Biz çalışmalıyıq ki, bütün müsəlman aləmi daha da sıx birləşsin, qarşımızda duran problemlər həll olunsun

 

Bu fikirləri Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərini qəbul edərkən bildirib

 

Azərbaycan müsəlman dünyasının ayrılmaz hissəsi olaraq islam mədəniyyətinin inkişafına tarixən böyük töhfələr verib. Eyni zamanda, islam xalqın həm dini əqidəsi, həm də milli-mənəvi dəyərləri kimi insanların həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Xalqımızın mənəvi inkişafında, gənclərimizin əxlaqının formalaşmasında, azərbaycanlıların ailə institutunun möhkəm təmələ söykənməsində islamın rolu əvəzsizdir.

Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra milli-mənəvi dəyərlərin vətəndaşların milli birliyinə xidmət etdiyini həmişə vurğulamış, xüsusən dini bayramların milli həmrəyliyin təmin edilməsində mühüm rol oynadığını xüsusi qeyd etmişdir. Ümummilli lider hər bir fərdin maraqlarının yüksək səviyyədə təmin olunmadığı cəmiyyətdə güclü dövlət yaratmağın mümkünsüzlüyünü daim önə çəkmiş, respublikanın ərazisi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini xüsusi vurğulamışdır. 1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada  ölkə vətəndaşlarının hər birinin vicdan azadlığı birmənalı təsbit edilmişdir. Əsas Qanunun qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi müxtəlif dini icmaların qanunla müəyyənləşmiş qaydada fəaliyyətinə geniş imkanlar açmışdır.

Heydər Əliyev ölkədə mövcud olan dini ziyarətgahların təmiri və bərpasına, qorunmasına da xüsusi diqqət ayırmışdır. Ümummilli lider ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. Ulu öndərin diqqət və qayğısı ilə Bakı şəhərinin mərkəzində Qafqazda ən böyük Sinaqoqun inşa edilməsi də bunu bir daha təsdiqləyir.

Ulu öndər xalqın qəlbən tapındığı dini dəyərlərə bağlı olmaqla yanaşı, həm də müqəddəs islam bayramlarının dövlət səviyyəsində qeyd olunmasını təmin etmişdir. Ramazan bayramının da rəsmi dövlət bayramları sırasına daxil edilməsi məhz ulu öndərin təşəbbüsü və qayğısı sayəsində mümkün olmuşdur. Milli Məclisdə qəbul olunmuş "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən, Ramazan bayramı günü olmayan bayram hesab edilirbu, dövlətin vətəndaşların vicdan azadlığına necə yüksək həssaslıqla yanaşdığını bir daha təsdiqləyir.

Ümummilli lider Ramazan bayramının fəlsəfi mahiyyətini yüksək dəyərləndirərək demişdir: "Ramazan ayı müqəddəs kitabımız "Qurani-Kərim"in insanlar üçün nazil edildiyi mübarək aydır. Allah-taalanın insanlara bəxş etdiyi bu misilsiz sərvətin hikmətlərindən daha da faydalanmaq üçün Ramazan ayının böyük əhəmiyyəti vardır. Bu ay eyni zamanda hər bir müsəlmana öz iradəsini sınamaq, dözüm və əzmkarlığını nümayiş etdirmək üçün gözəl fürsətdir. Ramazan ayının sınaq günlərində öz borcunu ləyaqətlə yerinə yetirən müsəlmanlarımız bu gün böyük sevincqürur hissi ilə bayram edir, bir-birlərinə ehtiram və məhəbbət bildirərək sıx həmrəylik nümayiş etdirir, həyatdan getmiş yaxınlarını yad edirlər".

Hər bir məsələdə ulu öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli-mənəvi, dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də çağdaş dövrün bir sıra reallıqları ilə şərtlənir. Dövlət başçısı İlham Əliyev son 9 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidənqurulmasına da diqqət ayırmışdır. Azərbaycan Prezidentinin İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayişinanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir.

Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda bütün dünyəvi dinlər qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islamqeyri-islam dini icması öz etiqadlarını azad və sərbəst şəkildə icra edir. Ölkə başçısı İslam dininin ən əlamətdar bayramlarından olan Ramazanın dövlət səviyyəsində qeyd olunması üçün bütün zəruri tədbirləri həyata keçirir. Eyni zamanda, müsəlman ölkələrinin Bakıdakı səfirlərini qəbul edərək bayram münasibətilə onlara səmimi təbriklərini, xoş arzu və istəklərini çatdırır.

Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. İƏT-nin 2009-cu ildə Bakını "İslam mədəniyyətinin paytaxtı" elan etməsi də humanitar sahədə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə qurulduğunu göstərir. Respublikamızın müsəlman dövləti kimi islam dəyərlərinə hörmətlə yanaşması, eyni zamanda, tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaradır. Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərini qəbul edərkən bildirib: "Bakının islam mədəniyyətinin paytaxtı elan edilməsini islam aləmi tərəfindən bizə verilən böyük dəstək kimi qiymətləndiririk. Azərbaycanda gedən proseslərə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən müsbət qiymətin verilməsi bizi daha da ruhlandırır. İslam  dəyərləri bizim üçün əzizdir, doğmadır. Bizim milli dəyərlərimizin təməlində islam dəyərləri  dayanır.

Əlbəttə, biz çalışmalıyıq ki, bütün müsəlman aləmi daha da sıx birləşsin, qarşımızda duran problemlər həll olunsun, gələcəkdə bir-birimizə daha da böyük dəstək verə bilək. Biz istəyirik ki, bütün müsəlman ölkələrində sülh, əmin-amanlıq olsun, qan tökülməsin, vətəndaş müharibəsinə yol verilməsin".

Son illərdə dövlət funksional imkanlarını işə salaraq xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ardıcıl addımlar atır. Xalqın tarixi yaddaşının, dini və milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün zəruri olan qüvvə və potensialın səfərbər olunması cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir.

Dünya dini liderlərinin Bakıda keçirilmiş sammiti də respublikamızın regionda  sülh, tolerantlıq və dialoq tərəfdarı kimi bir mərkəzə çevrildiyini göstərir. Tədbirdə haqlı olaraq vurğulanmışdır ki, müstəqil Azərbaycan hər zaman müxtəlif xalqların, millətlərin və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olmuşdur. Azərbaycan ərazisində yaşayan çoxsaylı etnikdini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amiliböyük rol oynamışdır. Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərini qəbul edərkən bildirib: "Onu da qeyd etməliyəm ki, biz nəinki ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı dərinləşdiririk. Biz İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətində quruma üzv ölkələrin dəstəyini daim hiss edirik. Birləşmiş Millətlər Təşkilatında qarşılıqlı dəstək çox əhəmiyyətlidir. Keçən il Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu seçkilərdə müsəlman ölkələrinin çox böyük rolu olmuşdur. 155 ölkənin Azərbaycanın namizədliyini dəstəkləməsi, eyni zamanda, müsəlman aləminə olan hörmətin təzahürü idi".

Prezident İlham Əliyev mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmlənməsinə çalışmaqla yanaşı, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirləri həyata keçirir. Əminliklə qeyd etmək olar ki, bu siyasət qarşıdakı illərdə də uğurla davam etdiriləcək, xalqımızın mənəvi dünyasını daha da zənginləşdirən Ramazan bayramı milli həmrəyliyin kamil təcəssümü kimi daim dövlət səviyyəsində qeyd olunacaqdır.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.- 2012.- 16 avqust.- S. 8.