". Mir Möhsün Nəvvabın yazdığına görə, Xasay qüdrətli Çingiz xanın nəslindəndir. Hətta şəxsi möhüründə belə bir yazı da olub: "Dünyanı fəth edən Çingiz xanın övladlarından Əmir cahandan Knyaz Xasay".
Anasının vəfatından sonra ailədən gələn təpkilər əsasında Xasay Usmiyev vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşudbanunu da özü ilə aparmaq istəyib. Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul edə bilmədiyindən onlar 1864-cü ildə ayrılıblar.
Mehdiquluxan Xasay Usmiyevlə Xan qızı Natəvanın ilk övladlarıdır. Onun ata tərəfi knyaz, ana tərəfi isə Xanoğlan çağırılardı. Təlim-tərbiyəsi ilə Şuşanın məşhur həkimi, şairi, müəllimi Mirzə Sadıq məşğul olmuşdur. Kiçik yaşlarından ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdi. Mehdiquluxan Usmiyev sonralar Tiflisdə hərbi məktəbdə oxuyub, 1874-cü ildə isə Peterburqda zadəgan balalarına məxsus hərbi korpusa daxil olub. Buranı bitirdikdən sonra uzun müddət dövlət qulluğunda - əvvəlcə qoşun eskadronunda xidmət edib, sonra isə Qafqaz ordusunun sərəncamına göndərilib.
Mehdiquluxan Usmiyev rus ordusunun tərkibində müxtəlif müharibələrdə iştirak etmişdir. O, 1895-ci ildə podpolkovnik rütbəsində istefaya çıxaraq Şuşaya qayıtmış, şəhərin ədəbi və mədəni həyatının ən fəal iştirakçılarından biri olmuşdur. Mehdiquluxan Şuşada ikisinifli rus-tatar məktəbinin açılmasına maliyyə yardımı göstərmiş, bu səbəbdən də həmin təhsil müəssisəsinin fəxri müdiri seçilmişdir. Sonralar bu məktəb "Şuşa Nikolayevski rus-tatar məktəbi" adlandırılmışdır. Mehdiquluxanın təşəbbüsü və köməyi sayəsində bu məktəbin müəllimlərinə bir sıra imtiyazlar, o cümlədən dövlət qulluqçusu hüququ da verilmişdir. Mehdiquluxan Usmiyev bu məktəbdə ilk dəfə olaraq müsəlman qiraətxanasının (bu günün dili ilə kitabxana - F.X.) açılmasına nail olmuşdur. Bu nəcib insan öz şəxsi kitabxanasından Azərbaycan, ərəb, fars və rus dillərində olan yüzlərlə kitabı qiraətxanaya bağışlamışdır.
Mehdiquluxan klassik üslubda şeirlər yazırdı. Anasının qəzəllərinə xas olan fikir, üslub, vəzn və qafiyə onun da yaradıcılığında öz əksini tapardı. Təbiətindəki xeyirxahlıq, nəciblik, müdriklik misralarında da duyulardı: "Ey dost, nə qədər ki sağsan, yaxşılıq elə, çıxan nəfəs bir daha geri qayıtmaz".
Maraqlıdır ki, onun şeirləri iki dildə olardı. Azərbaycanca yazdıqlarına Vəfa, farscaya isə Knyaz təxəllüsü qoyardı. Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab" əsərinə onun da yaradıcılığından nümunələr daxil etmişdir. Cəmi 45 il ömür sürmüş Mehdiquluxan Tiflisdə vəfat etmişdir. Vəsiyyətinə görə onu Ağdamda İmarət qəbiristanlığında anasının yanında dəfn ediblər.
Xanbikə (əsl adı Fatmabikə) Usmiyeva qardaşı Mehdiquluxandan bir yaş kiçik idi. O, ana nənəsi Bədircahan Bəyimin himayəsində böyümüşdü. Xanbikə 1858-ci ilin avqustunda valideynləri ilə birlikdə Bakıda qonaq olarkən ata-anasının məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşündə iştirak etmişdir.
Xanbikə də ibtidai təhsilini elə sarayda ailə müəllimləri sayılan Mirzə Sadıqdan almışdı. Xanbikə bir çox məziyyətlərinə görə anası Xurşudbanuya çəkmişdi. Poeziyaya həvəsi vardı, gözəl əl qabiliyyətinə malik idi. O, elə tikmələr öyrənmişdi ki, yaratdıqları zərif sənət nümunəsi kimi diqqət çəkirdi. Azərbaycan, fars dillərində lirik şeirlər yazan Xanbikə anasının rəhbərlik etdiyi "Məclisi-üns"ün ən fəal üzvlərindən idi. Hətta Xurşudbanu qızının bir şeirini 1886-cı ildə tərtib etdiyi "Gül dəftəri"nə daxil etmişdir. Sağlığında yalnız bir şeiri dərc olunmuşdu. Onun şeirləri müxtəlif arxivlərdə qorunur, cüng və şeir dəftərlərində qalmaqdadır. Anasına ünvanladığı məktubda qəzəl janrında yazan Xanbikə doğmasını görün necə məhəbbətlə, həsrətlə arzulayıb:
Əgər
sorağımı tutsan,
olum sana
qurban,
Bəlavü-qüssəvü-qəm
aşiqin
nişanidi, gəl!
Xanbikə naxçıvanlı hərbçi Əmənulla
xanla ailə həyatı qurmuşdu. Ərinin xidməti
işi ilə əlaqədar Xanbikə xanım
Naxçıvanda, Vladiqafqazda, Tiflisdə və başqa şəhərlərdə
yaşamalı olub. Qarabağdan uzun
müddət ayrı düşmək onu çox
üzürdü. Həyat yoldaşının vəfatından
sonra (1884-cü il) Şuşaya
qayıdıb. Xanbikə xanım da elə uzun
ömür sürməyib. 65
yaşını tamamlamamış dünyasını dəyişib.
Onu da İmarətdə torpağa əmanət
ediblər.
Xan
qızının nəvəsi Xasay Mehdiquluxan oğlu Şuşa Realnı Məktəbini
bitirmişdi. Torpaq sahələri və mülkləri
çox olsa da, o, var-dövlətini həmin kəndlərin əhalisinə
bağışlamışdı. Özü
yalnız Seyidli kəndində olan torpaq sahəsindəki
dükanlarının və karvansaraların gəliri ilə
dolanırdı. Sonralar Bakıya
köçən Xasay Azərbaycan Dövlət Muzeyi
Tarix-etnoqrafiya şöbəsinin müdiri işləmişdi.
Elmlə məşğul olan Xasay Usmiyev bədii
nəsrimizin banisi İsmayıl bəy
Qutqaşınlının "Rəşid bəy və Səadət
xanım" hekayəsinin yeganə nüsxəsini tapıb
üzə çıxarmışdır. Bu əsəri
Salman Mümtaz Xasayın vəfatından səkkiz il sonra kitab şəklində çap
etdirmişdir.
Xan qızının nəticəsi Mehdi Usmiyev 1906-cı
ildə Şuşada doğulmuşdu. Tiflisdə Rəssamlıq
Akademiyasına daxil olan Mehdi təhsilini bitirə bilməmişdi.
Atasının qəfil ölümü hər
şeyi yarımçıq qoydu. O, Bakıya qayıdaraq
sonralar Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində
oxudu. Mehdi burada memarlıq ixtisasına yiyələndi.
Ötən əsrin 30-cu illərində onun
layihəsi əsasında Bakının Qaraşəhər və
Montin yaşayış sahələrində bir çox binalar
tikildi, küçə və prospektlər salındı.
O dövrün memarlıq ansambllarının qurulmasında
Mehdi Xasay oğlunun böyük xidməti olub. 1934-cü
ildə Tiflisə dəvət edilən istedadlı Azərbaycan
memarı bu qədim şəhəri bəzəyən onlarla
inzibati və yaşayış binasının, dəmiryol
stansiyasının, sənaye obyektlərinin, sanatoriya komplekslərinin
layihələrini verib. II Dünya
müharibəsi zamanı cəbhəyə yola düşən
Mehdi Usmiyev 1943-cü ildə səhhəti ilə əlaqədar
ordudan tərxis olunaraq öz memarlıq fəaliyyətini davam
etdirib. 1950-ci ildə Moskvaya dəvət alan
Mehdi Usmiyev 20 ildən artıq bu şəhərdə
çalışıb. Demək olar ki,
Rusiyanın böyük şəhərlərindəki iri
tikinti obyektlərinin layihələşdirilməsində
iştirak edib. Bu gün Rusiyanın bir
çox şəhərlərindəki tikililərin
quruluşuna fikir verilsə, Şərq və Azərbaycan
memarlıq elementləri aydın duyular. Ömrünü
Moskvada başa vuran Mehdi Xasay oğlu Domodedovo şəhərinin
müsəlman qəbiristanlığında dəfn edilib.
Mənbələrdən bəllidir ki, Xurşudbanu Natəvan
həm xanlığı təkbaşına idarə etməkdən,
həm də ətrafında dolaşan paxılların
söz-sovundan qurtulmaq üçün ikinci dəfə ailə
qurub. Bəziləri Natəvanın izdivac
bağladığı Seyid Hüseyni "cənublu",
"fəqir" adlandırıblar. Firidun bəy
Köçərli bu fikirlərin
yanlışlığını belə təsdiqləyib:
"Ağa Seyid Hüseyn Qarabağın çox nəcib
seyidlərindən idi". Mir Möhsün Nəvvab
da onu "Qarabağın istəkli və nəcib əyanlarından"
adlandırıb. Tədqiqatçı Bəylər Məmmədov
"Natəvan" adlı kitabında yazırdı: "NatəvanE
1869-cu ildə könlünə yatan Seyid Hüseyn adlı
kasıb bir (təbii ki, Seyid Hüseyn Xan qızı kimi
var-dövlət sahibi deyildi - F.X.) şuşaılya ərə
getdi. Bəziləri Seyid Hüseynin Natəvanın
nökəri, faytonçusu olduğunu da iddia ediblər.
Dəqiq faktlar göstərir ki, Seyid Hüseyn sənətkar
olub. Papaqçı idi. Bu evlilikdən
də Natəvan xanımın üç oğlu dünyaya gəlib:
Mir Abbas, Mir Həsən, Mir Cabbar. Mir Abbas 17
yaşında vəfat edib. Onun
ölümü anaya ağır təsir etdiyindən uzun
müddət Xan qızı bu ağır dərddən
özünə gələ bilməyib.
Yazdığı şeirlərdə də can
yanğısı duyulub. Bir çox şairlər
də Natəvanın şeirlərinə nəzirələr
yazaraq ona təsəlli vermişlər.
Könlünün pərişanlığını şeirlərində
özünəməxsus şəkildə dilə gətirərək
deyirdi:
Yanar
canım, oğul, daim
sənin
nari-fərağında,
Necə pərvanələr
hər dəm
yanar
şəmin ayağında.
Xurşudbanunun Seyid Hüseyndən olan ortancıl
oğlu Mir Həsən saray təhsili görmüş bilikli,
məlumatlı bir gənc idi. O, Şərq ədəbiyyatını,
demək olar ki, əzbər bilirdi. Ərəb və fars dillərini öyrənmişdi. Hətta ruscaya da meyil edirdi. Mir Möhsün Nəvvab
yazıb: "Möhtərəm Xurşudbanu bəyimin və
Seyid Hüseyn ağanın oğlu olan Mir Həsən
xoşsifət, xoşxasiyyət, xoş görünüşlü
bir cavandır. Şeir oxumağı çox
sevir. Özü də hərdən
şeir yazır". Onun da qələmə
aldığı şeirlərdə Xurşudbanunun təsiri
duyulur. Hətta bir sıra qəzəl və
qoşmalarını da elə Xurşudbanuya ünvanlayıb.
Anasına yazdığı nəzirənin birində Mir Həsən
ağa belə söyləyib:
Nə
zülfü yarə, ilahi,
könül mücəxxər olaydı,
Nə elə
zarü-pərişan,
nə də
belə müztər olaydı.
Tədqiqatçı
Bəylər Məmmədov Natəvanla bağlı qələmə
aldığı başqa bir araşdırmasında yazıb:
"Onun mənsub olduğu nəslin mənşəyinə, ənənəsinə,
yaşayış tərzindəki xarakter cəhətlərə
dərindən nəzər saldıqca belə etiqad yaranır
ki, poetik istedad, incə zövq və fitri qabiliyyət Natəvana
yaxın qohumlarından nəsillikcə keçmiş, irs
olaraq ondan da övladlarına miras qalmışdır". Bu
fikrin təsdiqi kimi xatırladaq ki, Xan qızı Natəvanın
dayıları Kəlbəli xan Müsahib, Fətəli bəy
Hali, bibiləri Ağabəyim ağa, Gövhər ağa, əmisi
Əbülfət xan Tuti, əmisi oğlu Cəfərqulu xan Nəva,
bibisi oğlu Qasım bəy Zakir öz dövrlərinin
tanınmış sənətkarları sayılmışlar.
Xurşudbanunun anası Bədircahan xanım da
(gəncəli Cavad xanın şəcərəsindəndir)
sinəsi söz çeşməli, yeri düşəndə
bədahətən şeirlər deyən, bayatılar söyləyən
bir qadın olub.
Heç ola bilməz ki, belə bir nəhəng söz gülüstanının doğma ocağından bu gün ardıcılları - zərif çiçəkləri göyərməsin. Yəqin ki, Şuşanın etibarlı xarıbülbülü kimi, onlar da nə vaxtsa bu dilbər guşəyə qayıdanda ətir saçacaqlar. "Biz varıq" deyəcəklər...
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 15 avqust.- S. 7.