Bakı Dövlət
Universitetində Azərbaycan-Koreya İnformasiya
Təminatı Mərkəzi açılmışdır
Avqustun 17-də Bakı Dövlət Universitetində (BDU) Koreya Respublikasının Dövlət İdarəçiliyi və Təhlükəsizlik Nazirliyinin nəzdində Milli İnformasiya İctimai Agentliyinin dəstəyi ilə Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin yenidənqurmadan sonra açılışı olmuşdur.
AzərTAc xəbər verir ki, açılış mərasimində çıxış edən BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov 2008-ci il dekabrın 17-də yaradılmış Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin iki ölkə arasındakı dostluq və əməkdaşlığın inkişafında rolundan danışmışdır.
Mərkəzdə seminar otağı, informasiya-kommunikasiya texnologiyaları üzrə treninq laboratoriyası və internet zalının fəaliyyət göstərdiyi diqqətə çatdırılmışdır. Rektor bildirmişdir ki, treninq laboratoriyası 75 ədəd kompyuter və iki genişekranlı proyektor ilə təchiz olunmuşdur. İnternet zalı isə tələbələrin və tədqiqatla məşğul olan əməkdaşların internet vasitəsilə lazımi məlumatları əldə etmələrinə kömək edir.
Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzində mütəmadi beynəlxalq konfrans və seminarların təşkil olunduğu, BMT tərəfindən maliyyələşdirilən Beynəlxalq İqtisadiyyat Universitetinin iqtisadiyyat üzrə birhəftəlik beynəlxalq konfransı ildə bir dəfə bu mərkəzdə keçirildiyi diqqətə çatdırılmışdır.
BDU ilə Cənubi Koreya universitetləri arasında elm və təhsil sahəsində əməkdaşlığın ildən-ilə genişləndiyini vurğulayan A.Məhərrəmov tətbiqi riyaziyyat fakültəsinin bir çox tələbələrinin Cənubi Koreyanın KAİST Universitetində təhsillərini müvəffəqiyyətlə davam etdirdiklərini, ümumilikdə 75 azərbaycanlı gəncin həmin ölkədə təhsil aldığını, onların əksəriyyətinin İKT üzrə hazırlıqlı kadrlar kimi Azərbaycana dönəcəklərini bildirmişdir.
Koreya Respublikasının dövlət idarəçiliyi və təhlükəsizlik nazirinin müavini Seo Pil Eon bu il Koreya-Azərbaycan diplomatik əlaqələrinin 20 illiyinin tamam olduğunu, ötən müddətdə iki ölkə arasında əlaqələrin inkişaf etdirildiyini vurğulamışdır. BDU-da mərkəzin açılmasının ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə töhfə olacağını, onun Azərbaycanın İKT sahəsində güclü bir dövlətə çevrilməsində əhəmiyyətli rolunu qeyd edən Seo Pil Eon demişdir ki, Koreya Respublikası gələcəkdə də Azərbaycana bu sahədə hər cür köməyi göstərəcəkdir.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təmsil etdiyi qurumun iki ölkə arasında əlaqələrin genişləndirilməsində, xüsusilə elm və təhsil sahəsində atılan addımları dəstəklədiyini bildirmişdir. Azərbaycanın ildən-ilə dinamik inkişaf etdiyini vurğulayan E.Vəlizadə demişdir ki, məqsəd dünyanın qabaqcıl ölkələri sırasında olmaqdır.
Koreya Respublikasının ölkəmizdəki səfiri Li Ci-Han 20 ildə iki ölkə arasında müxtəlif layihələrin həyata keçirildiyini, gələn il Naxçıvan Dövlət Universitetində də bu cür mərkəzin yaradılması ilə bağlı müzakirələrin aparıldığını bildirmişdir.
Tədbir iştirakçıları mərkəzlə
yaxından tanış olmuşlar.
Azərbaycan.- 2012.- 18 avqust.- S. 2.