“Akşam” qəzeti: “Azərbaycan dini və milli dəyərlərinə
bağlıdır”
Türkiyənin nüfuzlu "Akşam" qəzetinin 16 avqust sayında dərc etdiyi məqalə Azərbaycan Prezidenti İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə keçirilmiş iftar mərasimində söylədiyi bu sözləri başlığa çıxarmışdır.
Məqalədə bildirilir ki, Azərbaycanın dövlət başçısı mərasimdə Azərbaycanın müasir bir ölkə olduğunu vurğulamaqla yanaşı, dini və milli dəyərlərə də sıx şəkildə bağlı olduğunu söyləmişdir. Prezident İlham Əliyev bildirmişdir ki, Ramazan ayı ibadətləri Azərbaycan xalqı üçün hər zaman mühüm olmuşdur və müstəqilliyimizi qazandıqdan sonra dini bayramlar rəsmi olaraq qeyd edilməyə başlamışdır. Milli və mənəvi dəyərlərdən güc alan gənc və müstəqil Azərbaycan iqtisadi sahədə, daxili və xarici siyasətdə böyük nailiyyətlər əldə etmişdir.
Məqalədə daha sonra qeyd olunur ki, Azərbaycan Prezidenti müstəqil siyasət aparmaq üçün güclü iqtisadiyyat və ideoloji təməllərin olmasının zəruriliyini vurğulamış, bunların mövcud olduğunu, "Azərbaycançılıq məfkurəsi"nin ölkənin ideologiyasını təşkil etdiyini söyləmişdir.
"Akşam" qəzeti Prezident İlham Əliyevin dünyada islamofobiyanın yayılmasından narahat olduğunu, bunun böyük münaqişələrə səbəb olacağı barədə xəbərdarlıq etdiyini də yazmışdır. Dövlət başçısının aşağıdakı fikirləri sitat gətirilmişdir: "Bizi, eyni zamanda, narahat edən məsələlərdən biri də islamofobiyanın genişlənməsidir. Buna yol vermək olmaz. Çünki bu yanaşmanın axırı yoxdur. Bu, böyük bir qarşıdurmaya gətirib çıxara bilər. İslama qarşı əsassız ittihamlar, islamofobiya meyillərinin güclənməsi, bəzi xarici mətbu orqanlarda islamın terrorla bərabərləşdirilməsi halları bizi çox hiddətləndirir.
Müstəqilliyimizin ilk illərində və ondan sonrakı dövrdə erməni terrorçuları bizə qarşı 30-dan yuxarı terror aktı törətmişlər. Bu terror aktları nəticəsində 2 mindən çox günahsız insan həlak olmuşdur. Biz bu terror aktlarını hər hansı bir dinlə bağlamırıq. Ona görə də burada məsuliyyət məsələləri ön planda olmalıdır. Xüsusilə siyasətçilərin məsuliyyəti. Bəzi hallarda biganəlik məsələnin müsbət istiqamətdə deyil, mənfi istiqamətdə getməsinə gətirib çıxarır".
Oqtay BAYRAMOV
Azərbaycan.- 2012.- 17 avqust.- S. 3.