LONDONDAN BAKIYA ZƏFƏRLƏ

 

Yuliya RATKEVİÇ: "İlk Olimpiadamda medal qazanmaq mənim üçün böyük fəxrdir"

 

"Çox böyük sevinc hissi keçirirəm. Olimpiada yarışları başlayanda rəqiblərimin çox güclü olduğunu gördüm və mənə elə gəldi ki, burada medal qazanmaq bir az çətin olacaq. Ancaq görüşlər arxada qaldıqca məndə özünəinam yarandı.

Bürünc medal qazanmağımı da böyük uğur hesab edirəm. Mən yaponiyalı güləşçi Yoşida Saoriyə uduzdum. Bu idmançı isə finala yüksələrək Olimpiya çempionu oldu. Mən isə bürünc medal uğrunda görüşlərə çıxdım. Təsəlliverici görüşdə ABŞ təmsilçisinə qalib gələrək yarımfinalda Yoşida Saoriyə məğlub olan Rusiya idmançısı Valeriya Jolobova ilə qarşılaşdım. Güclü idmançı idi. İlk hissədə böyük üstünlüklə qalib gəlməyim mənə güc verdi və ikinci hissədə də qələbə  qazanaraq bürünc medala sahib çıxdım. İlk Olimpiadamda bürünc medal qazanmaq mənim üçün böyük fəxrdir. Bizə göstərilən hər cür dəstəyə görə məşqçilərimizə və Azərbaycan dövlətinə minnətdaram".

 

 Valentin XRİSTOV: "Tarixə düşdüyümə görə çox sevinirəm"

 

"London Olimpiadasında Azərbaycana ilk medalı mən qazandırdım. Ayağım düşərli oldu, komandamız Olimpiya tariximizdə ən çox medal qazandı.

Çox sevinirəm ki, Olimpiadanı mükafatçı kimi başa vurdum. Turnir çox yaxşı keçdi. Londona güclü idmançılar toplaşmışdılar. Medal qazandım, tarixə düşdüm və buna çox sevinirəm. Hələ  18 yaşım var. Çox gəncəm və qarşıda yarışlarım da kifayət qədərdir. İnşallah, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadada qızıl medal qazanaram".

 

Xetaq Qazyumov: "Artıq növbəti Olimpiya Oyunları barədə fikirləşirəm"

 

"2008-ci il Pekin Olimpiadasında bürünc medal qazanmışdım. Bu dəfə Olimpiya çempionu olmaq arzusundaydım.

Lakin 1/4 final mərhələsində ukraynalı rəqiblə görüş zamanı səhhətimdə problemlər yarandı. Buna baxmayaraq, sonradan özümü toparlayıb bürünc medal uğrunda görüşdə qalib gəldim. Artıq növbəti Olimpiya Oyunları barədə fikirləşirəm. Karyeramı bitirmək niyyətimdə deyiləm, çünki hələ məqsədimə çatmamışam".

 

Teymur MƏMMƏDOV: "Hakimlərin səhvi üzündən finala çıxa bilmədim"

 

"Boks üzrə milli komandamız Olimpiadaya 8 idmançı ilə qatılmışdı. İki idmançımız Vətənə medalla döndü. Hələ Londona yola düşərkən demişdim ki, çox yaxşı hazırlaşmışıq və mütləq medalla qayıtmalıyıq. Elə də oldu.

Amma finala çıxa bilmədim. Hakimlərin ədalətsiz qərarları məni finaldan kənarda qoydu. Yarımfinalda italiyalı Klemente Russoya məğlub olmadım. Qələbəni ona verdilər. Düzdür, bir az həyəcanlı olurdum. Bunun səbəbi də ilk dəfə Olimpiya Oyunlarında rinqə çıxmaq idi. Amma yarımfinala çox yaxşı hazırlaşmışdım. Hakimlərin səhv qərarı ilə Russo finala çıxdı. Yarımfinal görüşündən sonra ona dedim ki, sən məni udmamısan. Mənimlə razılaşdı və dedi ki, bu onun sonuncu Olimpiadasıdır. Mən bürünc medal aldığıma görə də çox sevinirəm. İndi məqsədim 2016-cı ildə Braziliyada keçiriləcək Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır".

 

 

Məhəmmədrəsul MƏCİDOV: "Verdiyim sözə əməl etdim"

 

"Olimpiadaya yaxşı hazırlaşmışdıq. Dünyanın bir çox ölkələrində hazırlıq prosesi keçmişdik. Olimpiadada xüsusilə mənim çəki dərəcəmdə çox güclü idmançılar mübarizə aparırdılar.

Yadımdadır, Olimpiya Oyunlarına yolasalma mərasimində qəzetinizə verdiyim müsahibədə qeyd etmişdim ki, səylə mübarizə aparıb Vətənə ən azı bürünc medalla qayıdacağam. Gördüyünüz kimi, vədimə xilaf çıxmadım (gülür). Bir məqamı da diqqətə çatdırım ki, bu gün Olimpiadadan gümüş, ya da qızıl medalla qayıda bilərdim. Məlum olduğu kimi, hakimin ədalətsiz qərarları ucbatından bunu gerçəkləşdirə bilmədim. İnşallah, çalışacağam ki, növbəti Olimpiya Oyunlarında daha yuxarı nəticələr əldə edim. Bilirsiniz ki, Londona  komandamız 8 boksçu ilə getmişdi. Lakin bəzi döyüşlərdə şanslı olmadıq, nəticədə iki medalla qayıtdıq. Bir daha Azərbaycan xalqına göstərdiyi dəstəyə görə dərin təşəkkürümü bildirirəm. Hava limanında qarşılanma mərasimi çox yüksək səviyyədə idi. Xalqın bizə etimadını doğrultduğumuza görə çox  sevinirəm. Qarşıda bizi mötəbər turnirlər gözləyir. Yaxşı istirahət edib, bu yarışlara ciddi hazırlaşacağıq".

 

 MOK-un vitse-prezidenti Xəzər İsayev: Gələcəkdə bizi daha böyük nailiyyətlər gözləyir

 

"London Olimpiadasına hazırlıq xüsusi proqram üzrə keçirilmişdir. Bütün idmançılarımız bu mötəbər yarışlarda uğurlu nəticələr əldə etmək üçün səylə hazırlaşmışdılar. Əlbəttə, burada ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin idmanımıza göstərdiyi böyük diqqət və qayğı başlıca rol oynamışdır.

Olimpiya Oyunlarının ilk günlərində bürünc medal qazandıqdan sonra müəyyən səbəblərdən bir müddət durğunluq oldu. Bu, əhval-ruhiyyəmizə müəyyən qədər təsir edirdi. Lakin əmin idik ki, gördüyümüz işlər bəhrəsini verəcək. Nəhayət, Olimpiadanın son günlərində ümidlərimiz doğruldu və ölkəmiz bir-birinin ardınca qızıl, gümüş və bürünc medallar qazandı.

London Olimpiadasında çıxışımızı hərtərəfli təhlil etdikdən sonra Braziliyada keçiriləcək növbəti Olimpiya Oyunlarına hazırlıq proqramı üzərində işləyəcəyik. Ümidvarıq ki, gələcəkdə bizi daha böyük nailiyyətlər gözləyir".

 

MOK-un vitse-prezidenti Çingiz HüseynzadƏ: "İdmançılar Prezident İlham Əliyevə, xalqımıza böyük bir hədiyyə etdilər"

 

"Bu, bizim üçün çox uğurlu, Azərbaycanın idman tarixində ən böyük nəticədir. İki qızıl, iki gümüş və altı bürünc medalımız var.

Komanda hesabında ilk "30-luq"dayıq. Bəli, bu, Azərbaycanın böyük uğurudur. Hesab edirəm ki, idmançılarımız çox gözəl çıxış etdilər. Əvvəlcə uğursuzluqlar da oldu, medal gözlədiyimiz medalçılar fərqlənə bilmədilər. Lakin medal gözləmədiklərimiz əvəzini çıxdılar. 10 medal qazanmağın xüsusi əhəmiyyəti var. Çünki bu il MOK-un 20 illik yubileyidir, Azərbaycanda "İdman ili"dir, bizim ən sevincli illərimizdəndir. İdmançılar Prezident İlham Əliyevə, xalqımıza böyük bir hədiyyə etdilər".

 

 Əjdər CƏFƏROV: "Azərbaycan güləşçiləri Londonda tarix yazdılar"

 

"London Olimpiadası artıq başa çatdı. Bu möhtəşəm yarışma Azərbaycan üçün çox uğurlu keçdi. Azərbaycan güləşçiləri yeni bir tarix yazdılar.

Güləşçilərimiz Olimpiadada 7 medal qazandılar. Bunların 2-si qızıl, 2-si gümüş və 3-ü bürüncdür. Azərbaycannın Olimpiya tarixində hələ belə bir hadisə baş verməmişdir. Hamını təbrik edirəm. Bu, bütün Azərbaycan xalqının qələbəsidir. Ümid edirəm ki, bu qələbələr davam edəcək. Bir gündə himnimizin iki dəfə səsləndirilməsi bizi çox sevindirdi. Hesab edirəm ki, idmançılarımızın Londondakı çıxışları onların digər həmkarlarına örnək olacaq. Mən özüm isə Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi, London Olimpiadasında hakimlik edən beynəlxalq dərəcəli azərbaycanlı referi kimi ölkəmizin idman şərəfini layiqincə qorudum və bizə göstərilən etimdı doğrultmağa çalışdım".

Sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi UMUDOV: "Bu, Azərbaycan xalqının, Prezident İlham Əliyevin qələbəsidir"

"Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçilərinin qızıl medalı olmamışdı. Biz də çalışırdıq ki, London Olimpiadasından Vətənə qızıl medallarla dönərək xalqımızı sevindirək.

Olimpiadada güləşçilərimiz, sözün həqiqi  mənasında, böyük əzmkarlıq göstərdiər. Bildiyiniz kimi,  dövlətimizin, cənab Prezident İlham Əliyevin idmana, idmançılara göstərdiyi qayğının nəticəsidir ki, idmançılarımız Londonda uğurlu nəticələr qazandılar. Hesab edirəm ki, bu qələbə Azərbaycan xalqının, Prezident İlham Əliyevin qələbəsidir. Çalışacağıq ki, bundan sonra uğurların, qızıl medalların sayını artıraq. Güman edirəm ki, idmançılarımız bu qələbəni tez yaddan çıxaracaq və növbəti Olimpiadaya ciddi hazırlaşacaqlar.

Olimpiya Oyunları bir daha sübut etdi ki, Azərbaycanda idman inkişaf edir və idmana dövlət qayğısı yüksək səviyyədədir".

 

Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Saypulla Absaidov: "Növbəti Olimpiya Oyunlarında bundan da uğurlu nəticələr qazanacağıq"

 

"Onu deyə bilərəm ki, bütün komandamız bu yarışlara əzmlə hazırlaşmışdı. Güləş Federasiyasının prezidenti Fazil Məmmədov başda olmaqla, hamı Olimpiadaya hazırlıqla bağlı çox gərgin işləmişdi və qazandığımız nəticə bizim düz yolda olduğumuzu sübut etdi.

Əldə etdiyimiz qızıl və bürünc medallar sayəsində Rusiya, ABŞ, İran və bir çox digər ölkələri üstələyərək komanda hesabında birinci olduq. İşlərimizi bu cür davam etdirsək, Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək növbəti Olimpiya Oyunlarında bundan da uğurlu nəticələr qazanacağıq. Bir daha bütün Azərbaycan xalqını təbrik edirəm".

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov: "Londondakı möhtəşəm zəfərlər gənc idmançılarımız üçün örnək olmalıdır"

"Azərbaycan dövləti tərəfindən idmana hər zaman böyük dəstək və qayğı var. İdmançılarımız da bu qayğını daim hiss edirlər.

Artıq  bu gündən etibarən 2016-cı ildə Braziliyada keçiriləcək növbəti Olimpiya Oyunlarına hazırlıqlar başlayır və ümidvaram ki, yenə də idmançılarımızın lisenziyalarının, qazanılacaq medalların sayı  artırılacaqdır. London Olimpiadasında idmançılarımız ürəklə çıxış edərək uğur əldə etdilər. Bu uğurun davamlı olması üçün ciddi hazırlıqlar görülməli, idmançılar növbəti Olimpiadaya daha yüksək səviyyədə hazırlaşmalıdırlar.  Olimpiyaçılarımızın Londondakı möhtəşəm zəfərləri gənc idmançılarımız üçün örnək olmalıdır".

 

 

Azərbaycan.- 2012.- 16 avqust.- S. 5; 6.