Dünyanın heç bir yerində
qaçqın və məcburi köçkünlərə
Azərbaycandakı kimi qayğı göstərilmir
Azərbaycan
bu kateqoriyadan olan insanların həyat səviyyəsinin
yaxşılaşdırılması baxımından ən fəal
siyasət yürüdən ölkə hesab olunur
Ölkəmizdə
qaçqın və məcburi köçkünlərin
sosial vəziyyətinin yaxşılaşdırılması və
onların ən müasir kommunal xidmət növləri ilə
təchiz olunmuş yaşayış mənzilləri ilə təmin
edilmələri sosial siyasətin başlıca hədəflərindən
birini təşkil edir. Öz inkişaf
tempinə görə, regionun lider dövləti olan Azərbaycanda
əhalinin sosial rifahının
yaxşılaşdırılması istiqamətində
mühüm addımlar atılmaqdadır. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
danışıqların davam etdirilməsi ilə
yanaşı, qaçqın və məcburi
köçkünlərin məskunlaşması, onların
sosial şəraitinin yaxşılaşması, səhiyyə,
təhsil, infrastruktur təminatları ilə əhatə
olunmaları, mənzil-məişət problemlərinin həll
edilməsi üçün davamlı tədbirlər həyata
keçirilməkdədir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən
davam etdirilməkdədir. 2003-cü ildə prezident seçkiləri
ərəfəsində cənab İlham Əliyev bəyan
etmişdi ki, növbəti beş ildə
Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi
qalmayacaq. Artıq bu məsələ də tam
şəkildə öz həllini tapıb. Belə ki Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasət nəticəsində
hazırda ölkəmizdə bir dənə də olsun
çadır şəhərciyi qalmayıb.
Prezident İlham Əliyev qaçqın və məcburi
köçkünlərin həyat səviyyəsinin yüksəldilməsini
prioritet kimi önə çəkmişdir. Bu istiqamətdə
aparılan fəaliyyət, həyata keçirlən dövlət
proqramları təsdiqləyir ki, ötən müddət ərzində
verilən vədə tam əməl olunub.
Qaçqınların və məcburi
köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması ilə bağlı 2004-cü ildə qəbul
olunmuş dövlət proqramı ötən dövr ərzində
böyük uğurla icra edilib. Azərbaycanın
sürətli sosial-iqtisadi inkişafının əsas
xarakterik xüsusiyyətlərindən biri yaşanan tərəqqinin
hər bir vətəndaşın həyatında öz əksini
tapması, insanların rifah halının günü-gündən
yaxşılaşmasıdır. Əhalinin
maddi gəlirlərinin davamlı şəkildə
çoxalması, əməkhaqqı və pensiyaların, eləcə
də büdcədən maliyyələşən
işçilərə ödənilən vəsaitlərin
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən
vaxtaşırı artırılması və bu qəbildən
olan digər tədbirlər ölkədə sosial sferada vəziyyətin
daha da yaxşılaşmasını xarakterizə edən
mühüm parametrlərdəndir. Əldə
edilən bu uğurlar Ermənistanın həyata keçirdiyi
işğalçılıq siyasəti üzündən
öz doğma yurd-yuvalarını tərk edərək
qaçqın və məcburi köçkün həyatı
yaşamağa məcbur olan insanların yaşayış
durumuna və sosial vəziyyətinə də təsirsiz
ötüşmür. MDB, eləcə də
Avropa məkanında qaçqın və məcburi
köçkünlərin sayına görə Azərbaycan
ilk yerlərdə gələn dövlətlərdən biri
olmasına baxmayaraq bu kateqoriyadan olan insanların həyat səviyyəsinin
yaxşılaşdırılması baxımından ən fəal
siyasət yürüdən və yüksək nəticələr
əldə edən ölkələrdən hesab olunur.
Əhalinin sosial qayğıya ən çox ehtiyacı
olan təbəqəsini təşkil edən qaçqın və
məcburi köçkünlərin normal
yaşayışı, həyat şəraitinin təmin edilməsi
hökumətin sosial siyasətinin prioritet istiqamətini təşkil
edir və göstərilən sahədə lazımi nəticəyə
nail olunması üçün Azərbaycanın kifayət qədər
böyük iqtisadi imkanları var.
Azərbaycan Respublikasının Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi tərəfindən 2012-ci ilin 6
ayı ərzində görülmüş işlərlə
bağlı hesabata nəzər saldıqda isə dövlətin
qaçqın və məcburi köçkünlərin
sosial rifahının, həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində
apardığı məqsədyönlü siyasətin nəticələri
hiss edilir.
Sənəddə
bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev 2012-ci il yanvarın 21-də Goranboy rayonunda 525 məcburi
köçkün ailəsi üçün yeni
salınmış 9 ədəd beşmərtəbəli
yaşayış binalarından ibarət məhəllənin
açılış mərasimlərində iştirak
etmişdir. Məcburi köçkün ailələrinin
həmin çoxmərtəbəli binalarda mənzillərə
köçürülməsi təmin olunmuşdur.
Mingəçevir
şəhərində ayrılmış 8 ha torpaq sahəsində 502 ailəlik
10 ədəd 9 mərtəbəli yaşayış
binasının, zəruri sosial-texniki infrastruktur obyektlərinin
tikintisi artıq başa çatmaq üzrədir.
Şəki şəhərində ayrılmış 84
ha torpaq sahəsində 423 ailəlik fərdi evlərdən
ibarət qəsəbənin tikintisinə cari ilin yanvar
ayından başlanılmış, hazırda
yaşayış evlərinin, sosial-texniki infrastruktur obyektlərin
tikintisi başa çatmaq üzrədir.
Ağcabədi
şəhərində 556 ailəlik 10 ədəd beşmərtəbəli yaşayış binasından ibarət
məhəllənin, 360 şagird yerlik məktəb
binasının, 50 yerlik uşaq bağçasının,
inzibati binanın, klub icma mərkəzinin, müvafiq
sosial-texniki infrastruktur obyektlərinin tikintisi və məcburi
köçkün ailələrinin həmin binalara köçürülməsi
başa çatdırılmışdır.
Bərdə rayonunda ayrılmış 134 ha torpaq sahəsində
195 ailəlik fərdi evlərdən ibarət qəsəbədə
hazırda yaşayış evlərinin, sosial-texniki
infrastruktur obyektlərin tikintisi başa çatmaq üzrədir. Bundan əlavə, rayonun ərazisində
866 ailəlik yeni hündürmərtəbəli
yaşayış məhəlləsinin tikintisi məqsədi
ilə 14 ha torpaq sahəsi ayrılmış, texniki şərtlər
alınmış, tender proseduru keçirilmiş və layihə
təşkilatı ilə müqavilə
bağlanılmışdır.
İmişli rayonunda ayrılmış 100 ha torpaq sahəsində
550 ailəlik fərdi evlərdən ibarət qəsəbənin
salınması məqsədi ilə texniki şərtlər
alınmış, layihə təşkilatı ilə
müqavilə bağlanılmış, layihə-smeta sənədlərinə
Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza
Baş İdarəsi tərəfindən rəy verilmişdir. Hazırda fərdi
yaşayış evlərinin (1-ci mərhələdə 325 ev), sosial və infrastruktur obyektlərin tikintisi
davam etdirilir.
Balakən
rayonunda ayrılmış 0,7 ha torpaq sahəsində 43 ailəlik
1 ədəd beşmərtəbəli
yaşayış binasının tikintisi məqsədi ilə
texniki şərtlər alınmış, layihə işlərinin
başlanması üçün müvafiq qaydada icazə
alınaraq layihə-smeta sənədləri Fövqəladə
Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə
təqdim edilmişdir.
İsmayıllı
rayonunda ayrılmış 9 hektar torpaq sahəsində 45 ailəlik
fərdi evlərdən ibarət qəsəbənin
salınması məqsədi ilə texniki şərtlər
alınmış, layihə işlərinin başlanması
üçün müvafiq qaydada icazə alınaraq layihə
təşkilatı ilə müqavilə
bağlanılmış, layihə-smeta
sənədləri Fövqəladə Hallar Nazirliyinin Dövlət
Ekspertiza Baş İdarəsinə təqdim edilmişdir.
Hacıqabul rayonunda ayrılmış 30 hektar torpaq sahəsində
101 ailəlik fərdi evlərdən ibarət qəsəbənin
salınması məqsədi ilə texniki şərtlərin
alınması üçün müraciətlər
edilmiş, layihə təşkilatı ilə müqavilə
bağlanılmışdır. Hazırda qəsəbənin
layihə-smeta sənədlərinin hazırlanması davam
etdirilir.
Saatlı
rayonunda 13 hektar torpaq sahəsində 230 ailəlik fərdi evlərdən
ibarət qəsəbənin salınması məqsədi ilə
texniki şərtlər alınmış, layihə işlərinin
başlanması üçün müvafiq qaydada icazə
alınmış, layihə təşkilatı ilə
müqavilə bağlanılmış, layihə-smeta sənədləri
Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza
Baş İdarəsinə təqdim edilmişdir.
Eyni
zamanda, Füzuli rayonunda ayrılmış 700 hektar torpaq sahəsində
612 məcburi köçkün ailəsi üçün yeni
qəsəbənin salınması məqsədi ilə texniki
şərtlərin alınması üçün müraciətlər
edilmiş, layihə işlərinin başlanması
üçün müvafiq təşkilatla müqavilə
bağlanılmışdır.
Sabirabad rayonunda ayrılmış 30 hektar torpaq sahəsində
440 ailəlik fərdi evlərdən ibarət qəsəbənin
salınması məqsədi ilə texniki şərtlər
alınması üçün müraciətlər
edilmişdir.
Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə
məxsus binalarda müvəqqəti məskunlaşmış
1410 məcburi köçkün ailəsi üçün
Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin
yaxınlığında ayrılmış 22 ha torpaq sahəsində
zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin
tikintisi intensiv şəkildə davam etdirilir. Bakı
Dövlət Universitetinin 7 yataqxanasında müvəqqəti
məskunlaşmış 758 məcburi köçkün ailəsinin
də həmin məhəlləyə köçürülməsi
nəzərdə tutulmuşdur.
Abşeron rayonunun Masazır kəndinin ərazisində
ayrılmış 12 hektar torpaq sahəsində hündürmərtəbəli
binaların, sosial-texniki infrastruktur obyektlərin tikintisi
intensiv şəkildə davam etdirilir.
Ağdam rayonunun "Dördyol" adlanan ərazisində
yeraltı qazmalarda, qamış və çiy kərpiç
daxmalarda ağır şəraitdə yaşayan 932 ailəyə
fərdi evlərdən ibarət qəsəbənin
salınması üçün həmin rayonun Bənövşələr
(30 ha) və İmamqulubəyli (70 ha) qəsəbələri ərazisində
torpaq sahələri ayrılmış, texniki şərtlər
alınmış və "İnşaat pasportu"
hazırlanmışdır. İmamqulubəyli qəsəbəsi
ərazisində 632 ailəlik fərdi evlərdən ibarət
yeni qəsəbənin salınması məqsədi ilə
layihə-smeta sənədlərinin hazırlanması
üçün müvafiq təşkilat ilə müqavilə
bağlanmış, hazırda mühəndis-axtarış
işləri davam etdirilir.
Göygöl rayonunda ayrılmış 60 hektar torpaq sahəsində
500 məcburi köçkün ailəsi üçün yeni
qəsəbənin salınması məqsədi ilə texniki
şərtlər alınmış və layihə təşkilatı
ilə müqavilə bağlanılmışdır.
Beyləqan rayonu ərazisində 320 ailəlik fərdi
evlərdən ibarət qəsəbənin yerləşdirilməsi
məqsədi ilə 385 hektar torpaq sahəsi
ayrılmış (o cümlədən, 320 ha suvarılan sahə
nəzərə alınmaqla), texniki şərtlər
alınmış, tender proseduru keçirilmiş, layihə təşkilatı
ilə müqavilə bağlanmış, qəsəbənin
baş planının hazırlanması başa çatdırılmışdır. Layihə-smeta
sənədləri Fövqəladə Hallar Nazirliyinin Dövlət
Ekspertiza Baş İdarəsinə təqdim edilmişdir.
Eyni zamanda, həmin rayonun ərazisində ayrılmış
30 hektar torpaq sahəsində 146 ailəlik yeni qəsəbənin
salınması məqsədi ilə texniki şərtlər alınması
üçün müraciətlər edilmişdir.
Gəncə
şəhəri ərazisində 1500 ailəlik məhəllənin
tikintisi ilə əlaqədar 25 hektar torpaq sahəsi
ayrılmış, texniki şərtlər alınmış,
məhəllənin baş planı hazırlanmış və
layihə təşkilatı ilə müqavilə
bağlanılmışdır. Hazırda layihə-smeta
sənədlərinin hazırlanması davam etdirilir.
Qazax rayonu ərazisində ayrılmış 5 hektar
torpaq sahəsində 300 məcburi köçkün ailəsi
üçün yeni yaşayış məhəlləsinin
tikintisi məqsədi ilə texniki şərtlər
alınması üçün müraciətlər
edilmişdir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 fevral tarixli 29s nömrəli sərəncamı
ilə Qəbələ rayonunda turizmin inkişaf etdirilməsi
istiqamətində aparılan quruculuq işləri ilə əlaqədar
köçürülmə zərurəti yaranmış
obyektlərdə müvəqqəti məskunlaşmış
155 məcburi köçkün ailəsini yeni
yaşayış sahəsi ilə təmin etmək məqsədi
ilə Qəbələ rayonunun Zarağan bələdiyyəsi
tərəfindən Azərbaycan Respublikasının
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinə
ayrılmış 4 hektar torpaq sahəsində əvvəllər
inşa edilmiş 195 ailəlik məhəllənin ərazisində
155 mənzilli yeni yaşayış binalarının layihələndirilməsi
və tikintisi ilə bağlı işlərin həyata
keçirilməsi üçün sifarişçi təşkilat
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təyin
olunmuşdur. Layihə işlərinin həyata
keçirilməsi üçün layihə təşkilatı
ilə müqavilə bağlanılmış və
hazırda binaların tikintisinə
başlanılmışdır.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 fevral tarixli 24s
nömrəli sərəncamına əsasən Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondunun ofis
binasının genişləndirilməsi məqsədi ilə
texniki şərtlər alınması üçün
müvafiq müraciətlər edilmişdir.
Nazirlər
Kabinetinin 2012-ci il 6 fevral tarixli 24s nömrəli sərəncamına
uyğun olaraq, Dövlət Neft Akademiyasının 2 saylı
yataqxanasında müvəqqəti məskunlaşmış
18 məcburi köçkün ailəsinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması məqsədi
ilə Abşeron rayonunun Ramana qəsəbəsində 450 məcburi
köçkün ailəsi üçün
salınmış qəsəbədəki boş torpaq sahəsində
beşmərtəbəli yaşayış binasının
layihələndirilməsi və tikintisi üzrə texniki
şərtlər alınmış və layihə-smeta sənədlərinin
hazırlanması üçün layihə təşkilatı
ilə müqavilə bağlanılmışdır.
2015 nəfər
məcburi köçkün dövlət ehtiyacları ilə
əlaqədar
Abşeron rayonunun ərazisində dövlət
qeydiyyatına alınmış və yaşayış üçün
hər cür zəruri şərtlərə cavab verən mənzillərə
köçürülmüşdür.
Dövlət
proqramının məcburi köçkünlərin məşğulluğunun
artırılması və yoxsulluğunun azaldılması
üzrə II bölməsinə uyğun olaraq,
qaçqın və məcburi köçkünlər
üçün yeni iş yerlərinin açılması diqqət
mərkəzindədir.
Hesabat
dövründə 948 nəfər, o cümlədən məcburi
köçkünlərin
müvəqqəti məskunlaşdıqları sıx ərazilərdə
204 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi və onun struktur bölmələri ilə
qarşılıqlı fəaliyyət nəticəsində
744 nəfər daimi işlə, 1026 nəfər isə
mövsümi işlə təmin olunmuşdur. 312
nəfərə işsiz statusu verilmiş, 386 nəfərə
işsizlik müavinəti təyin edilmişdir. 183 nəfər əmək bazarının müasir
tələbləri əsasında peşə
hazırlığı kurslarına, 66 nəfər isə
ictimai işlərə cəlb olunmuşdur.
"Məcburi
Köçkünlərin Yaşayış Şəraiti və
Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi"
çərçivəsində dəyəri 1,2
milyon ABŞ dolları məbləğində olan müxtəlif
növ 16 icma mikrolayihəsinin icrasına
başlanmışdır. Bu icma mikrolayihələrinin
icrası nəticəsində 8,2 min nəfər
faydalanacaqdır. 30 icma mikrolayihəsi dəqiq
qiymətləndirilmiş və layihə-tender sənədləri
hazırlanmışdır. Daha 31 icma
mikrolayihəsi isə qiymətləndirmə mərhələsindədir.
Müxtəlif
rayon və şəhərlərdə 115 nəfərə (o
cümlədən 93 nəfər məcburi köçkünə)
ümumi məbləği 187 min manat təşkil edən
mikrokreditlər verilmişdir. Bu mikrokreditlərin
verilməsi nəticəsində 381 nəfər
faydalanmışdır. Faydalananların 82
faizi, yaxud 312 nəfəri məcburi köçkündür.
Sahibkarlığa
Kömək Milli Fondunun vəsaiti hesabına 123
qaçqın və məcburi köçkün sahibkara 9,8 milyon
manatdan çox məbləğdə güzəştli kredit
verilmişdir. Həmin kreditlər hesabına 300-dən
çox yeni iş yeri yaradılmışdır;
Əvvəllər büdcədən maliyyələşdirilən
müəssisələrdə çalışmış və
işlə təmin olunmamış 11 min nəfərdən
çox məcburi köçkünə orta aylıq əməkhaqqının
ödənilməsi davam etdirilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli
sərəncamının 2-ci bəndi üzrə Dövlətqaçqınkoma 344
müraciət (254 müraciət qaçqın və məcburi
köçkünlərdən, 90 müraciət isə yerli
sakinlərdən) daxil olmuş, məcburi köçkünlərin
məskunlaşdıqları yerlərdən
çıxarılmalarına dair 101 məhkəmə prosesində
Dövlətqaçqınkomun nümayəndəsi iştirak
etmişdir.
"Azərenerji" ASC tərəfindən ümumilikdə
96642 mənzildə elektrik sayğacının
quraşdırılması nəzərdə tutulmuşdur. Hazırda fərdi evlərdə
57786, yığcam məskunlaşma obyektlərində 31126 mənzildə,
ümumilikdə 88912 ədəd (92 faiz) elektrik sayğacı
quraşdırılmışdır. Bunlardan 26855 ədədi
(31 faiz) smart-kart
tipli sayğacdır.
"Bakıelektrikşəbəkə" ASC tərəfindən
fərdi və yığcam yaşayış yerlərində
elektrik sayğaclarının quraşdırılması tam
başa çatdırılmışdır. Respublikanın
bütün ərazilərində, o cümlədən
Bakı şəhərində ("Bakıelektrikşəbəkə"
ASC və "Azərenerji" ASC üzrə) məcburi
köçkünlərin yığcam məskunlaşma
obyektlərinin elektrik təchizatının, digər elektrik
istifadəçilərindən asılı olmayaraq, sərbəstləşdirilməsi
100 faiz başa çatdırılmışdır. Hazırda məcburi köçkünlər elektrik
enerjisi ilə fasiləsiz təchiz olunur və enerji təchizatında
məhdudiyyətlərə yol verilmir.
Respublikanın bütün şəhər və
rayonlarında (o cümlədən Bakı şəhərində)
fərdi və yığcam məskunlaşma obyektlərində
nəzərdə tutulmuş qaz sayğaclarının
quraşdırılması tam başa
çatdırılmışdır. Məcburi
köçkünlərin məskunlaşdıqları
yaşayış məntəqələri və qəsəbələri
qazla təchiz edilir. Yeni binalar istismara verilərkən
sayğaclaşdırılır. Hazırda
respublika üzrə məcburi köçkün ailələrinin
yarısından çoxu (341082 nəfər) təbii qazla təchiz
olunur.
Son zamanlar məcburi köçkünlər
üçün tikilmiş hündürmərtəbəli
binaların mənzilləri müasir istilik sistemi ilə təchiz
edilir.
2012-ci
ilin 6 ayı ərzində məcburi köçkünlərin
kommunal xidmətlərlə bağlı yaranmış problemlərinin
həll edilməsi üçün Dövlətqaçqınkom
tərəfindən respublikanın müxtəlif şəhər və
rayonlarının 43 məskunlaşma obyektinə 24 ədəd
müxtəlif markalı güc transformatoru, 13 ədəd
transformatorun KTP şkafı, 22 ədəd artezian və digər
su nasosu, 2010 metr müxtəlif markalı güc kabeli, 51200
metr elektrik naqili və başqa yardımçı
avadanlıq və materiallar verilmişdir.
Məcburi köçkünlərin müvəqqəti
məskunlaşdıqları 25 obyektdə cari təmir işləri
aparılmışdır.
Nazirlik,
komitə, şirkət, konsern və səhmdar cəmiyyətlər
tərəfindən bayramlar ərəfəsində məcburi
köçkünlərə 3,2 milyon manat həcmində
müxtəlif yardımlar göstərilmişdir.
Dövlətqaçqınkom
üzrə 11 rayon (şəhər) icra hakimiyyətinə
221,8 min manat, qaçqın və məcburi
köçkünlərdən daxil olmuş müraciətlər
əsasında isə 83 ailəyə 7,4 min manat, cəmi 229,2
min manat məbləğində humanitar yardım
verilmişdir.
Komitə tərəfindən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin
dünya ictimaiyyətinin diqqətinə müntəzəm
çatdırılması ilə bağlı müvafiq tədbirlər
həyata keçirilmiş və bu, hazırda da davam etdirilir.
2012-ci ildə
Belçika-Azərbaycan parlamentlərarası işçi
qrupunun nümayəndə heyətinin üzvləri və
Finlandiya parlamentinin üzvləri, Avropa Şurası Parlament
Assambleyasının Avropa Şurası üzv dövlətləri
tərəfindən öhdəliklərin yerinə yetirilməsi
üzrə komitəsinin (Monitorinq Komitəsi) Azərbaycan
üzrə həmməruzəçiləri, Fransa Senatının üzvü
xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə
heyəti, ölkəmizdə səfərdə olan Türkiyənin
bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri
və "France 24" telekanalının əməkdaşları,
Almaniyadan olan jurnalist Briqit Vetsel, Cənubi Koreyanın
tanınmış dövlət televiziya kanalı olan KBS
şirkətindən olan müxbirlər, Belçika
Parlamentinin üzvü Alain Destexhenin rəhbərliyi ilə
Avropa Parlamentinin üzvləri, ABŞ Konqres üzvlərinin
bir qrup köməkçiləri, İrlandiyanın
aparıcı mətbuat orqanı olan "İrish Times" qəzetinin
müxbiri Daniel Edward, Finlandiyanın siyasi gənclər təşkilatlarının
nümayəndə heyəti, Belçika Parlamentinin üzvləri
Denis Dükarm və David Qerts, ABŞ-ın Avropada Təhlükəsizlik
və Əməkdaşlıq üzrə Komissiyasının
siyasi məsələlər üzrə müşaviri
xanım Vinsom Pakerin, Avropa
Parlamentinin və Almaniya Bundestaqının üzvlərindən
ibarət nümayəndə heyəti komitədə olmuş,
onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, ölkəmizdə olan qaçqın və
məcburi köçkünlərin problemləri barədə
məlumat verilmiş və paytaxt Bakı, eləcə də
digər rayonlarda məskunlaşmış məcburi
köçkünlərlə görüşmüşlər.
Həmçinin
2012-ci il martın 5-7-də Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə
heyəti Belçika-Azərbaycan
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun təşəbbüsü və
Belçika Federal Parlamentinin Nümayəndələr
Palatasının təşkilatçılığı ilə
Brüsseldə "İşğal edilmiş ərazilər,
unudulmuş ərazilər (Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi - hüquqi və
humanitar aspektlər)" mövzusunda aparılan dinləmələrdə
iştirak etmiş, Belçika Senatının sədri ilə
görüşmüş, "Reuters" agentliyinin və
İtaliyanın "II Sole 24 Ore" qəzetinin müxbirlərinə
geniş müsahibə vermişdir.
Keçirilmiş
görüşlər zamanı qonaqlara xüsusi
hazırlanmış 15 dəqiqəlik "Vətən həsrəti...
Sönməyən ümidlər" sənədli filmi, ulu
öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin
fəaliyyəti dövründə qaçqın və məcburi
köçkünlərin sosial müdafiəsi, onların mənzil-məişət
şəraitinin yaxşılaşdırılması,
yoxsulluğun azaldılması və məşğulluqlarının
artırılması ilə bağlı həyata
keçirilmiş tədbirlərə həsr olunmuş məlumat
kitabçaları və digər materiallar təqdim
olunmuşdur.
Komitənin nəzdində olan Sənaye, AS və AFT-da
565 min manatlıq sənaye malları istehsal edilmişdir. 13579 şəxsə
məcburi köçkün statusu və bu barədə
müvafiq vəsiqə verilmişdir.
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin Mərkəzi
Aparatında 4685 nəfər vətəndaş qəbul
olunmuş, qaçqın, məcburi köçkünlərdən
və müxtəlif təşkilatlardan daxil olmuş 24808
yazılı və şifahi müraciətə
baxılmış, müraciətlərin 98,1 faizi icra
olunmuş, 70,7 faizi müsbət həll edilmişdir. Baş
nazirin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədrinin qəbulunda 421 nəfər
qaçqın və məcburi köçkün, o cümlədən
141 nəfər fərdi qaydada, 280 nəfər isə kollektiv
formada (2 kollektiv) olmuşdur.
Bütün bunlar göstərir ki, bu gün Azərbaycanda
olan inkişaf səviyyəsinə əsasən, ölkənin
qaçqın və məcburi köçkün təbəqəsi
Ermənistanın paytaxtındakı əhalidən sosial və
iqtisadi cəhətdən dəfələrlə artıq səviyyədə
yaşayır.
Bu da bizə onu deməyə əsas verir ki, Azərbaycanın
sosial problemlərlə üzləşən təbəqəsi
Ermənistan elitasından yaxşı yaşayırsa, deməli,
bütün bunlar aparılmış məqsədyönlü
siyasətin bariz nümunəsidir. Dünyanın
heç bir yerində Azərbaycandakı kimi qaçqın və
məcburi köçkünlərə qayğı göstərilmir.
Heç bir ölkənin qaçqın və məcburi
köçkün təbəqəsi Azərbaycanda olduğu
kimi rahat yaşamır. Bütün
görülən və görüləcək işlər təbii
olaraq daha on minlərlə məcburi köçkünün mənzil-məişət
şəraitini daha da yaxşılaşdıracaq, onların
sosial vəziyyətinin əhəmiyyətli dərəcədə
yüksəlməsinə imkan verəcək. Bu həm də Azərbaycan Prezidentinin
qaçqın və məcburi köçkünlərə
yüksək diqqət və qayğısının bariz təzahürüdür.
Prezident İlham Əliyevin siyasətini hər
zaman dəstəkləyən və onun ətrafında sıx
birləşən qaçqın və məcburi
köçkünlər yurd həsrətinə son qoyulacaq
günün uzaqda olmadığına qəti əmindirlər.
Çünki dövlətin, onun rəhbərinin
bu istiqamətdə atdığı addımları, həyata
keçirilən məqsədyönlü siyasətin
uğurlu nəticələrini aydın görürlər.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2012.- 17 avqust.- S. 2.