Ürəkləri fəth edən səs

 

Azərbaycan Prezidenti İlham Əliyev görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin anadan olmasının 70 illiyinin dövlət səviyyəsində keçirilməsilə əlaqədar 11 may 2012-ci ildə imzaladığı sərəncamda deyilir: "Müasir Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində Müslüm Maqomayevin müstəsna xidmətləri vardır. Qeyri-adi istedada malik sənətkar vokal ifaçılığının qızıl fondunu təşkil edən misilsiz opera sənəti inciləri yaratmışdır. Müslüm Maqomayev ötən əsrin 70-ci illərində sovet estradasının yeni simasının formalaşmasında böyük rol oynamışdır".

Əsl sənətkarların ancaq doğum tarixi olur. Cismani ömrün son nöqtəsi isə dünyasını dəyişdiyi qəmli gün kimi yadda qalır. 2008-ci ilin payızından haqq dünyasına qovuşmuş böyük musiqi xadimi unudulmaz Müslüm Maqomayev kimi. Ecazkar yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin bütöv bir dövrünün rəmzi sayılan, milyonlarla insanın rəğbət və məhəbbətini qazanan, əsl həqiqətdə isə bəşər mədəniyyətində möhtəşəm xidmətləri olan Müslüm Maqomayevi "Bakı bülbülü" adlandırırdılar. Nəfəsi gedib, səsi bizlərə əbədi yadigar qalan bu unudulmaz sənətkar milli müsiqimizin parlaq nümayəndəsi idi.

Musiqisevərlərin çox yaxşı yadındadır ki, on il öncə  ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həm Azərbaycanda, həm də Rusiyada Müslüm Maqomayev günləri necə coşqunluqla həyata keçirildi. Bu da səbəbsiz deyildi. Böyük musiqi xadiminin həmin vaxt 60 yaşı tamamlanırdı. Həmişə şöhrətin və pərəstişin zirvəsində dayanan Müslüm Maqomayev ad gününün xoş ovqatını məhz Azərbaycanda, doğma Bakıda yaşadı.

Onu bu şəhərdə həmişə böyük ehtiram və məhəbbətlə gözləyərək əzizləyiblər. Ümummilli lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı böyük xidmətlərinə görə Müslüm Məhəmməd oğlu Maqomayevi dövlətimizin ən böyük mükafatı olan "İstiqlal" ordeni ilə təltif edərək böyük sənətkara təbrik məktubu göndərmişdir. Həmin məktubda deyilirdi: "İncə musiqi duyumunuz, müxtəlif xalqların və dövrlərin mədəni irsini yaradıcılığınızda əks etdirmək qabiliyyətiniz səhnəyə gəldiyiniz ilk günlərdən Sizi musiqi mədəniyyətinin pərəstiş olunan xadimlərindən birinə çevirmişdir. Siz yaradıcılığınızda klassik ənənələrə xas olan nurluhumanist obrazları qoruyub saxlayaraq zamanın tələblərinə də layiqli cavab verməyi bacarmısınız. Sizin müasir musiqi mədəniyyəti problemlərini özünüzəməxsus baxımdan əks etdirən yaradıcılığınız məhz təkrarsız Maqomayev üslubunda öz təəssüratını tapmışdır. Bu üslub Azərbaycan OperaBalet Teatrının səhnəsində olduğu kimi, Sizin tərəfinizdən yaradılmış Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin fəaliyyətində də özünü parlaq şəkildə büruzə vermişdir".

Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakı şəhərində anadan olub. O, böyük bəstəkar Üzeyir Hacıbəylinin sənət dostu Müslüm Maqomayevin nəvəsi idi. Ailə mühitindən gələn tərbiyə və incəsənətə olan dərin məhəbbət hələ uşaqlıq illərindən Müslümü musiqiyə çəkirdi. Bir tərəfdən də ulu Tanrı ona geniş diapazona malik cazibədar, məlahətli səs bəxş etmişdir. Müslüm Maqomayev Helsinki şəhərində keçirilən ümumdünya musiqi festivalında çıxış edərək beynəlxalq mükafat qazananda 20 yaşı var idi. Onun şöhrəti tezliklə keçmiş sovetlər birliyinin bütün respublikalarına yayıldı. Təsəvvür edin ki, Moskvada Çaykovski adına salonda tamaşaçılar ilk konsert verən azərbaycanlı balasını sürəkli alqışlarla qarşılayanda bu bəxtəvər musiqiçi - Müslüm 21 yaşına təzəcə keçmişdi. Görünür, bu da taleyin yazısıdır ki, Müslüm çox gənc ikən bütün dünyada məşhurlaşdı. Bu məşhurluq o qədər hüdudsuzgeniş idi ki, həmişə konsert salonlarında yerlər azlıq edərdi. Müslüm qədər sevilən, alqışlanan sənətkarlar çox az olub. Stadionda minlərlə dinləyici ayaq üstə Müslümü alqışlayardı. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılardı. Müslüm Maqomayev səsi ilə ürəkləri elə fəth etmişdi ki, bu yaraşıqlı, gözəl oğlanın pərəstişkarlar əlindən dincliyi yox idi. Onu sevənlər yollara, küçələrə səpələnirdilər. Müslümü uzaqdan görmək üçün axşamdan səhərəcən dalanlarda ayaq üstə mürgü döyənlər də olurdu. Bu faktdır. Müslümün qazandığı sevginin sonu görünmürdü.

Nahaq yerə ona "Bakı bülbülü" adını verməmişdilər ki?! Müslümü sevənlər arasında kimlər yox idi? Sadə əmək adamlarından başlamış dövlət rəhbərlərinə kimi hər bir insan bu qəribə səs sahibinin vurğunu idi. Hələ sovet dönəmində Müslüm Maqomayevi sovet estradasının "parlaq ulduzu", "kralı", "simvolu" adlandırırdılar. Bu qiymətləndirmə adi pərəstişdən yaranmamışdı. Faktdır ki, klassik ariya və mahnıları ilk dəfə estradaya məhz Müslüm Maqomayev gətirdi. SSRİ xalq artisti fəxri adını alanda Müslüm Maqomayevin 31 yaşı var idi. Şöhrət çox tez onun ünvanına qanadlandı.

Mahnı yaradıcılığı ilə həmişə zamanın fövqündə dayanan Müslüm Maqomayevin repertuarında 600-dən çox əsər yer tuturdu. O, yalnız ifaçı deyildi, özü də gözəl mahnılar bəstələyərdi. Müslümün xalq şairi Nəbi Xəzrinin sözlərinə yazdığı "Azərbaycan" mahnısı ürəkləri fəth etmiş, dillər əzbəri olmuş ən gözəl əsərlərdən biridir. Hərdən fikirləşirsən ki, həmişə alqışlarla, rəğbətlə qarşılanan, sevilən, konsertləri həsrətlə, səbirsizliklə gözlənilən Müslüm Maqomayev qədər xoşbəxt adam olubmu? Ümumiyyətlə, bu şəxsiyyət hansısa ciddi problemlərlə rastlaşıbmı? Sən demə, cəmi 66 il yaşayacaq bir ömür vaxt olub ki, həyatın həm fərəhli, həm də ağır hökmləri ilə üz-üzə dayanıb. Unudulmaz Müslüm Maqomayev dünyasını dəyişəndə onu sevənlərin hamısı şok içində idi. Həmin hüznlü günlərdə həmkarları, musiqi mütəxəssisləri bu böyük sənətkar haqqında maraqlı hadisələr, bəzən də geniş oxucu, dinləyici auditoriyasına bəlli olmayan xatirələr danışdılar. Müslüm Maqomayev təbiət və yaradıcılığı etibarilə çox müstəqil şəxsiyyət idi. Sovet dövründə repertuarına elə mahnılar salıbmış ki, ölkə rəhbərlərinin xoşuna gəlməyib, bu səbəbdən də bir neçə dəfə onun konsert salonlarında çıxışına, qastrollarına qadağa qoyulub. Əslində, "KQB" orqanlarında çalışanlar Müslümün səsindən, ahəngindən, ona olan sevgidən qorxurmuşlar. Amma Müslüm Maqomayev bütün təzyiqləri, qadağaları çox nadir bariton səsi ilə elə vurub dağıtmaq qüdrətinə malik idi ki, bu, çox az müğənniyə qismət olan səadətdir. Təkcə ona görə yox ki, Müslüm qorxmaz və əyilməz idi. Müslüm sağlığında korifey idi. Müslüm Maqomayev, sözün əsl mənasında, fenomen şəxsiyyət olub. Onun səsinin möcüzəsi qarşısında heç bir qadağa, təzyiq uzunömürlü ola bilməzdi. Azömürlü həyatının çox böyük bir hissəsini Azərbaycandan kənarda yaşasa da, canı, qanı ilə doğma torpağa bağlı idi.

Hələ 22-23 yaşlarında gözəl və yumşaq tembrli, gur səsi ilə insanları öz nəfəsinin sehrinə salan, şöhrəti dünyanı dolaşan Müslüm Maqomayev bir çox operalarda ifa etdiyi partiyalara öz möhürünü elə vurmuşdur ki, biz onları ancaq o səsdə, o ahəngdə qəbul edə bilirik. Məsələn, "Sevilya bərbəri"ndə Fiqaro partiyası. İllərdir ki, o səsdəki qeyri-adilik, ritm, sehr qulaqlarımızdan çəkilmir. Bəlkə bu partiyanı yaxşı oxuyanlar olub, təbii ki, var, amma heç kim Müslüm Maqomayevin çatdığı o cazibəli zirvəni fəth edə bilməyib. Dövrümüzün az qala əfsanəvi insanına çevrilmiş Müslüm Maqomayev Azərbaycan mədəniyyətinin milli sərvəti idi.

O, Rusiya ilə Azərbaycan arasında elə bir mənəvi körpü salmışdı ki, bu, bölünməz olaraq qaldı. Müslüm Maqomayev xalqlar birliyinin canlı rəmzi idi. İstər Moskvada, istərsə də Bakıda ümummilli lider Heydər Əliyevin əli həmişə onun kürəyində olub. Ulu öndər Müslüm Maqomayevin yaradıcılığına böyük rəğbət göstərirdi. Korifeylər sırasında əzəmətli dayanan Müslüm Maqomayevin estrada, teatr və kinodakı fəaliyyəti, xüsusilə də, ifaçılıq sənəti haqqında çox yazılıb, hələ də yazılacaq. Etiraf edək ki, Müslüm yaradıcılığına ən səmimi və dəqiq qiyməti yenə də məhz unudulmaz Heydər Əliyev verib: "Müslüm Maqomayevin nadir səsi, məftunedici səhnə istedadı, yüksək musiqi mədəniyyəti ona ifaçılıq sənətinin klassik operaestrada sahələrində təkrarsız incilər yaratmaq imkanı vermişdir. Uzun illər keçsə də, həmin incilər bu günvokal ifaçılığının zərgər dəqiqliyi ilə, cilalanmış gözəlliyi ilə ruhumuzu oxşamaqda davam edir".

Görkəmli musiqi xadiminin, Azərbaycan xalqının sənətkar oğlunun - Müslüm Maqomayevin ötən ilin oktyabrında dünyaya vida etməsi pərəstişkarlarını dərindən sarsıtdı. Moskvada ilk dəfə solo konsert verdiyi, bununla da, geniş şöhrət tapdığı Çaykovski adına konsert salonunda böyük müğənni ilə vida mərasimi təşkil edildi. İstər həmin mərasimdə iştirak edənlərin söylədiklərindən, istərsə də televiziyadan izlədiklərimizdən bu ağır kədərin içində bir fəxarət duyğusu yaşandı. İnsanlar axın-axın - 5 kilometr məsafə boyunca dayanaraq Müslüm Maqomayevə son borclarını verirdilər...

Azərbaycanda doğulmuş, böyümüş, təhsil almış Müslüm Maqomayev mədəniyyətimizin nailiyyətlərini çox məharətlə dünyaya göstərə bilmişdi. Onun yaradıcılığı dünya mədəniyyətşünaslarının, musiqişünaslarının obyektinə çevrilmişdi. İnsan olumla-ölüm arasındakı məsafəni müxtəlif səmtlərə yönəldə bilər. Amma o zaman ulu Tanrının dərgahında sevimli olur ki, beşiklə məzarı eyni torpaqda yerləşsin. Bu mənada ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə  Müslüm Maqomayevin cənazəsinin Bakıya gətirilməsi, öz babasının yanında torpağa əmanət edilməsi Tanrıya xoş gedən müqəddəs bir əməl oldu. Həm də Müslüm Maqomayevin Vətənə dönüşü əbədiləşdi. Səsi bütün dünyanın musiqisevərlərinin yaddaşında həmişəlik yaşayacaq Müslüm Maqomayev haqqında keçmiş zamanda danışmaq bizə ağır olsa da, ürəyimizdə bir təsəlli var. Müslümün səsi konsert salonlarında, televiziya kanallarında, radio dalğalarında səslənməkdədir. Onun bəstələdiyi mahnılar Azərbaycanın rəmzinə çevrilib. Biz necə fəxr etməyək ki, bütün dünyanın sevdiyi Müslüm Maqomayev Azərbaycan oğludur. Qədirbilən xalqımız mədəniyyətimizin bu parlaq nümayəndəsi ilə haqlı olaraq həmişə fəxr etmiş, onun professional musiqimizdəki xidmətlərini yüksək qiymətləndirmişdi. Sehrli nəfəsinin, avazının qanadlarında ruhumuzda lövbər salacaq səsi bizi həmişə öz ovsununda saxlayacaq:

 

 Ey əziz anam, Azərbaycan,

Sənə bağlıyam, Azərbaycan.

Anamın anasısan,

qardaşlıq dünyasısan...

 

 Avqustun 17-si dahi sənətkarın doğum günüdür. Əgər ömür vəfa etsəydi, pərəstişkarları bu yay onun 70 yaşının işığına toplaşacaqdılar. Amma qədərin yazdığını kim poza bilib ki?! 2008-ci ilin payızından susan bülbülün səsi bizi heç zaman tərk etməyəcək.

...Bu yay Qəbələdə IV Beynəlxalq Musiqi Festivalı keçirildi. Bu möhtəşəm mərasimin ilk günlərində dünyanın məşhur musiqiçiləri Müslüm Maqomayevin 70 illik yubileyini böyük məhəbbətlə qeyd etdilər. Böyükunudulmaz sənətkara həsr edilən musiqilər, vaxtilə özünün can verdiyi mahnılar səsləndirildi. Bu tədbirlərdə iştirak edən məşhur musiqiçi Tamara Sinyavskaya ömür-gün yoldaşına göstərilən böyük sevgiehtiramdan kövrələrək söyləyirdi: "Kaş Müslüm özü bu günləri görəydi". Müslüm Maqomayevin ruhunun işiğına toplaşanların qəlbində isə unudulmaz sənətkarın xatirəsi əbədi yaşamaqdadır.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 17 avqust.- S. 5.