Zəlzələdən zərər çəkmiş rayonlarda aparılan tikinti işlərinin gedişi müzakirə olunmuşdur

 

 Bu ilin mayında ölkənin şimal-qərb rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində kompleks tədbirlər davam etdirilir.

AzərTAc xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və əlaqədar qurumların rəhbərləri zəlzələ bölgəsində işlərin gedişi ilə tanış olmuşlar. Onlar əvvəlcə Zaqatala rayonunun GözparaqQax rayonunun Güllük kəndlərində tikintisi davam etdirilən məktəb binalarına, fərdi evlərə baxış keçirmiş, əhalinin qayğı və problemləri ilə maraqlanmışlar.

Zaqatala şəhərində 2 nömrəli tam orta məktəb üçün inşa edilən 750 şagird yerlik yeni binada aparılan tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra rayon icra hakimiyyətində müşavirə keçirilmişdir. Müşavirədə Zaqatala, Balakən və Qax rayonları icra hakimiyyətlərinin başçıları, FHN-in məsul nümayəndələri və podratçı tikinti təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Zəlzələ bölgəsində həyata keçirilən kompleks tədbirlər barədə məlumat verən fövqəladə hallar naziri təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərin qənaətbəxş olduğunu diqqətə çatdırmışdır. Nazir bildirmişdir ki, mayın 7-də baş vermiş birinci zəlzələdən sonra komissiyalar ilkin mərhələdə 29 minə yaxın fərdi evə və ictimai binaya baxış keçirmiş, qəzalı, bərpa-gücləndirmə və təmirə ehtiyacı olanları müəyyənləşdirmişlər. Lakin mayın 18-də baş vermiş növbəti güclü yeraltı təkanlar nəticəsində əvvəlki zəlzələdə qismən zədələnmiş evlərə də ciddi ziyan dəymişdir. Odur ki, işçi qrupları zəlzələ bölgəsində fərdi evlərə təkrar baxış keçirmişlər. İşçi qrupları tərəfindən indiyədək Zaqatala, Qax, Balakən rayonları və Şəki şəhərində ümumilikdə 32 mindən artıq fərdi evə və ictimai binaya baxış keçirildiyi diqqətə çatdırılmışdır. Komissiyaların rəyinə görə, təbii fəlakət nəticəsində bu rayonlarda 3653 fərdi evictimai bina tam qəzalı vəziyyətə düşmüş, 6256 fərdi evictimai binanın bərpa və gücləndirməyə, 10600-nün isə təmirə ehtiyacı olduğu müəyyənləşdirilmişdir.

Nazir bildirmişdir ki, tikinti təşkilatlarının verdiyi son məlumatlara görə, hazırda bu rayonlarda 3220 fərdi evin, habelə 35 məktəb və bir institut filialı binalarının tikintisinə başlanmışdır. 2647 qəzalı fərdi ev artıq tam sökülmüşdür. Tikintisinə başlanan fərdi evlərdən 2190-da bünövrə çalasının qazılması, 1709 evdə bünövrənin betonlanması, 1293 evdə isə daş-hörgü işləri aparılır.

Sonra tikinti təşkilatlarının rəhbərləri görülmüş işlər, habelə inşasına başlanan məktəb binalarında işlərin gedişi barədə qısa arayış vermişlər.

Məktəb binalarının inşasının sentyabrın 15-dək başa çatdırılması üçün tikinti işlərini maksimum səviyyədə gücləndirməyin vacibliyini bir daha diqqətə çatdıran nazir demişdir ki, lazım gələrsə, əlavə işçi qüvvəsi cəlb ediləcəkdir.

Rayonların icra hakimiyyəti başçıları çıxış edərək təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən kompleks tədbirləri yüksək qiymətləndirmiş, göstərilən diqqət və qayğıya görə zərərçəkmiş əhali adından Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

 

 

Azərbaycan.- 2012.- 16 avqust.- S. 7.