Şeyxülislam müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir

 

 Xəbər verdiyimiz kimi, avqustun 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə yeni iqamətgahında iftar süfrəsi açmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir.

Şeyxülislam Allahşükür Paşazadə iftar süfrəsinə dəvət edilən Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gələn din xadimlərini və türkdilli ölkələrdən olan qonaqları dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə onları təbrik etdi və ən xoş arzularını çatdırdı.

Sonra şeyxülislam Allahşükür Paşazadə dövlət başçısına yeni iqamətgah barədə məlumat verdi.

Qeyd olundu ki, iqamətgah bir il ərzində ən müasir standartlar səviyyəsində inşa edilmişdir. Tikinti işləri zamanı dünya, Şərq və Azərbaycan memarlığının, müxtəlif nəqqaşlıq məktəblərinin nadir nümunələrinə geniş yer verilmişdir. Yeni iqamətgah, eləcə də  ölkəmizdə inşa edilən və ya yenidən qurulan ziyarətgahlar xalqımızın və Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə, dini etiqadvicdan azadlığına həssas münasibətinin parlaq göstəricisidir.

Prezident İlham Əliyevə bildirildi ki, yeni iqamətgahda eyni vaxtda 300 nəfər üçün iftar süfrələri təşkil edilə bilər. İqamətgahda dindarların namaz qılmaları və digər dini ayinləri yerinə yetirmələri üçünmüvafiq şərait yaradılmışdır. Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin nazil olduğu, cənnətin qapılarının açıldığı, on bir ayın sultanı Ramazan ayında istifadəyə verilən yeni iqamətgah Azərbaycan müsəlmanlarına dəyərli töhfədir.

İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

 

Mərasimdə şeyxülislam Allahşükür PAŞAZADƏ çıxış edərək dedi:

 

- Bismillahir-rəhmanir-rəhim!

 

Zati-aliləri, möhtərəm Prezident İlham Əliyev həzrətləri!

 

Hörmətli qonaqlar, dini konfessiyaların rəhbərləri!

 

Əziz müftilər!

 

Quranın Yer üzünə göndərildiyi müqəddəs Ramazan ayının bu günündə, Allahın mərhəmət ayında bir süfrə arxasında əyləşməyimizə görə Allah-Təalaya şükür edirəm. Dəvətimi qəbul etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

İslam dini bütün insanlığa, bütün insanlara göndərilmişdir. Bu gün biz dilindən, dinindən asılı olmayaraq, bu süfrənin arxasına yığışmışıq. Bu, Azərbaycanda tolerantlığın, dostluğun, mərhəmətin, qardaşlığın təcəssümüdür. Əlbəttə, bu mərasimimiz bir ənənə şəklini almışdır. Bu ənənənin bünövrəsini dostum, qardaşım, ulu öndər Heydər Əliyev həzrətləri qoymuşdur. Heydər Əliyev həzrətləri, - Allah ona rəhmət eləsin, Allah-Təala onun ömür-gün yoldaşı Zərifə xanıma da rəhmət eləsin, inşallah, - bizə yaxşı bir tövsiyə etmişdir. İnşallah, biz bu tövsiyəni xeyir əməllərimizlə yaşadırıq və yaşadacağıq. Mən çox sevinirəm ki, onun layiqli davamçısı İlham Əliyev həzrətləri bu gün ulu öndərin müəyyənləşdirdiyi yolu uğurla davam etdirir. Möhtərəm Prezidentimiz bu gün bizimlə bir süfrə arxasındadır. Buna görə ona dərin təşəkkürümüzü bildiririk.

Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Əlbəttə, bu inkişafı görməyən və görmək istəməyən bəzi qüvvələr vardır. Bəzən müəyyən cərəyanlar və şəxslər dindən siyasi məqsədlər üçün istifadə edirlər. Mən bir misal çəkə bilərəm. Sovet hakimiyyətinin, kommunist rejiminin əvvəllərində Azərbaycanda 1500-dən yuxarı məscid var idi. Amma 1990-cı ildə isə bizim cəmi 17 məscidimiz, 1 ziyarətgahımız qalmışdı. Sovet hakimiyyətinin 70 ili ərzində məscidlərimiz söküldü, dağıdıldı, məhv edildi, kitablarımız yandırıldı, alimlərimiz Sibirə sürgün olundu. Amma azərbaycanlılar öz imanlarını qəlblərində yaşatdılar və bu günədək gətirib çıxara bildilər. Mən müqayisə üçün deyə bilərəm ki, 1990-cı ildən sonrakı dövrdə, xüsusən Peyğəmbər əleyhissəlamın məbəsi (peyğəmbərliyin verilməsi) günü Təzəpir məscidində ulu öndər Heydər Əliyev həzrətlərinin dindarlara müraciətindən sonra dini bir yüksəliş və inkişaf, intibah dövrü başladı. Azərbaycanda müstəqilliyimizin 20 ili ərzində yeni məscidlər tikildi. Bu gün iki minə yaxın məscid və ziyarətgahımız vardır. Bu müqayisədə fərq göz qabağındadır. O insanlar ki bu fərqi görmək istəmirlər, bu, başqa məsələdir. Amma bu gün bu, faktdır. Məscidlərimiz tikilir, bərpa olunur. Bu, həm ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə belə idi, həm də bu gün Prezidentimiz İlham Əliyev həzrətlərinin maddi və mənəvi dəstəyi ilə davam etdirilir. Bibiheybət, Təzəpir, Əjdərbəy məscidləri bərpa olunaraq din qardaşlarımızın ixtiyarına verilmişdir. İndi İmamzadə, Şamaxı məscidi və digər məscidlərimiz yenidən qurulur.

Sovetlər dövründə Azərbaycanı tanımırdılar. Bu gün Azərbaycanı bütün dünya tanıyır. Xatırlayırsınızsa, 1990-cı illərin əvvəllərində biz xarici ölkələrin dini liderlərinə, dövlət rəhbərlərinə mənəvi dəyərlərimizi bərpa etmək üçün bizə kömək göstərmələri barədə müraciət edirdik. Amma bu gün xaricdən həm müsəlmanlar, həm də xristianlar tərəfindən Prezidentimizə, Heydər Əliyev Fonduna müraciət edirlər ki, onların mənəvi dəyərlərinin bərpasına kömək göstərsinlər. Misal üçün, bu yaxınlarda Serbiyada Prezident həzrətlərinin maddi-mənəvi köməyi ilə məscid və mədrəsə təmir edilib dindarların ixtiyarına verilmişdir. O cümlədən oradakı kilsənin bərpasına yardım olunmasını Serbiya patriarxı Prezident İlham Əliyev həzrətlərindən xahiş etmişdi. Kilsə dövlətimizin maddi yardımı ilə bərpa olundu. Açılış mərasimində mən də iştirak edirdim. Serbiyalıların və patriarxın Azərbaycan haqqında və Prezidentimiz barədə söylədikləri xoş sözlərdən qürur duyurdum.

Azərbaycan bütün sahələrdə - həm mədəni, həm də mənəvi sahədə inkişaf edir. Dünya Dini Liderlərinin Sammitinin Bakıda keçirilməsi, müxtəlif dinlərin rəhbərlərinin Azərbaycanda bir araya gəlməsi ölkəmizi dinlərarası dialoq məkanına çevirmişdir. Bu, çox önəmli məsələdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi, yaxud da ki, tariximiz üçün çox qiymətli olan əlyazmaların Vatikandan ölkəmizə gətirilməsi Azərbaycanda dövlətin dinimizə, mənəviyyatımıza, mədəniyyətimizə olan münasibətinin göstəricisidir.

Azərbaycan artıq dünya siyasətinin formalaşmasında mühüm rol oynayır. Azərbaycanın 155 dövlətin səsini qazanaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü seçilməsi və orada dünya siyasətinə təsir göstərən sənədlərə dövlətimizin rəhbərinin imza atması ölkəmizin həm daxili, həm də xarici siyasətinin düzgünlüyündən xəbər verir. Əlbəttə ki, bu uğurları hamı görür və qiymətləndirir. Bunları görməyənlər, yaxud görmək istəməyənlər isə Allah adamı deyillər.

Bizim ən böyük dərdimiz Dağlıq Qarabağ problemidir. Torpaqlarımızın zəbt olunması, bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, əlbəttə, bizi ciddi narahat edir. Dövlətimizin rəhbəri bu problemin həlli ilə ciddi məşğul olur. Mən bu Ramazan ayında Allaha dua edirəm ki, inşallah, tezliklə torpaqlarımız işğaldan azad olsun, Allah-Təala şəhidlərimizə rəhmət eləsin. Allah-Təaladan ulu öndərimiz Heydər Əliyevə rəhmət diləyirəm.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqının gələcəyi və rifahı naminə ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinə toxunaraq dedi:

- Bu gün dostum, qardaşım Heydər Əliyev həzrətləri aramızda yoxdur. Amma onun nuru, onun dühası bizimlədir. Bu gün onun nuru müstəqilliyimizin yoluna işıq saçır və əlbəttə ki, heç bir şəxs, heç bir qüdrət bizi bu yoldan, inşallah, döndərə bilməyəcəkdir.

Şeyxülislam Allahşükür Paşazadə yeni iqamətgahı ilə bağlı dövlət başçısının verdiyi dəstəyi xüsusi vurğulayaraq bildirdi:

- Sizin gördüyünüz bu gözəl və yaraşıqlı binanın layihəsini təsdiq edən Prezident həzrətləridir. Gördüyünüz bu saray Prezident həzrətlərinin köməyi ilə ərsəyə gəlmişdir. Mən istərdim ki, bütün Qafqaz müsəlmanları adından, öz adımdan, ailəm adından belə bir hədiyyəni bizə etdiyinə görə Prezident həzrətlərinə minnətdarlığımı bildirim.

Şeyxülislam Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandrın 60 illik yubileyionun təltifləri ilə bağlı təbriklərini çatdıraraq dedi:

- Burada bir nəfər də əyləşib - Rus Pravoslav Kilsəsinin nümayəndəsi Aleksandr. Bu yaxınlarda onun 60 yaşı tamam oldu. Prezident həzrətləri onu "Dostluq" ordeni ilə təltif etdi. Bu yaxınlarda isə dostum, qardaşım Patriarx Kirill həzrətləri ona arxiyepiskop rütbəsi verdi. Biz onu da təbrik edirik.

Mən burada əyləşən müftilərə müraciət edirəm, xüsusən Qafqazdan gələn müftilərə. Onlar gəliblər ki, Prezident həzrətlərinin əlini sıxsınlar və Sizinlə birlikdə iftar etsinlər. Bu, böyük məsələdir. Bu, ağsaqqallıq, bir-birinə hörmət deməkdir. Mən bunu düşünürəm, buna qiymət verirəm və onlara çox böyük minnətdarlığımı bildirirəm ki, dəvətimi qəbul etdilər və gəldilər.

Mən bir daha Sizi gələcək bayramlar münasibətilə təbrik edirəm, "Xoş gəlmisiniz!" deyirəm. Əminəm ki, biz gələcəkdə də, inşallah, belə iftar süfrələrində iştirak edəcəyik.

Çox sağ olun.

 

* * *

 

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri ALEKSANDR çıxış edərək dedi:

 

- Zati-aliləri, möhtərəm cənab Prezident!

 

Hörmətli şeyx həzrətləri!

 

Hörmətli müftilər!

 

İcazə verin, bizi belə bir möhtəşəm tədbirdə bir araya gətirən bu bayram münasibətilə Sizi təbrik edim. Bu gün mən şəxsən öz dərin minnətdarlığımı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bildirmək istəyirəm. Hesab edirəm ki, müdrik dövlət xadimi kimi Prezident iqtisadi, siyasi və digər sahələrdəki bütün mühüm işləri, o cümlədən ölkəmizin dini həyatını da diqqət mərkəzində saxlayır. Cənab Prezident xeyirxahlıq göstərib dinlərarası əlaqələrin və millətlərarası münasibətlərin gücləndirilməsinə verdiyim kiçik töhfəyə məni "Dostluq" ordeni ilə təltif etmişdir. Cənab Prezident, icazə verin, bizim fəaliyyətimizə yüksək və xüsusi diqqət göstərdiyinizə görə Sizə dərin təşəkkürümü bildirim.

Aleksandr Azərbaycanın beynəlxalq imicinin durmadan artdığını və müxtəlif ölkələrə səfərləri zamanı dəfələrlə bunun əyani şahidi olduğunu vurğuladı. Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri respublikamızda dinlərarası dialoqa xidmət edən yüksək səviyyəli tədbirlərin keçirilməsinin də mühüm əhəmiyyət kəsb etdiyini bildirərək vurğuladı:

- Budur, indi ölkəmizdə gözəl tədbirlər keçirilir. Dünyanın böyük şəxsiyyətləri ölkəmizə səfərlər edirlər. Rəhmətlik Heydər Əliyevin dəvəti ilə MoskvaBütün Rusiyanın Patriarxı II Aleksi, Roma Papası II İohann Pavel ölkəmizə səfər etmişlər. Cənab Prezident İlham Əliyevin dəvəti ilə Patriarx Kirill, Gürcüstanın Patriarxı II İlyabir çox müsəlman, xristian, buddist dini xadimlər ölkəmizdə olmuş və müxtəlif tədbirlərdə iştirak etmişlər.

Aleksandr müxtəlif ölkələrə səfərləri zamanı Azərbaycan haqqında xoş sözlər eşitməsindən məmnunluq duyduğunu bildirərək dedi:

- Mən fəaliyyətimlə əlaqədar bir çox ölkələrə səfərlər edirəm. Əlbəttə, mənim rəsmi titulumu - Bakının və Azərbaycanın yepiskopu olmağımı bildirəndə mənə çox adam - həm azərbaycanlılar, həm də ölkəmizdə olmuş digər xalqların nümayəndələri müraciət edirlər. Onlar soruşurlar ki, bizim Bakı necədir? Ölkəmiz necə inkişaf edir? Nələr baş verib? Həmişə də yalnız müsbət rəylər eşidirsən. İnsanlar öz həmyerliləri ilə görüşəndə sevinirlər. İnsanlar sevinirlər ki, Azərbaycanda belə müsbət dəyişikliklər baş verir. Bunlar sevindiricidir. Əlbəttə, ölkəmizə gələcəkdə də bu cür uğurlu inkişaf arzu edirik. İstəyirik ki, xalqlar arasındakı bu cür münasibətlər daimi olaraq qalsın.

Mən Heydər Əliyevin "çoxmillətlilik bizim sərvətimizdir" sözlərini təkrar etməkdən heç zaman yorulmuram. Dünyanın heçbütün ölkəsində daxili vəziyyət və çoxmillətlilik belə yüksək dəyərləndirilmir. Bu, bizim ölkənin özünəməxsusluğudur, bu, bizim həyat tərzimizdir. Bu, həyat tərzini bizə böyük Heydər Əliyev bəxş etmişdir.

Möhtərəm cənab Prezident, belə bir təntənəli tədbirdə Allahdan Sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar diləyirəm. Mən dostum, çox hörmətli şeyx həzrətlərinə uğurlar arzu edirəm və onu belə bir gözəl iqamətgah münasibətilə təbrik edirəm. İstərdik ki, burada tez-tez xoş münasibətlə yığışaq, belə gözəl insanların əhatəsində olaq. Çalışaq ki, Azərbaycanın beynəlxalq səviyyədə imici bu qarşılıqlı münasibətlər, bu görüşlər sayəsində daha yüksəklərə ucalsın.

Sizə təşəkkür edirəm. Azərbaycan xalqına rifah diləyirəm.

 

* * *

 

Sonra Şimali Qafqaz müsəlmanları adından təbriklərini çatdıran Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl BERDİYEV çıxış edərək dedi:

 

- Hörmətli cənab Prezident!

 

Möhtərəm şeyxülislam, hörmətli həmkarlar!

 

Hörmətli xanımlar və cənablar!

 

Bu əlamətdar gündə sizi Şimali Qafqaz müsəlmanları adından salamlamaq istəyirəm. Bu gün Şimali Qafqaz respublikalarının bütün müftiləri buradadır. Siz Ramazan ayının özəlliklərini çox yaxşı bilirsiniz. Lakin şeyx bizi dəvət edəndə biz hamımız sevinclə buraya gəldik və bu gün sizinlə birlikdə buradayıq. Bu, çox gözəl ev, gözəl saraydır. Hörmətli Prezidentşeyxülislam, Sizə Allahdan xoşbəxtlik və uzun ömür arzulayıram.

Qonaq ölkəmizə səfərləri zamanı sürətli sosial-iqtisadi inkişafın şahidi olduqlarını vurğuladı:

- Bakıya, Azərbaycana gələndə böyük dəyişikliklər görürsən. Siz burada yaşadığınıza görə bəlkə də bütün bu dəyişiklikləri hiss etmirsiniz. Biz isə buraya sovet dövründə və sonrakı dövrdə - o dövrü mən anarxiya dövrü adlandırıram, - o vaxtlar da gəlmişik. Sizdə Elçibəyin dövründə bütün respublikalarda - Rusiyada da, elə sizanarxiya idi. Biz gəlib burada nələr baş verdiyini görürdük. İndiki vəziyyəti əvvəlki ilə müqayisə etmək olmaz. Bunlar tamamilə müxtəlif məsələlərdir. Bütün bunlar Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Şeyxülislamın daim Heydər Əliyevi xatırlaması hədər deyildir. O, olduqca ağıllı, son dərəcə müdrik adam idi. Bütün bu keyfiyyətlər onun oğluna da keçmişdiro, nə görürsə xalqı üçün görür.

Hörmətli Prezident, bu iqamətgaha görə çox sağ olun. Allah qismət etsin, biz burada həmişə yalnız xeyir işlərdə görüşək və bir-birimizin çöhrəsində həmişə təbəssüm və sevinc görək. Hamınız sağ olun.

 

* * *

 

Sonra Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi Sultan MİRZƏYEV çıxış edərək dedi:

 

- Hörmətli İlham Heydəroğlu!

 

Hörmətli şeyxülislam!

 

Hörmətli həmkarlar və qonaqlar!

 

Mən sizi islami qaydada salamlamaq istəyirəm:

 

Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu. Mən Çeçenistan Respublikasının rəhbəri, çeçen müsəlmanları adından həm Azərbaycan Prezidentini, həm bizim qardaşımız, dostumuz şeyxülislamı bu möhtəşəm, gözəl binanın, bu iqamətgahın açılışı münasibətilə təbrik etmək istəyirəm. Qoy bu iqamətgah bizi həmişə xoş hadisələr münasibətilə bir araya toplasın.

Qonaq Prezident İlham Əliyevin Azərbaycanda, eləcə də bütövlükdə Qafqaz regionunda hərtərəfli inkişaf naminə böyük işlər gördüyünü vurğuladı. O, respublikamıza hər bir səfərindən məmnunluq duyduğunu bildirərək dedi:

- Mən Azərbaycana gələndə özümü qonaq kimi hiss etmirəm. Mən özümü doğma evimdəki kimi hiss edirəm. Çünki burada, Azərbaycanda qardaşlarımız bizi səmimiyyətlə qəbul edirlər. Biz də, həmkarlarım da təsdiq edə bilərik ki, burada özümüzü evimizdəki kimi hiss edirik.

 

* * *

 

Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində çıxış etdi. (Dövlət başçısının çıxışı qəzetin bugünkü nömrəsində dərc olunur).

 

* * *

 

Sonra iftar süfrəsi açıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 16 avqust.- S. 2.