AzərTAc-ın xüsusi müxbiri Mətbuat Şurası tərəfindən mükafatlandırılmışdır

 

Azərbaycan Mətbuat Şurası Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) Özbəkistan (Mərkəzi Asiya respublikaları) üzrə xüsusi müxbiri Qulu Kəngərlini jurnalistika sahəsindəki çoxillik səmərəli fəaliyyətinə görə xüsusi diplomla təltif etmişdir.

1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Q.Kəngərli əmək fəaliyyətinə Azərbaycan Dövlət TeleviziyaRadio Verilişləri Komitəsində başlamışdır. 15 il ərzində burada kiçik redaktor, redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışmışdır.

20 Yanvar faciəsindən sonra "Şəhidlər", "Şəhidlər-2" bukletlərini hazırlamış Q.Kəngərlinin "Qara Yanvar" kitabı Azərbaycan və rus dillərində işıq üzü görmüşdür. 1991-ci ildə onun ssenarisi əsasında 20 Yanvar faciəsindən bəhs edən "Bakıda insan ovu" sənədli filmi çəkilmişdir. Jurnalistin "Erməni lobbisi: Azərbaycan faciəsi" və "Qanlı şənbəyə gedən yol" kitabları 50 min tirajla çap olunmuşdur.

Qulu Kəngərli Daşkənddə yaşadığı illərdə azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar tədqiqatlar aparmışdır. Onun ssenarisi əsasında "Sürgün" adlı sənədli film çəkilmişdir. Təcrübəli jurnalist 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. O, Özbəkistanın "Altın qalam" mükafatının laureatıdır.

 

 

Azərbaycan.- 2012.- 17 avqust.- S. 3.