Heydər
Əliyev Beynəlxalq Aeroportunda biznes-sinif sərnişinləri üçün daha bir biznes salonu
istifadəyə verilmişdir
Avqustun 17-də Heydər Əliyev Beynəlxalq Aeroportunda biznes-sinif sərnişinləri üçün geniş imkanları və rahat şəraiti olan daha bir biznes salonu istifadəyə verilmişdir.
AzərTAc xəbər verir ki, aeroportun "Şimal terminalı"nda açılan biznes salonu beynəlxalq standartlara tam uyğundur və biznes-sinif sərnişinləri burada müasir xidmətlərdən yararlana bilərlər. Sərnişinə göstəriləcək xidmətlər biletin dəyərinə daxildir. Salonda ən müasir qeydiyyat sistemi qurulmuşdur. Bu sistem sayəsində sərnişinlərin gediş sənədlərinin, baqaj və əl yüklərinin rəsmiləşdirilməsi ilə bağlı bütün işləri buradakı işçilər icra edəcəklər.
Açılış mərasimində iştirak edən "Azərbaycan Hava Yolları" QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AzərTAc-a bildirmişdir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun "Şimal terminalı"nda daha bir biznes salonunun açılması sərnişinlərə beynəlxalq standartlara uyğun xidmət göstərilməsi istiqamətində önəmli addımlardan biridir. Burada sərnişinlərə göstərilən bütün xidmətləri "AZAL"ın sifarişi əsasında VİP Aviasiya Xidmətləri Şirkəti həyata keçirir. Onu da deyim ki, təkcə "AZAL"ın deyil, həm də digər aviaşirkətlərin təyyarə reyslərinin biznes-sinfinə bilet almış sərnişinlər bu salonun xidmətindən istifadə edəcəklər.
Salonla tanışlıq zamanı bildirildi ki, göstərilən xidmətlərə biznes-sinif sərnişinlərinin xüsusi avtobuslar ilə təyyarəyə kimi aparılması da daxildir. Artıq Heydər Əliyev Beynəlxalq Aeroportunda biznes-sinif sərnişinlərinə xidmət edən salonların sayı 3-ə çatdırılmışdır. Bu salonların xidmətlərindən gün ərzində təqribən 100-dək sərnişin istifadə edir. Onlar istər qeydiyyata qədər, istərsə də qeydiyyatdan sonra "Azərbaycan Hava Yolları" tərəfindən yüksək qayğı ilə əhatə olunurlar.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" biznes-sinif
sərnişinlərinə uçuş
zamanı beynəlxalq mətbəxin müxtəlif təamları
və içkilərini, bundan başqa, portativ əyləncə
sistemi vasitəsilə müxtəlif filmlərin,
beynəlxalq proqramların geniş çeşidini də təklif edir.
Azərbaycan.- 2012.- 18 avqust.- S. 2.