ABŞ-ın Azərbaycandakı
səfirliyi Ramazan bayramı ilə əlaqədar
iftar mərasimi təşkil etmişdir
Avqustun 17-də ABŞ-ın Azərbaycandakı səfirliyi Ramazan bayramı ilə əlaqədar iftar mərasimi təşkil etmişdir.
AzərTAc xəbər verir ki, iftar mərasimində rəsmi şəxslər, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini icmaların başçıları və nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusların rəhbərləri iştirak etmişlər.
Mərasimdə çıxış edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını və Azərbaycan xalqını təbrik etmişdir. Bildirmişdir ki, bu axşam iftar mərasimini təşkil etməkdən şərəf duyuram. Bu mərasim bizim səfirliyin hər il keçirdiyi tədbirlər arasında mənim ən çox sevdiyim tədbirdir.
A.Sterlinq qeyd etmişdir ki, bu iftar mərasimi ortaq dəyərlərimizi qeyd etməyə və Azərbaycanda dini tolerantlığı qiymətləndirməyə imkan verir. Azərbaycanda yüksək tolerantlıq şəraitinin mövcud olduğunu deyən diplomat ölkəmizdə müsəlmanlar, xristianlar və yəhudilərin əsrlər boyu dinc yanaşı yaşadıqlarını da diqqətə çatdırmışdır. A.Sterlinq vurğulamışdır ki, azərbaycanlılar dini etiqadlarından asılı olmayaraq, hamıya həmişə yüksək qonaqpərvərlik göstərmişlər. Bu gün dinlər arasında belə dostluq və tolerantlıq nümunəsinə dünyanın böyük ehtiyacı vardır.
ABŞ Prezidenti Barak Obamanın keçən həftə Ağ evdə iftar süfrəsi təşkil etdiyini deyən A.Sterlinq həmin mərasimdə Azərbaycanın ABŞ-dakı müvəqqəti işlər vəkili Fəxrəddin İsmayılovun da iştirak etdiyini bildirmişdir.
A.Sterlinq demişdir
ki, Ramazan ayı ərzində,
eyni zamanda, dini ənənələrin
paylaşıldığının şahidi
oluruq. Bu mərasimi qeyd etdiyimiz zaman Azərbaycanda dini icmalar arasında dialoq, ortaq fikirlər və qarşılıqlı
hörmətin olduğunu görürük.
Azərbaycan.- 2012.- 18 avqust.- S. 2.