Müqəddəs
Ramazan ayı münasibətilə iftar mərasimində Azərbaycan
Prezidenti İlham Əliyevin çıxışı
- Hörmətli şeyx həzrətləri!
Hörmətli din xadimləri!
Xanımlar və cənablar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Müqəddəs Ramazan ayında bizim görüşlərimiz artıq gözəl ənənəyə çevrilibdir. Bu ənənəni ulu öndər Heydər Əliyev və şeyx həzrətləri qoymuşlar. Bu ənənə davam etdirilir. Mən hər il böyük məmnuniyyətlə şeyx həzrətlərinin iftar süfrəsində iştirak edirəm.
Bugünkü görüşümüzdə Şimali Qafqaz müftilərinin iştirakı xüsusi əhəmiyyət daşıyır. Mən qardaşlarımızı səmimiyyətlə salamlayıram. Onlar Azərbaycana tez-tez gəlirlər. Hər dəfə gələndə çalışırıq ki, görüşək, bir yerdə olaq. Onlar bizim tədbirlərimizdə iştirak etmişlər. Təzəpir məscidinin, Əjdərbəy məscidinin yenidənqurmadan sonra açılışlarında iştirak etmişlər. Gələcəkdə İmamzadə dini-tarixi kompleksinin bərpasından və Azərbaycanın ən qədim məscidi olan Şamaxı məscidinin əsaslı təmirdən sonra açılışında da biz onları görməyə şad olacağıq.
Qafqaz vahid orqanizmdir. Azərbaycan xalqı əsrlər boyu Şimali Qafqaz xalqları ilə bir yerdə olmuşdur. Bu gün bu birlik davam etdirilir. Şimali Qafqaz respublikalarının rəhbərləri dəfələrlə Azərbaycanda olmuşlar. Biz hamımız istəyirik ki, Qafqazda daim sülh, sabitlik, əmin-amanlıq və qarşılıqlı anlaşma olsun. Bu məqsədlərə çatmaq üçün din xadimlərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Şimali Qafqaz müftiləri öz respublikalarında çox böyük hörmətə malik olan insanlardır. Onların bizim hörmətli şeyx həzrətləri ilə əlaqələri, dostluq telləri xalqlarımızı daha da sıx birləşdirir.
Eyni zamanda, bu gün məclisimizdə türkdilli dövlətlərin iqtisadiyyat nazirləri də əyləşiblər. Türkiyə, Qazaxıstan, Qırğızıstanın iqtisadiyyat nazirləri də bizim qonaqlarımızdır. Bu tərkibdəki görüş rəmzi xarakter daşıyır. Çünki Azərbaycan Qafqaz ölkəsidir, eyni zamanda, türkdilli dövlətdir. Azərbaycan o ölkədir ki, burada millətlər, xalqlar, dinlər görüşür, birləşir və bir ailə kimi yaşayırlar. Bugünkü reallıqlar ondan ibarətdir ki, Azərbaycan həm Xəzər hövzəsində, həm türk dünyasında, həm Qafqazda özünəməxsus yerə malikdir. Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkədir. Bunun əyani sübutu keçən ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasına keçirilən seçkilərdir. Dünyanın 155 ölkəsi Azərbaycanın namizədliyini dəstəkləmişdir, bizə inamını göstərmişdir. Biz bu inamı doğrulduruq. Təhlükəsizlik Şurasındakı fəaliyyətimiz çox ciddidir, səmimidir. Biz bu mötəbər təşkilatda beynəlxalq hüququ və ədaləti müdafiə edirik.
Bu gün şeyx həzrətləri din-dövlət münasibətlərinə toxundu. Bu münasibətlərin təməlində ulu öndər Heydər Əliyev dayanmışdı, şeyx həzrətləri dayanmışdır. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur. Eyni zamanda, dövlət siyasətinin müəllifidir. Bu gün Heydər Əliyev siyasəti bütün istiqamətlərdə davam etdirilir - xarici siyasətdə, daxili siyasətdə, din-dövlət münasibətlərinin tənzimlənməsində, sosial məsələlərin həllində. Sadəcə olaraq, həyat davam edir, Azərbaycan inkişaf edir. Qarşımıza yeni çağırışlar çıxır, yeni məsələlər həll olunur.
Azərbaycan çox dinamik inkişaf edir. Ancaq
inkişafımızın əsas istiqamətləri ulu
öndər tərəfindən qoyulmuşdur. Hesab edirəm ki, bu gün Azərbaycanda din-dövlət
münasibətləri nümunəvi xarakter
daşıyır. Bu münasibətlər
nə qədər güclü olarsa, cəmiyyətdə bir o
qədər də sülh, əmin-amanlıq və inkişaf
olacaqdır. Bu münasibətlərin
inkişafında şeyx həzrətlərinin çox
böyük rolu vardır. Şeyx həzrətləri
həm Azərbaycanda, həm xaricdə - Qafqazda böyük
nüfuza malik şəxsiyyətdir. Mən
bu barədə keçən görüşümüzdə
də qeyd etdim. Müxtəlif dövrlərdə
müxtəlif ölkələrin dövlət və hökumət
başçıları ilə görüşlərimdə
şeyx həzrətlərinin fəaliyyətinə çox
böyük diqqət və qiymət verilmişdir. Bu, əlbəttə ki, bizi sevindirir. Bu gün Qafqazda müsbətə doğru gedən
proseslərdə şeyx həzrətlərinin böyük
rolu vardır.
O, Qafqaz
respublikalarına mütəmadi qaydada səfərlər edir və
bu səfərlər bizim üçün, Qafqaz
respublikaları üçün, bütövlükdə
Rusiya-Azərbaycan münasibətləri üçün
böyük məna daşıyır.
Azərbaycan müasir dövlətdir, dünyəvi
dövlətdir. Eyni zamanda, öz milli və dini ənənələrinə
sadiq olan dövlətdir. İslam dəyərləri
bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir
və müqəddəs Ramazan ayı bütün dövrlərdə
Azərbaycan xalqının qəlbində
yaşamışdır. Sadəcə
olaraq, müstəqillik əldə etdikdən sonra bu bayram rəsmi
bayram kimi qeyd edilir.
Milli-mənəvi dəyərlərə söykənən,
inkişafda olan gənc, müstəqil Azərbaycan həm
iqtisadi, həm siyasi, həm də xarici siyasət sahələrində
böyük uğurlara nail olmuşdur. Ancaq gələcəyimiz,
gələcək inkişaf üçün milli dəyərlər
daim diqqət mərkəzində olmalıdır,
qorunmalıdır. Gənc nəsil milli dəyərlər
əsasında tərbiyə edilməlidir, xüsusilə
indiki zəmanədə. Qloballaşan
dünyada bəzi hallarda sərhədlər silinir. Bəzi hallarda ölkələr arasında sərhədlər,
mənəvi sahədə sərhədlər pozulur, sərhədləri
keçirlər. Buna yol vermək olmaz.
Bizi xalq kimi qoruyub saxlayan milli-mənəvi dəyərlərimizdir,
islami dəyərlərimizdir, dilimizdir, ədəbiyyatımızdır.
Əgər biz bundan sonra da ölkəmizin
uğurlu inkişafını istəyiriksə, bu məsələlərə
mütləq diqqət göstərilməlidir. İqtisadi islahatlar daha da sürətlə gedə
bilər, ləng gedə bilər. Bu, o qədər
də böyük problem yaratmaz. Ancaq əgər
milli dəyərlərimizdə hər hansı bir boşluq
yaranarsa, yaxud da ki, milli-mənəvi əsaslarımız zərər
görsə, onda, əlbəttə, ölkə böyük
çətinliklərlə üzləşər.
Biz müstəqil ölkəyik. Müstəqilliyimizin
artıq 20 illik yubileyini qeyd etmişik. Müstəqil
ölkə kimi müstəqil siyasət aparırıq. Siyasətimiz xoşniyyətli, xoşməramlı
siyasətdir. Biz bütün ölkələrlə
bərabərhüquqlu münasibətlər qurmuşuq.
Bütün ölkələrlə yaxşı
münasibətlər qurmaq istiqamətində uğurlar əldə
etmişik. Daxili siyasətdə islahatlar Azərbaycanı
böyük dərəcədə irəliyə
aparmışdır. İqtisadi inkişaf
baxımından Azərbaycan dünya miqyasında ən
sürətlə inkişaf edən ölkədir. Dünyada iqtisadi və maliyyə
böhranının ikinci dalğasının hökm
sürdüyü bir vaxtda Azərbaycanda inkişaf davam edir.
Bu ilin 7 ayının yekunları artıq bəllidir.
İqtisadiyyatımız artır, qeyri-neft
iqtisadiyyatımız isə 10 faizdən çox artmışdır.
Müstəqil siyasət aparmaq üçün əlbəttə
ki, güclü iqtisadi dayaqlar və güclü ideoloji əsaslar
olmalıdır. Azərbaycanda bu amillər vardır.
Bizim ideoloji əsaslarımızı azərbaycançılıq
fəlsəfəsi, azərbaycançılıq məfkurəsi
təşkil edir. Bizim iqtisadi islahatların
təməlində bazar iqtisadiyyatı prinsipləri
dayanır. Sosial siyasətin təməlində
isə insan amili dayanır. Vaxtilə
"nefti insan kapitalına çevirmək lazımdır"
siyasəti bəyan edilmişdi. Bu siyasət
artıq öz bəhrəsini verməkdədir.
Azərbaycanda çox keyfiyyətli və dəyərli
gənc nəsil yetişir. Gənc nəsil vətənpərvərlik
ruhunda tərbiyə alır. Azərbaycan
dünya miqyasında idman sahəsində də qabaqcıl yerlərdədir.
İdmanın inkişafı ölkənin
ümumi inkişafına təsir göstərir və bunu
müəyyənləşdirir. Təsadüfi
deyildir ki, Olimpiya Oyunlarında ölkələr bir növ
bir-biri ilə yarışa girirlər. Kim nə qədər
çox medal qazanırsa, o ölkənin imici bir o qədər
də çox artır.
Olimpiyaçılarımız bir daha göstərdilər
ki, gənc, müstəqil Azərbaycan güclü dövlətdir,
o cümlədən idman sahəsində də
güclüdür. Ən sevindirici hal ondan ibarətdir ki, medallar - qızıl,
gümüş və bürünc medallar qazanan
idmançılar müstəqillik dövründə
yetişmiş gənc insanlardır. Azərbaycan
idmanına son illər ərzində göstərilən diqqətin
hesabına onlar artıq peşəkar idmançılardır.
Onlar Azərbaycanın milli bayrağını
on dəfə qaldırdılar və dövlət himnimizi iki
dəfə səsləndirdilər.
Hər bir sahədə olduğu kimi, idmanda da
inkişaf özünü göstərmişdir. O ki qaldı
mənəviyyatla bağlı olan məsələlərə,
qeyd etməliyəm ki, Azərbaycanda bu məsələlərə
xüsusi diqqət göstərilir. Bütün dini abidələr
təmir edilir, bərpa olunur. Təzəpir, Bibiheybət, Əjdərbəy
məscidləri, İmamzadə, Şamaxı məscidi və
digər məscidlər bərpa olunur, təmir edilir. Digər
dinlərə mənsub olan məbədlər təmir edilir.
Azərbaycan o ölkədir ki, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimizdir. Hörmətli arxiyepiskop Aleksandr ulu öndərin kəlamlarını yada saldı ki, Azərbaycan çoxmillətli dövlətdir və bu, bizim böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Bu sahədə də dövlət siyasətimiz dəyişməz olaraq qalır. Hesab edirəm ki, son illər ərzində Azərbaycanın bu sahədəki uğurları dünya ictimaiyyətinə daha da dolğun şəkildə çatdırılır. Çünki ölkəmizdə keçirilən müxtəlif forumlar, dini konfranslar, dünya dini liderlərinin zirvə görüşləri bir daha göstərir ki, Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi rahat yaşayırlar. Bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır. Bu sahədə Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. Hesab edirəm ki, buna böyük ehtiyac vardır. Çünki heç də hər yerdə vəziyyət bizdəki kimi deyildir. Əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində dini zəmində münaqişələr, toqquşmalar, qarşıdurmalar hələ də davam edir. Bəzi hallarda bu qarşıdurmalar daha da şiddətli xarakter daşıyır və bu, bizi çox narahat edir. Çünki dini zəmində münaqişələr ən təhlükəli münaqişələrdir. Bunların fəsadları çox ağır və acı ola bilər.
Biz hamımız çalışmalıyıq, dünya ictimaiyyəti, mütərəqqi bəşəriyyət çalışmalıdır ki, dini zəmində münaqişələrin sayı azalsın. Buna nail olmaq üçün biz çox diqqətli və məsuliyyətli olmalıyıq. Hamımız - dövlət, hökumət başçıları, media nümayəndələri, din xadimləri, ictimai xadimlər diqqətli, məsuliyyətli olmalıyıq. Çünki bəzi hallarda deyilən yanlış, təhqiramiz bir ifadə böyük fəsadlara gətirib çıxarır. Bəzi hallarda sivilizasiyalararası dialoq haqqında çox sözlər deyilir, amma, əslində, bu dialoqu pozmaq üçün addımlar atılır. Buna yol vermək və göz yummaq olmaz. Bu hadisələr - haradasa müqəddəs Qurani-Şərifin yandırılması, məscidə od vurulması, məscidin gülləbaran edilməsi beynəlxalq ictimaiyyətin qınağına çevrilməlidir. Biz bu hallara biganə qala bilmərik. Nəinki müsəlmanlar, bütün dinlərin nümayəndələri, dünya liderləri öz səsini ucaltmalıdırlar. Hesab edirəm ki, bu məsələlərlə bağlı ciddi düşünməyə böyük ehtiyac vardır. Konkret addımların atılması üçün dünyanın tanınmış siyasi xadimlərinin ciddi sözlərinə ehtiyac vardır.
Bizi, eyni zamanda, narahat edən məsələlərdən biri də islamofobiyanın genişlənməsidir. Buna yol vermək olmaz. Çünki bu yanaşmanın axırı yoxdur. Bu, böyük bir qarşıdurmaya gətirib çıxara bilər. İslama qarşı əsassız ittihamlar, islamofobiya meyillərinin güclənməsi, bəzi xarici mətbu orqanlarda islamın terrorla bərabərləşdirilməsi halları bizi çox hiddətləndirir.
İslam sülh, qardaşlıq, mərhəmət dinidir. Bəzi hallarda terrorçuya islamçı deməklə bütün dinimiz, bütün müsəlman aləmi təhqir olunur. İslamçı terrorist deyildir. İslamçı islam dininə mənsub olan insandır. Bir də ki, terrorun nə milləti, nə də dini vardır. Bu barədə çox danışılır, amma biz gərək artıq praktiki addımlara keçək.
Müstəqilliyimizin ilk illərində və ondan sonrakı dövrdə erməni terrorçuları bizə qarşı 30-dan yuxarı terror aktı törətmişlər. Bu terror aktları nəticəsində 2 mindən çox günahsız insan həlak olmuşdur. Biz bu terror aktlarını hər hansı bir dinlə bağlamırıq. Ona görə də burada məsuliyyət məsələləri ön planda olmalıdır. Xüsusilə siyasətçilərin məsuliyyəti. Bəzi hallarda biganəlik məsələnin müsbət istiqamətdə deyil, mənfi istiqamətdə getməsinə gətirib çıxarır.
Biz Azərbaycanda bütün bu məsələləri təhlil edərkən bir daha görürük ki, doğrudan da, ölkəmizdə nadir bir təcrübə formalaşmışdır. Bu təcrübənin, əlbəttə ki, güclü əsasları vardır. Çünki əsrlər boyu müxtəlif dövrlərdə, müxtəlif ictimai-siyasi quruluşlar çərçivəsində Azərbaycanda bütün xalqlar dözümlülük, tolerantlıq nümayiş etdirmişlər, multikulturalizm şəraitində yaşamışlar. Baxmayaraq ki, o vaxt multikulturalizm anlayışı yox idi. Ancaq bizim həyat tərzimiz məhz multikulturalizmdir. Bu güclü zəmin üzərində ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində müstəqillik dövründə biz bu meyilləri daha da gücləndirdik. Azərbaycan bu siyasəti seçdi. Biz özünü təcridetmə siyasətini deyil, dünyaya açıq olmaq, dünya ilə bir yerdə olmaq və ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq etmək siyasətini aparmışıq. Bu gün isə biz öz həyatımızla, öz dünyagörüşümüzlə və öz praktiki addımlarımızla təcrübəmizi dünya birliyinə təqdim edirik.
Hesab edirəm ki, müqəddəs Ramazan ayında biz bu məsələlərlə bağlı gərək açıq danışaq, fikirlərimizi açıq bildirək. Bir daha demək istəyirəm ki, Azərbaycanda ölkə daxilində bu məsələlərlə bağlı heç bir narahatlıq yoxdur. Məndə Prezident kimi heç bir narahatlıq yoxdur, çünki bütün məsələlər lazımi səviyyədə tənzimlənir. Əminəm ki, bundan sonra - əbədiyyətə qədər Azərbaycanda millətlərarası münasibətlər nümunəvi olacaqdır. Ancaq biz vakuumda yaşamırıq. Biz istəyirik ki, hər yerdə belə olsun. Biz istəyirik ki, heç bir yerdə dini zəmində heç bir qarşıdurma olmasın. Bəzi hallarda biz islam aləminin içində bu qarşıdurmanın şahidi oluruq. Bu, ümumiyyətlə, dözülməzdir.
Beləliklə, deyə bilərəm ki, biz bu məsələlərin müsbət istiqamətdə həlli üçün səylərimizi davam etdirəcəyik. Öz işimizlə, əməllərimizlə beynəlxalq işbirliyini, beynəlxalq həmrəyliyi gücləndirəcəyik, dinlərarası münasibətlərin inkişafına töhfəmizi verəcəyik.
Dünən mən müsəlman ölkələrinin səfirləri ilə görüşmüşəm. O görüş də ənənəvi xarakter daşıyır. Bu gün də onlar buradadırlar. Bir daha demək istəyirəm ki, Azərbaycan islam aləminin bir parçasıdır. Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir, güclənir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini zəmində gedən proseslərə çox yüksək qiymət verir. Bu, bizi daha da ruhlandırır.
Bu fürsətdən istifadə edərək
qarşıdan gələn müqəddəs Ramazan bayramı
münasibətilə Azərbaycan xalqını və
bütün dünya müsəlmanlarını təbrik edirəm.
Sağ olun.
AzərTAc
Azərbaycan.-
2012.- 16 avqust.- S. 1.