ARDNŞ ilə Kvemo Kartli-Borçalı quberniyası
arasında memorandum imzalanmışdır
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan nümayəndəliyi ilə Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsi arasında memorandum imzalanmışdır. Memorandumu ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze imzalamışlar.
Memorandumda bölgədə kənd təsərrüfatı işlərinin görülməsinə, məhsul yığımının təşkilinə yardım, infrastrukturun yaxşılaşdırılması, məktəb və uşaq bağçaları binalarının bərpa olunması və s. məsələlər nəzərdə tutulur.
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev demişdir ki, SOCAR Gürcüstanda böyük enerji layihələri həyata keçirir. İndi isə belə qərara gəldik ki, digər ölkələrdə olduğu kimi, Gürcüstanda da kommersiya layihələri ilə yanaşı, sosial layihələrin reallaşmasına üstünlük verilsin. ARDNŞ-nin prezidenti qeyd etmişdir ki, bölgə soydaşlarımızın yığcam yaşaması baxımından da əhəmiyyət kəsb edir və indiyədək burada müxtəlif layihələrin reallaşmasında SOCAR fəal iştirak edirdi. Memorandum əminəm ki, bu sahədə fəallığı daha da artıracaqdır. R.Abdullayev qeyd etmişdir ki, bütün bunlar soydaşlarımızın yaşadığı bölgələrin abadlaşdırılması, inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir.
Gürcüstanda investisiya yatırımı, yanacaq bazarında rolu məsələlərinə diqqəti çəkən ARDNŞ-nin prezidenti bu ölkənin təbii qaz bazarının 80 faizinin Azərbaycan qazına məxsus olduğunu demişdir. Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze demişdir ki, memorandum birlikdə sosial layihələrin gerçəkləşməsinə, o cümlədən bölgədə məktəb, uşaq bağçaları binalarının inşasına, mədəniyyət mərkəzlərinin təşkilinə, istirahət parklarının salınmasına, memoriallar açılmasına imkan yaradacaqdır.
Qubernator bütün tədbirlər kimi, bu memorandumun da nəticə etibarilə bölgə əhalisinin rifahının yaxşılaşdırılmasına, yaşayış məntəqələrinin abadlaşdırılmasına yönəldiləcəyini qeyd etmişdir.
İslam ƏLİYEV
Azərbaycan.- 2012.- 18 avqust.- S. 2.