Ölkə
iqtisadiyyatında şəffaflıq və hesabatlılıq
yüksəlir
Dövlət başçısı
İlham Əliyev keyfiyyətcə yeni mərhələdə
əmək bazarına nəzarətin gücləndirilməsini
ciddi vəzifə kimi müəyyənləşdirmişdir
Modernləşmə
istiqamətində inamlı tədbirlər həyata
keçirən Azərbaycanda hazırda milli ideya səviyyəsində
nəzərdən keçirilən məqsədlərdən
biri də məhz respublikanın orta inkişaf etmiş ölkələr
səviyyəsindən yüksək inkişaf etmiş ölkələr
səviyyəsinə çatdırılmasıdır. Bu məqsədin
gerçəkləşdirilməsi üçün 2020-ci ilədək
ümumi daxili məhsulun azı iki dəfəyədək
artırılması mühüm vəzifə kimi
qarşıda müəyyənləşdirilmişdir.
Respublikanın ilbəil genişlənən maliyyə
imkanları isə bu məqsədin reallaşmasına xidmət
edən islahatları keyfiyyətcə yeni mərhələdə
də yüksək dinamizmlə davam etdirməyə imkan verir.
Davamlı inkişaf konsepsiyası
Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının
hazırlanması barədə 29 noyabr 2011-ci il tarixli sərəncamı
da bunun bariz təcəssümüdür. "Azərbaycan 2020:
gələcəyə baxış" İnkişaf
Konsepsiyasının layihəsi artıq ictimai müzakirəyə
çıxarılmışdır.
Konsepsiyanın məqsədi
mövcud imkanları və resursları nəzərə
almaqla Azərbaycanda davamlı iqtisadi artımı, yüksək
sosial rifahı, səmərəli dövlət idarəetməsini,
qanunun aliliyini təmin etməkdir. Konsepsiya layihəsində
qeyd olunur ki, 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən
inkişaf etmiş, bütün sahələrdə rəqabət
qabiliyyətli ölkə olacaqdır: "Azərbaycanın
ən ucqar kəndlərində belə vətəndaşların
rahat gündəlik həyatı üçün lazımi
bütün kommunikasiyalar (rabitə, internet, bank xidmətləri,
kommunal xidmətlər, yollar və sair), səhiyyə və təhsil
xidmətləri təmin ediləcəkdir. Azərbaycan əhalinin gəlirlərinin yüksək,
işsizlik səviyyəsinin minimum həddə olduğu,
yüksək dərəcədə inkişaf etmiş insan
kapitalına, mühafizə edilmiş, sağlam ətraf
mühitə və hər bir vətəndaşı
üçün geniş imkanlara malik məkan
olacaqdır".
Konsepsiyada nəzərdə
tutulmuş tədbirlərin icrası nəticəsində
2020-ci ilədək ölkədə
adambaşına düşən ÜDM-in həcminin iki dəfədən
çox artaraq 13000 ABŞ dollarına
çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın
Dünya Bankının adambaşına düşən
Ümumi Milli Gəlir təsnifatına görə
"yuxarı orta gəlirli ölkələr" arasında
və BMT İnkişaf Proqramının İnsan
İnkişafı ilə bağlı təsnifatına əsasən
"yüksək insan inkişafı" ölkələri
qrupunda üst sıralara yüksəlməsi hədəflənir.
Respublikanın iqtisadi inkişaf baxımından regionun lider
dövlətindən beynəlxalq iqtisadi münasibətlər
sistemində yüksək rəqabət qabiliyyətinə
sahib iştirakçı statusuna yüksəldilməsi də
ciddi vəzifə kimi qarşıya qoyulmuşdur. Bu məqsədlə
əlverişli coğrafi mövqeyi, geniş potensialı nəzərə
alınaraq respublikanın regionun ticarət mərkəzinə
çevrilməsi, adambaşına düşən qeyri-neft
sektoru üzrə ixrac həcminin 1000 ABŞ dollarına
çatdırılması planlaşdırılır. Bunun üçün bazar iqtisadiyyatı şəraitində
sağlam rəqabəti təmin edən səmərəli
dövlət tənzimlənməsi, enerjidən səmərəli
istifadə edən və yüksək əlavə dəyər
yaradan ixracyönümlü iqtisadiyyata transformasiyanın təmini,
habelə sosial-iqtisadi sahələrin inkişafına kompleks
yanaşma prinsipləri rəhbər tutulacaqdır.
İqtisadiyyatın
rəqabət qabiliyyətinin artırılması makroiqtisadi
sabitliyin qorunması, monetar və fiskal siyasətin
koordinasiyasının gücləndirilməsi, biznes
mühitinin yaxşılaşdırılması, özəl
təşəbbüsün dəstəklənməsi, maliyyə
xidmətləri bazarının inkişaf etdirilməsi, xarici
ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətləri
özündə cəmləşdirir. Bu dövrdə
inflyasiyanın məqbul səviyyədə saxlanılması,
daha çevik məzənnə rejiminə keçidi nəzərdə
tutulur. Eyni zamanda məqsədyönlü şəkildə
iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirləri
həyata keçiriləcəkdir. Neft-qaz
sektorunun, neft-kimya sənayesinin modernləşdirilməsi,
qeyri-neft sənayesinin şaxələndirilməsi, alternativ və
bərpa olunan enerji mənbələrindən istifadə
imkanlarının genişləndirilməsi, aqrar sektorun
inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi,
ticarət və xidmət fəaliyyət növlərinin
genişləndirilməsi, xarici ticarətin və
investisiyaların strukturunun təkmilləşdirilməsi
prioritet istiqamətlər olacaqdır. Konsepsiyanın əhatə
etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə
ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək
olması hədəflənir.
"Azərbaycan
- 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasında ixracyönümlü iqtisadi model əsas
götürülmüşdür. Layihədə göstərilir
ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi
və strukturunun təkmilləşdirilməsi qeyri-neft
ixracının artımına səbəb olacaqdır.
Qeyri-neft sənayesinin sürətli inkişafı ilə
yanaşı, innovasiya fəaliyyətinin təşviqi və
genişləndirilməsi ölkədə biliyə əsaslanan
iqtisadiyyatın formalaşması üçün əlverişli
zəmin yaradacaqdır. Bundan başqa, İKT və
rabitə xidmətlərindən istifadə imkanlarının
genişləndirilməsi, informasiya-kommunikasiya
texnologiyalarının inkişaf etdirilməsi istiqamətində
etibarlı təhlükəsizlik sisteminin yaradılması,
milli standartların formalaşdırılması və həmçinin
ölkə üzrə tam rəqəmsal yayımın tətbiq
olunması, analoq yayımın dayandırılması,
eləcə də "e-dövlət" xidmətlərinin
100 faiz tətbiq edilməsi Azərbaycanın müasir dövlət
kimi formalaşmasının əsas prioritetlərindən biri
kimi diqqət mərkəzində olacaqdır.
Ölkənin
yaxın gələcək üçün inkişaf
strategiyasının əsas konturlarının müəyyənləşdirilməsi
zərurəti həm də onunla şərtlənir ki,
respublikamız keçid dövründən modernləşmə
mərhələsinə qədəm qoymuşdur. Ötən
8 ildə həyata keçirilən iqtisadi siyasət bu məqsədlərin həyata
keçirilməsi üçün yaxşı təməl
formalaşdırmışdır. Bu müddətdə
iqtisadi məsələlərə xüsusi diqqətin
ayrılması əsaslı yanaşma olaraq dövlət
müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin
davamlı inkişafı üçün zəmin
hazırlamaq məqsədindən irəli gəlmişdir.
Ötən illərdə xüsusən də
tarazlı və davamlı regional inkişafa, qeyri-neft sektorunun
yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə,
neft amilindən asılılığın
azaldılmasına, sahibkarlığın inkişafına,
yoxsulluğun səviyyəsinin aşağı
salınmasına, güclü insan kapitalının
formalaşdırılmasına xidmət edən mühüm
addımlar atılmışdır.
2003-cü
ildən inkişafyönümlü 40-a yaxın dövlət
proqramının imzalanması və həyata keçirilməsi
iqtisadiyyatın müxtəlif sahələrində kompleks
islahatları təmin etmiş, ölkənin mövcud
resursları keçid dövrü üçün səciyyəvi
problemlərin tez bir zamanda aradan qaldırılmasına yönəldilmişdir.
İnkişaf, sosial təminat və struktur yönümlü
bu layihələr ilk növbədə hər bir vətəndaşın
layiqli həyat tərzinin təmin olunmasına, dövlət
idarəçiliyinin çevik və işlək mexanizmlər
əsasında həyata keçirilməsinə, bir sözlə,
davamlı və sabit inkişafa xidmət etmişdir.
İnvestor
dövlət
Nazirlər Kabinetinin 2012-ci ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclası Azərbaycanda həyata
keçirilən iqtisadi siyasətin səmərəliliyini bir
daha təsdiqləyir. Respublikamız qeyri-neft sənayesinin
inkişafı sahəsində müəyyən nəticələrə
imza atır. Hesabat dövründə iqtisadiyyatın qeyri-neft
sektorunun 11,3 faiz, qeyri-neft sənayesinin 8,3 faiz, əhalinin pul gəlirlərinin
14,2 faiz artması ölkənin sürətli inkişaf yolunda
olduğunun əyani göstəricisidir. Bu dövrdə Vergilər
Nazirliyi tərəfindən büdcəyə mədaxil
edilmiş 2 milyard 968 milyon manat vəsaitin 55 faizi və ya 1
milyard 633 milyon manatı məhz qeyri-neft sektorundan
daxilolmaların payına düşür. Qeyri-neft sektorundan daxilolmalar
2011-ci ilin müvafiq dövrünə nisbətən 222 milyon
manat və yaxud 15,8 faiz artmışdır.
Ümumilikdə
2003-cü ildən qeyri-neft sektorunun inkişafına və
ölkə iqtisadiyyatının diversifikasiyasına, eləcə
də bu sahələrdə mövcud müəssisələrin
maddi-texnoloji bazasının möhkəmləndirilməsinə
yönəlmiş tədbirlər nəticəsində ölkədə
qeyri-neft sektoru 2,8 dəfə artmışdır. 2004-2011-ci
illərdə
regionların inkişafına bütün maliyyə mənbələri
hesabına 21,5 milyard vəsait yönəldilmiş, təkcə
2011-ci ildə bu rəqəm 6 milyard dollar təşkil
etmişdir.
Konkret
olaraq "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət
Proqramı" və "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" regionların
davamlı və tarazlı inkişafı, sosial infrastrukturun
yenidən qurulması, iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektoru hesabına aradan qaldırılması
sahəsində kompleks tədbirlər müəyyənləşdirmişdir.
Qarşıdakı 10 ildə ümumi daxili məhsulun məhz
qeyri-neft sektoru hesabına təmin edilməsi nəzərdə
tutulmuşdur. Bunun üçün İKT-nin, turizmin və kənd
təsərrüfatının rentabelli sahəsi olan
üzümçülüyün inkişafı xüsusi diqqət
mərkəzində saxlanılacaqdır.
Regionda
iqtisadi liderliyini təmin edən Azərbaycan həm də sərmayədar ölkə kimi
tanınır. İqtisadiyyatın şaxələndirilməsi
siyasətinin tərkib hissəsi kimi respublikamızın bir
sıra ölkələrə iri həcmli sərmayələr
yatırması dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının,
iqtisadi-maliyyə qurumlarının hesabatlarında da pozitiv
proses kimi dəyərləndirilir. 2012-ci ilin birinci
yarısında "Moody's" və "Fitch" reytinq
agentliklərinin ardınca BMT Ticarət və İnkişaf
Konfransının (UNCTAD) illik hesabatında Azərbaycanın
regionda kreditor mövqeyinin güclü olduğu vurğulanır.
Qurumun dünya investisiyaları üzrə illik hesabatında
Azərbaycanın fəal sərmayədar statusunda
çıxış etməsi və bir sıra ölkələrin
iqtisadiyyatına iri həcmdə investisiyalar yatırması
faktı xüsusi yer almışdır. UNCTAD-ın
hesabatına əsasən, 2011-ci ildə xarici ölkələrin
iqtisadiyyatına Azərbaycanın birbaşa investisiyaları
2010-cu ildəki 232 milyon dollara qarşı 533 milyon dollar təşkil
etmişdir. Azərbaycan bu
göstərici ilə qlobal maliyyə böhranına qədərki
dövrün göstəricilərini bərpa etmişdir:
2009-cu ildə Azərbaycandan investisiya ixracı 473 milyon,
2008-ci ildə 556 milyon, 2006-cı ildə 705 milyon dollar
olmuşdur.
Azərbaycanın
son illərdə iri həcmdə investisiya qoyduğu ölkələr
sırasında Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan və
Türkiyə ilə yanaşı, İsveçrə kimi
inkişaf etmiş dövlət də var. Ümumilikdə
respublikamız son illərdə digər ölkələrin
iqtisadiyyatına 8 milyard dollar sərmayə yatırmışdır. Respublikamızın kapital qoyuluşlarına
ehtiyacı olan və bu məqsədlə müraciət edən
dövlətlərin sayı isə ilbəil çoxalır.
Şərqi Avropanın aparıcı dövlətləri
arasında yer alan Polşa, Slovakiya, Çexiya kimi ölkələr
də Azərbaycanı bu ölkələrdə keçirilən
özəlləşdirmə prosesində iştiraka dəvət
edirlər.
Dünya
Bankının proqnozlarına görə, ortamüddətli
perspektivdə Azərbaycanın xalis xarici sərmayədara
çevrilməsi tamamilə realdır. Buna etibarlı zəmin
yaradan amillər sırasında ölkənin böyük həcmdə
strateji valyuta ehtiyatlarına
malik olması xüsusi qeyd olunur. Strateji valyuta
ehtiyatları 44 milyard ABŞ dollarına çatan respublikamız
bu vəsaitin müəyyən qismini xaricdəki pespektivli və
rentabelli sahələrin inkişafına yönəldərək
külli miqdarda gəlir əldə etməyə
iddialıdır. 2011-ci ildə Türkiyə ərazisində
Azərbaycan sərmayəsi əsasında inşa olunacaq
böyük neft-kimya kompleksinin təməlqoyma mərasimi
keçirilmişdir. Azərbaycanın "SOCAR-Turcas
Enerji" şirkəti "Petkim" neft-kimya kompleksinin nəzarət-səhm
paketinin həlledici hissəsinin sahibinə
çevrilmişdir. 2014-cü ilə qədər
"Petkim" təsisatlarına yatırılacaq sərmayələrin
həcminin 10 milyard dolları aşacağı ehtimal olunur.
Sahibkarlarla
dövlətin qarşılıqlı faydalı əməkdaşlığının
təşəbbüskarı olan Prezident İlham Əliyev
xarici ölkələrə yüksək səviyyəli səfərlərində
iş adamlarının da iştirakını təmin
etmiş, bu da yerli sahibkarlara müxtəlif dövlətlərin
işgüzar dairələri
ilə yaxından tanış olmaq, ölkə
iqtisadiyyatının inkişafı naminə onlarla müəyyən
sazişlər imzalamaq imkanı yaratmışdır. Nəticədə
ölkə sahibkarları Rusiya, Gürcüstan, Türkiyə,
İran və Orta Asiya ölkələrinin iqtisadiyyatına investisiya
qoyaraq potensial sərmayədarlara çevrilirlər.
Respublikamız
enerji sərmayələrinin qoyuluşundan başqa, digər
sahələrə, məsələn, qiymətli
kağızlar bazarına, aktivlərə, səhmlərə,
daşınmaz əmlak bazarına da maraq göstərir.
Dövlət Neft Fondunun yeni fəaliyyət
strategiyasının qəbulu da buna əlverişli şərait
yaradır. Bundan başqa, dövlət
başçısının tapşırığına əsasən,
aidiyyəti nazirlik və komitələrin nümayəndə
heyətləri Balkan ölkələrinə və Rusiya
Federasiyasının Şimali Qafqaz regionuna səfər ediblər.
Həmin səfərlər çərçivəsində
yaradılmış səmərəli əlaqələr milli
şirkətlərin xarici ölkələrdə fəal
investisiya yatırımlarının həyata keçirilməsi
imkanlarını genişləndirməyə xidmət
etmişdir.
İqtisadiyyata
yatırılan investisiyalar artır
2012-ci ilin birinci yarısının
uğurlu göstəricilərindən biri də ölkənin
investisiya cəlbediciliyinin daha da yüksəlməsidir. Nazirlər
Kabinetinin iclasında bunu müsbət göstəricilərdən
biri kimi xatakterizə edən Prezident İlham Əliyev
demişdir: "Birinci üç ayda investisiyalar 4,3 milyard
dollar təşkil etmişdir. Hələ ki altı ayın
investisiya rəqəmləri hesablanır və bu da müsbət
göstəricidir. Keçən illə
müqayisədə ölkə iqtisadiyyatına qoyulan
investisiyalar 30 faiz artmışdır. Əgər biz ilin sonuna
qədər bu templə işləsək və mən hesab
edirəm ki, temp daha da yüksək olmalıdır, - təqribən
18, bəlkə də 19 milyard dollar investisiyaya çatacağıq. Bu da əhalisi
o qədər çox olmayan Azərbaycan kimi ölkə
üçün böyük rəqəmdir. Nəzərə
alsaq ki, hər il 10 milyard dollardan az olmayaraq investisiyalar qoyulur,
növbəti illərdə ölkə qarşısında
duran bütün infrastruktur və sosial məsələlər öz həllini
tapacaqdır".
Ölkə
iqtisadiyyatına yatırılan investisiyaların artımı
ilk növbədə əlverişli sahibkarlıq və biznes
mühitinin nəticəsi kimi qiymətləndirilməlidir. Bazar iqtisadiyyatı tələblərinə uyğun
funksional idarəetmə mexanizmlərinin, dövlət
strukturlarının iqtisadi fəaliyyət sahələrinə
nəzarətinin təkmilləşdirilməsi nəticəsində
liberal bazar prinsiplərinin daha geniş vüsət alması
özəl sektorun inkişafına təkan vermişdir. Bu baxımdan kiçik və orta sahibkarlıq
subyektlərinə dövlət büdcəsindən
ayrılan vəsaitlərin həcminin ildən-ilə
artırılması, iş adamlarının fəaliyyətinə
süni müdaxilələrin aradan qaldırılması,
sahibkarlıq subyektlərinin qeydiyyatı sisteminin sadələşdirilərək
"vahid pəncərə" prinsipi əsasında
aparılması, gömrük orqanlarında da bu sistemin təşkili,
texnoparkların yaradılması, korrupsiyaya qarşı
mübarizə tədbirlərinin gücləndirilməsi və
digər addımları xüsusi vurğulamaq lazımdır.
Vergi
yükünün azaldılması və vergi
prosedurlarının asanlaşdırılması məqsədilə
hələ 2010-cu ilin yanvarından mənfəət vergisinin
22%-dən 20%-ə, fiziki şəxslər
üçün gəlir vergisinin maksimal dərəcəsinin
35%-dən 30%-dək, fərdi sahibkarlar üçün isə
20%-dək endirilməsi,
habelə sadələşdirilmiş vergi ödəyicisi
hüququ əldə etmək üçün hüquqi şəxslərin
vergi tutulan əməliyyatlarının illik həcminin 90 min
manatdan 150 min manatadək artırılması biznes
mühitinin liberallaşmasını təmin etmişdir. Modern
idarəetmə texnologiyalarının tətbiqi ilə
yanaşı, infrastrukturun müasirləşdirilməsi tədbirləri,
bu sahəyə dövlət əsaslı kapital
qoyuluşlarının həcminin ildən-ilə artması da
biznesin inkişafına dəstək tədbirlərinin nəticəsidir.
2012-ci ilin birinci
yarısında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
dəstəklənən investisiya layihələrinin sayı
ötən illə müqayisədə 57,1 faiz, verilən
güzəştli kreditlərin məbləği 53 faiz
artmışdır. Bu ilin əvvəlindən fondun vəsaitləri
hesabına respublika üzrə sahibkarlıq subyektlərinin
1429 investisiya layihəsinin maliyyələşdirilməsinə
120 milyon manatadək güzəştli kredit verilmişdir. Bu
kreditlər hesabına 6 minədək yeni iş yerinin
açılması nəzərdə tutulur.
İqtisadiyyata
xarici investisiyaların cəlbi sahəsində həyata
keçirilən məqsədyönlü
tədbirlər çərçivəsində son illərdə
Azərbaycan İnvestisiya Şirkətinin, habelə ixracın
təşviqi məqsədilə yaradılmış Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun
fəaliyyəti gücləndirilmişdir. Fond ölkə
sahibkarlarının ixrac potensialının
artırılmasında, investisiya imkanlarının genişləndirilməsində,
potensial tərəfdaşların tapılmasında, birgə əməkdaşlıq
layihələrinin həyata keçirilməsində
sahibkarlara yaxından dəstək verir.
Ölkənin
investisiya cəlbediciliyinin yüksəlməsinə müsbət
təsir göstərən mühüm amillərdən biri də
son illərdə sahibkarlara göstərilən elektron xidmətlərin
çeşidinin artmasıdır. 2007-ci ildə vergi bəyannamələrinin
elektron formada təqdim edilməsi məqsədilə Vergilər Nazirliyində İnternet Vergi
İdarəsi yaradılmışdır. Bunun nəticəsində
hazırda vergi ödəyicilərinin böyük əksəriyyəti
vergi bəyannamələrini elektron formada təqdim edirlər.
Bundan başqa, fiziki və hüquqi şəxslərin
dövlət qeydiyyatının, habelə vergi və
rüsumların büdcəyə ödənişinin elektron
formada həyata keçirilməsi ölkənin investisiya cəlbediciliyini
artırır.
Elektron xidmətlərin
tətbiq sahəsinin genişləndirilməsi həm də
korrupsiyaya və digər neqativ hallara qarşı mübarizə
sahəsində sistemli islahatların tərkib hissəsi kimi
müsbət dəyərləndirilir.
Ən az borcu
olan dövlətlərdən biri
2012-ci
ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında Prezident İlham Əliyev Azərbaycanın ən
az borclu dövlətlərdən
biri olduğunu xüsusi diqqətə çəkmiş,
borclanma siyasətinə ehtiyatlı yanaşmanın vacibliyini
vurğulamışdır. Ölkə rəhbəri dövlət borcunun ÜDM-in 7 faizi civarında
olmasını da müsbət göstərici kimi dəyərləndirmişdir:
"...Hər bir kreditin götürülməsi əsaslandırılmalıdır ki, biz xarici dövlət borcunu
artırmayaq. Düzdür, ümumi daxili məhsulun 7 faizi
çox aşağı göstəricidir. Müqayisə
üçün deyim ki, inkişaf etmiş ölkələrdə
bu, 80, 100, 150 faizdir və o, artıq iflasa gedən yoldur. Bizdə
7 faizdir. Ola bilər müəyyən dərəcədə
artsın, çünki əvvəlki illərdən
götürülmüş kreditlər hələ gəlməyə
davam edir. Ola bilər artsın, amma heç bir halda 10 faizi
keçməməlidir və çalışmalıyıq
ki, növbəti illərdə biz bu kreditlərin borcunu bir az
endirək. Halbuki biz bu borcu bir gündə ödəyə bilərik.
Yəni bizim valyuta ehtiyatlarımız borcumuzdan 10 dəfə
çoxdur".
Mərkəzi
Bankın hesabatına əsasən, "G7" ölkələrində
dövlət borcunun ÜDM-ə nisbəti 120-150 faizə
çatdığı halda, respublikamız adambaşına
düşən milli gəlir səviyyəsinə görə
dünyanın 100-dən çox ölkəsini qabaqlayır. Əgər
dünya dövlətləri əvvəllər sadəcə müxtəlif layihələri
həyata keçirmək üçün məcburən
xarici borclanmaya gedirdilərsə, müasir dövrdə belə
vəsaitlər iqtisadi inkişafın maliyyələşdirilməsində
əsas mənbələrdən sayılır. Lakin sırf
büdcə kəsirinin örtülməsi məqsədilə
xarici mənbələrdən müntəzəm şəkildə
kreditlərin cəlbi, eyni zamanda xarici borcların müəyyən
limiti keçməsi təhlükəli hal kimi
qarşılanır. Xarici borcun həcminin ixracda 200%-dən,
ÜDM-də 40%-dən çox olması böhranlı vəziyyət
kimi səciyyələnir.
Beynəlxalq
maliyyə qurumlarının hesabatları göstərir ki, nəinki
inkişaf etməkdə olan, hətta inkişaf etmiş bir
çox dövlətlərin də xarici borcu idarəolunmaz həddə
çatmışdır. "Bloomberg" agentliyində dərc
olunan materialda qeyd olunur ki, 2012-ci ilin əvvəlinə
dünyanın inkişaf etmiş ölkələrinin
ümumi borcu 7,6 trilyon ABŞ dolları təşkil
etmişdir. Gürcüstanın xarici dövlət borcunun
ümumi daxili məhsula nisbəti 77,7 faiz, Ermənistanda 60
faiz, İspaniyada 68,5 faiz, Yunanıstanda 160 faiz, İtaliyada 120
faiz, ABŞ-da 100 faiz həddindədir.
Ölkənin
xarici mövqeyinin möhkəmlənməsi nəticəsində
Azərbaycanın strateji valyuta ehtiyatları 2012-ci ilin birinci
yarısında 7 faiz artaraq 43 milyard ABŞ dollarını
ötmüşdür və bu da 5 milyard dollar civarında olan
xarici dövlət borcunu 8 dəfədən çox üstələyir.
Ölkənin
strateji valyuta ehtiyatları respublikanın 3 illik əmtəə
və xidmət idxalının maliyyələşməsinə
kifayət edir. Respublika ÜDM-in 70 faizi həcmində strateji
valyuta ehtiyatlarına malik olması da respublikada makroiqtisadi vəziyyətin
sabitliyini şərtləndirən əsas amillərdən
biri sayıla bilər. Azərbaycanda adambaşına
düşən gəlirin xarici borcla müqayisədə 4,2 dəfə
çox olması, adambaşına düşən valyuta
ehtiyatlarının həcminin 7 min dolları təşkil etməsi
davamlı inkişaf üçün etibarlı zəmin
formalaşdırır.
Azərbaycan
məcmu maliyyə yığımlarının ÜDM-ə
nisbətinə görə dünyada öncül yerlərdən
birini tutur. Əgər 8 il əvvəl ölkənin tədiyə
balansında kəsir 30 faiz səviyyəsində idisə,
hazırda 30 faizlik profisit mövcuddur. Ümumilikdə,
2003-cü ildən dövlət investisiyaları 40 dəfə artmış, bu dövrdə
investisiyaların ümumi həcmi 32 milyard dolları
ötmüşdür.
"Dövlət
borcu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən
daxili və xarici dövlət borcunun yuxarı hədləri
(limitləri) Azərbaycan Respublikasının milli valyutası
ilə müəyyənləşdirilir. 2012-ci ildə
dövlət büdcəsinin xarici dövlət borcunun
yuxarı limiti 2 milyard manat həcmində müəyyənləşdirilmişdir.
Ölkənin xarici borclanma səviyyəsinin optimal dəyərləndirilməsi
isə büdcə kəsirinin aşağı səviyyəsi
ilə bilavasitə bağlıdır. 2012-ci ildə büdcə
kəsirinin ÜDM-də 1,3 faiz təşkil edəcəyi
gözlənilir və bu da kifayət qədər qənaətbəxş
göstəricidir.
Hökumət
xarici mənbələrdən cəlb olunan maliyyə vəsaitlərini
büdcə kəsirini örtməyə deyil, müasir
infrastrukturun formalaşdırılması yolu ilə investisiya
mühitini yaxşılaşdırmağa yönəldir.
Qlobal iqtisadi böhranla bağlı bir sıra ölkələrin
xarici borclarının pik həddinə çatması
onları sosial və investisiya yönümlü layihələri
qeyri-müəyyən müddətə təxirə salmaq məcburiyyətində
qoymuşdur. Xüsusən də Avropa ölkələrində
dövlətin xarici borcunun ödənilməsinin
ağırlığı vətəndaşların
çiyninə düşür. Müəssisələr
bağlanır, işsizlər ordusu yaranır, vergilər
artırılır, sosial ödənişlər
azaldılır. Azərbaycan isə bunun əksinə olaraq həmin
sahələrə dövlət əsaslı kapital
qoyuluşlarının həcmini, sosialyönümlü xərcləri
ildən-ilə artırır.
Əmək
bazarına nəzarət gücləndirilir
İnsan
amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində
son illər Azərbaycanda işsizliyin səviyyəsinin nəzərəçarpacaq
dərəcədə azalması müşahidə olunur.
2012-ci ilin birinci yarısında respublikada 37 mini daimi olmaqla, 46
minə yaxın iş yerinin açılması da kifayət
qədər
uğurlu göstəricilərdən biridir. Qeyri-neft
sektorunun və sahibkarlığın inkişafı, yeni
müəssisələrin işə salınması istiqamətində
həyata keçirilən sistemli tədbirlər əmək
qabiliyyətli əhalinin iqtisadi fəallığının
yüksəlməsinə, eləcə də ölkənin məşğulluq
strategiyasının səmərəliliyinə imkan verir.
Müqayisə
üçün bildirək ki, hazırda avrozonada işsizliyin
səviyyəsi 10,8 faiz olduğu halda, Azərbaycanda bu göstərici
5,4 faiz təşkil edir. 2003-cü ildən ölkədə 1
milyondan artıq iş yeri açılmış,
işsizliyin səviyyəsi 28 faizdən 5,4 faizə
düşmüşdür. Bununla belə, əmək bazarındakı mövcud vəziyyət,
daha dəqiqi, əksər
hallarda işəgötürənlərlə
işçilər arasında münasibətlərin
hüquqi müstəvidə tənzimlənməməsi
hökuməti ciddi narahat edir.
Dövlət
başçısı İlham Əliyev Nazirlər Kabinetinin
son iclasında mövcud vəziyyətin aradan
qaldırılması ilə bağlı aidiyyəti
strukturlara göstərişlərini verərək
demişdir: "Baxmayaraq ki, Azərbaycanda
işsizlik aşağı səviyyədədir, - keçən
ilin yekunlarına görə 5,4 faizdir, - ancaq hələ də
işsizlik var və bəzi hallarda bu işsizlik
reallığı əks etdirmir. Çünki heç kəs
üçün sirr deyil ki, qeydiyyata düşməyən,
amma müəyyən işlərdə, tikintidə işləyənlər,
maaş alanlar vardır. Ancaq heç yerdə bunun
qeydiyyatı aparılmır. Yəni belə
hallar var və müvafiq göstərişlər verilibdir ki,
bu sahədə də şəffaflıq tam şəkildə
təmin edilsin və beləliklə, ölkə büdcəsinə
daha da böyük vəsait daxil ediləcəkdir, o cümlədən
pensiya fonduna. Beləliklə, bu sahədə də
qayda-qanun yaradılmalıdır, birdəfəlik və tam
şəkildə".
Bu
qətiyyətli mövqe deməyə əsas verir ki,
inkişafın keyfiyyətcə yeni mərhələsində
ölkə başçısı İlham Əliyev
iqtisadiyyatda şəffaflıq və
hesabatlılığın artırılmasını, təsərrüfat
subyektlərində maliyyə intizamının, ümumən əmək bazarına nəzarətin
gücləndirilməsini, vergidən yayınma hallarına qarşı
mübarizə tədbirlərinin daha da genişləndirilməsini
qarşıda ciddi vəzifələr kimi müəyyənləşdirmişdir.
Danılmaz reallıqdır ki, hazırda bir
sıra vergi ödəyiciləri, işəgötürənlər
vergi və ödənişlərdən yayınmaq məqsədilə
qanunvericiliyin tələblərini pozaraq işçilərlə
əmək müqavilələri bağlamır, iş yerlərini
rəsmiləşdirmədən onlara hər hansı
işlərin görülməsini həvalə edirlər. Bundan başqa, iqtisadiyyatın ayrı-ayrı
sektorlarında çalışan vergi ödəyicilərinin
muzdlu işlə əlaqədar təqdim etdiyi vergi bəyannamələrindəki
əməkhaqqı məbləğləri təsərrüfat
subyektinin real potensialı, eləcə də həmin sektor
üzrə fəaliyyət göstərən və əməkhaqlarının
düzgün müəyyən edilməsinə
üstünlük verən vergi ödəyicilərinin əməkhaqqı
məbləği göstəriciləri ilə uzlaşmır
və onlardan hətta bəzən bir neçə dəfə
aşağı olur. Bir çox işəgötürənlər
vergi öhdəliklərini və sosial sığorta
ayırmalarını minimallaşdırmaq məqsədilə
işçilərlə əmək müqaviləsi əvəzinə
mülki-hüquqi xarakterli xidmət müqavilələri
bağlayırlar. İşəgötürənlər tərəfindən
iş yerlərinin rəsmiləşdirilməməsi
muzdla çalışan işçilərin əmək
hüquqlarını pozmaqla, gələcək dövlət
sosial təminatından da məhrum edir. Şübhə etmədən
demək olar ki, dövlət başçısının
siyasi iradəsilə aidiyyəti strukturların bu sahədə
həyata keçirəcəyi
ardıcıl tədbirlər, o cümlədən Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə
gözlənilən əlavə və dəyişikliklər
qısa zamanda əmək bazarındakı mövcud problemlərin
həllinə imkan verəcəkdir.
Ümumilikdə
2012-ci ilin birinci yarısının sosial-iqtisadi yekunları
deməyə əsas verir ki, hökumət Azərbaycan
iqtisadiyyatının davamlı inkişafına nail olmaq
üçün mövcud resurslardan daha səmərəli və
məqsədyönlü istifadə etmək niyyətindədir.
Şəffaflığın, hesabatlılığın
artırılmasına yönəlmiş sistemli tədbirlər qarşıdakı
dövrdə iqtisadiyyatın daha da
sağlamlaşmasını, büdcə daxilolmalarının
həcminin yüksəlməsini təmin edəcəkdir.
Müşfiq
ATAKİŞİYEV,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.- 2012.- 16 avqust.- S. 9.