Ermənistana silah satılması ilə bağlı yayılan məlumatlar Azərbaycanın müttəfiq olduğu ölkələr arasında münasibətlərə xələl gətirmək məqsədi daşıyır

 

Başqa ölkələrin Ermənistana silah satması ilə bağlı yayılan son məlumatlar rəsmi Yerevanın Azərbaycana qarşı növbəti təxribatıdır. Bu məlumatlar Azərbaycan ilə onun müttəfiq, dost olduğu ölkələr arasında münasibətlərə xələl gətirmək məqsədi daşıyır.

AzərTAc xəbər verir ki, bu sözləri Siyasi İnnovasiyalarTexnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu avqustun 15-də "Qarabağ saatı" mövzusunda keçirdiyi mətbuat konfransında demişdir.

M.Əhmədoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son proseslərə münasibət bildirmiş, məsələnin həlli ilə bağlı rəsmi Bakının mövqeyinin daha da gücləndiyini vurğulamışdır.

SİTM-in sədri demişdir ki, Ermənistanın beynəlxalq maliyyə qurumlarına xarici borcu gündən-günə artır, orduda korrupsiya halları çoxalır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması işğalçı ölkədə sosial-iqtisadi vəziyyəti daha da çətinləşdirmişdir.

Politoloq vurğulamışdır ki, Ermənistanın regionun digər ölkələri ilə münasibətlərində də gərginlik mövcuddur. Bunun əksinə Azərbaycanın xarici siyasəti daha geniş coğrafiyanı əhatə edir. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ini heç bir ölkə tanımamışdır. Bu, digər ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında mövqeyinin ermənilərin ziyanına dəyişdiyinin bariz nümunəsidir.

M.Əhmədoğlu diqqətə çatdırmışdır ki, son hadisələr zamanı erməni tərəfi regionun digər ölkələrini də münaqişəyə cəlb etmək məqsədi güdürdü. Lakin digər ölkələr ermənilərin bu təxribatına razı olmamış və əksinə, Ermənistanı dəstəkləməyəcəyini bəyan etmişlər. Bunu isə həmin ölkələrin rəsmi Bakının mövqeyini dəstəkləməsi kimi qiymətləndirmək olar.

Politoloq hesab edir ki, münaqişənin nizamlanması prosesində müşahidə olunan fəallıq Ermənistanın maraqlarına cavab vermir. Çünki bu fəallıq Azərbaycanın ərazi bütövlüyününsuverenliyinin daha çox nəzərə alınması istiqamətində olacaqdır.

M.Əhmədoğlu Suriyada yaşayan ermənilərin Dağlıq Qarabağın ərazisinə köçürülməsi səylərini də pisləmişdir. Bunun yoxsulluq vəziyyətində yaşayan Ermənistanın və onun rəhbərliyinin dünya ermənilərindən maliyyə yardımı almaq məqsədi güddüyünü demişdir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində ciddi surətdə çalışmalı olduqlarını deyən politoloq vurğulamışdır ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun qurulmasında vasitəçilik etmək Minsk qrupunun vəzifəsidir.

Azərbaycanın hərbi qüdrətinin gündən-günə artdığını qeyd edən M.Əhmədoğlu Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı tezliklə azad etməyə qadir olduğunu demişdir.

 

 

Azərbaycan.- 2012.- 16 avqust.- S. 3.