Azərbaycan rabitə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyur

 

"Rabitə sisteminin təkmil və qüsursuz fəaliyyət göstərməsi ölkənin iqtisadi inkişafına da həlledici təsir göstərir".

 

  Heydər ƏLİYEV

 

 

 Qədim zamanlarda insanlar məlumat ötürücüsü kimi yüksəkliklərdə tonqal yandırmaqla bir-birinə hər hansı bir hadisə barədə xəbər göndərirmişlər. Eyni zamanda hər hansı bir vacib məlumatı əhaliyə çatdırmaq üçün təbil və ya şeypur vasitəsilə insanları bir yerə toplayırmışlar. Daha sonralar isə qəbilə başçılarının biri tərəfindən digərinə yazılı məlumatların (namə) göndərilməsi bu məqsədlə təyin olunmuş bir neçə şəxs vasitəsilə əldən-ələ ötürməklə həyata keçirilmişdir.

Nəhayət, zaman keçdikcə insanlar yeni metodlardan istifadə etməyə başlamış və məlumatların (məktubların) çatdırılması üçün xüsusi öyrədilmiş göyərçinlərdən istifadə etmişlər. Uzun müddət bu metoddan yararlandıqdan sonra artıq yazışmaların sayının artması daha etibarlı metodlardan istifadə zərurətini yaratmışdır. Belə ki, əvvəlcə poçtun (məktubların) daşınmasında dəvədən, yaxın məsafələrə isə atdan istifadə etməyə başlamışlar. Təxminən XVIII əsrin əvvəllərində artıq poçtun (məktubların) daşınmasında karetadan istifadə edilmiş, eyni zamanda həmin dövrlərdə teleqraf rabitəsi də yaradılmağa başlanmışdır. Beləliklə, əksər ölkələrdə poçt-teleqraf idarələri yaradılmış və bu xidmətlər onların bölgələrdə tabeliklərində olan poçt kontorları vasitəsilə həyata keçirilmişdir.

XIX əsrin əvvəllərində poçt-teleqraf kontorlarının fəaliyyəti daha da genişləndirilmiş, ayrı-ayrı yerlərdə poçt departamentləri yaradılmış və onların fəaliyyətinə yeni xidmətlər (poçtla pulların, bağlamaların və sığortalı məktubla göndərişlər) də əlavə olunmuşdur.

Azərbaycan milli rabitəsi özünəməxsus inkişaf tarixinə malikdir. Hələ 1501-ci ildə Səfəvilər dövlətinin başçısı böyük Şah İsmayıl Xətai tərəfindən poçtun dövlət səviyyəsində təşkil edilməsinin təməli qoyulmuşdur.

Azərbaycanda ilk rabitə müəssisəsinin - poçtun yaranması XIX əsrin əvvəlinə aid edilir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan bir neçə ay sonra - oktyabrın 6-da Poçt və Teleqraf Nazirliyi təşkil edilmiş, Ağa Aşurov nazir təyin olunmuş və nazirlik cümhuriyyətin süqutuna qədər fəaliyyət göstərmişdir. 1954-cü ildə Azərbaycan Respublikasının Ali Sovetinin Rəyasət Heyəti Rabitə Nazirliyini yenidən yaratmışdır.

 

 İlk telefon xətti

 

 Dünyada telefon rabitəsinin tarixi 1876-cı ildən başlayır. Bakıda isə telefon rabitəsi 1881-ci ildə yaradılmış, həmin il dekabrın 6-da "Nobel qardaşları" cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir.

1885-ci ilə qədər Bakıda artıq 14 telefon xətti mövcud olmuşdur.

Çar hökuməti dövründə neft sənayesinin inkişafı ilə əlaqədar Avropadan və digər ölkələrdən o dövrün məşhur şirkətləri, kapitalistləri axışıb Bakıya gəlirdilər. Get-gedə inkişaf edərək iri sənaye şəhərinə çevrilən Bakıda telefon şəbəkəsinin yaradılmasına ciddi ehtiyac duyulurdu.

1924-cü ildən başlayaraq əvvəlcə Bakıda, sonra isə ölkənin digər mühüm şəhərlərində telefon rabitəsi inkişaf etdirilməyə başlamışdır. 1946-1947-ci illərdə Azərbaycanda yeni iki ATS - Gəncə və Quba, 1948-ci ildə Naxçıvan və Xankəndidə tutumu 200 nömrə olan ATS-lər istifadəyə verildi. 1956-cı ildə Bakıda ilk televiziya mərkəzi yaradılır və ilk dəfə televiziya verilişləri yayımına başlanır.

 

Azərbaycan rabitəsinin inkişafında Heydər Əliyev dövrü

 

 Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 1970-1982-ci illərə düşür. Həmin illərdə respublikaya rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğı o dövrün rəsmi sənədlərində öz əksini tapmışdır. 1970-ci il iyun ayının 24-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə "Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında" məsələ Mərkəzi Komitənin bürosuna çıxarılmış və tarixi qərar qəbul edilmişdir. Qərarda Bakı, Sumqayıt, Gəncə şəhərlərində telefon rabitəsinin qeyri-qənaətbəxş olduğu, bir çox rayon mərkəzlərində hələ də əllə qoşulan köhnə telefon stansiyalarının fəaliyyət göstərdiyi, sovxozların yalnız yarısının, kolxozların isə 25 faizinin telefonlaşdırıldığı və digər geriliklər qeyd olunmuş, rabitə vasitələrinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi Rabitə Nazirliyinin ən vacib vəzifələrindən biri hesab edilmişdir. Qərarda 1971-75-ci illərdə 16 rabitə qovşağı üçün binaların tikilməsi, şəhərlərin icraiyyə komitələri tərəfindən ATS binalarının inşa edilməsi, o cümlədən Bakıda hər il 1 ATS binasının tikilməsi, Rabitə Nazirliyi tərəfindən ATS avadanlıqlarının alınması və texnoloji avadanlıqların inşası, bütün bunlar üçün lazımi vəsaitin ayrılması və digər mühüm tədbirlərin həyata keçirilməsi öz əksini tapmışdır.

Azərbaycanda rabitə sahəsi ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində sürətlə inkişaf etməyə başlayıb. Ölkədə rabitə sisteminin əsas inkişaf dövrü ötən əsrin 70-80-ci illərini əhatə edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin bu sahənin inkişafına diqqəti rəsmi sənədlərdə əksini tapıb. Qeyd edilir ki, ümummilli liderin tapşırığı ilə Elmlər Akademiyasında, universitetlərdə və sahə institutlarında elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirilmiş, elektron avadanlıqlar istehsal edən zavodlar tikilmiş, Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, "Neftqazavtomatika" və s. kimi elmi-tədqiqat müəssisələri yaradılmışdır. Heydər Əliyevin birbaşa köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını - BESM-6 gətirilmişdir. Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri - RASU - "Azərbaycan", respublika kompyuter şəbəkəsi, bütün SSRİ-də tanınan və istifadə olunan avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri işlənib hazırlanmışdır. "OZON", "NORD" elm-istehsalat birlikləri, radiozavod, Elektron hesablama maşınları zavodu, "Peyk", "Ulduz" kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verilmişdir.

1979-cu ildə ulu öndərin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda - köhnə teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metr hündürlüyündə yeni teleqüllənin layihəsi təsdiq edilmiş və 1981-ci ildə obyektin tikintisinə başlanmışdır. Buna baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən yeni teleqüllənin istismara verilməsi ləngidilsə də, ümummilli liderin respublikamıza ikinci dəfə rəhbərlik etdiyi dövrdə onun diqqət və qayğısı sayəsində işə salınmışdır.

1993-cü ildə ümummilli lider yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan milli rabitəsi yenidən qurulmaqla inkişaf etməyə başlamışdır. Ölkə rəhbərinin müdrik siyasəti nəticəsində tədricən bərqərar olan sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olunmuş, rabitə sahəsinin inkişafında əsl dönüş də bundan sonra başlanmışdır.

1993-cü ildən etibarən xarici rabitə şirkətləri, ilk növbədə Türkiyənin "Teletaş" və "Netaş" şirkətləri tərəfindən Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə müasir elektron tipli ATS-lər qurulmuş, "Aztelekom" İstehsalat Birliyində 2000 kanallı Beynəlxalq Telefon Stansiyası, 6150 kanallı respublikadaxili Şəhərlərarası Telefon Stansiyası, ABŞ-ın "Motorola" şirkətinin investisiyası ilə sellülar rabitə xidməti göstərən müəssisələr yaradılmış və bununla da ölkəmizdə mobil rabitə sisteminin əsası qoyulmuşdur. 1994-cü ildə "Bakcell", 1996-cı ildə "Azərcell" birgə müəssisələri yaradıldı. 2007-ci ildən Azərbaycanda GSM standartında üçüncü mobil operator -  "Azərfon" MMC fəaliyyət göstərməkdədir. 2009-cu ildə isə mobil şəbəkədə "Azərfon" MMC tərəfindən ilk dəfə olaraq "3G" xidmətlərinin tətbiqinə başlanılmışdır. Ölkədə "3G" xidmətinin tətbiqi təkcə görüntülü danışığı yox, radio-televiziya yayımları üçün yeni mühit, online video, müşahidələr və s. yeni xidmətlərin göstərilməsini təmin etmişdir. 15 dekabr 1996-cı ildə Bakıda yeni sellülar rabitə sisteminin təntənəli açılışı mərasimində iştirak edən ulu öndər Heydər Əliyev demişdir: "Hər bir ölkənin müasir tələblərə cavab verən rabitə sisteminə malik olması müasir dünyada gedən inteqrasiya, qloballaşma prosesləri kontekstində özünəməxsus əhəmiyyətə malikdir. Rabitə sisteminin təkmil və qüsursuz fəaliyyət göstərməsi ölkənin iqtisadi inkişafına da həlledici təsir göstərir".

Ulu öndərin 2003-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olmuşdur. Bütün bunlar ümummilli liderin diqqət və qayğısı sayəsində Azərbaycan milli rabitəsinin parlaq inkişaf yolunun başlanğıc mərhələsi idi.

 

 İnformasiya cəmiyyətinin inkişafını müəyyənləşdirən Milli Strategiya

 

 Rabitə sahəsində ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilmiş məqsədyönlü siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin dövlət başçısı seçildikdən sonra  ilk beynəlxalq səfəri 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakı ilə bağlı olmuşdur. Sammitdə "Qara qızılı insan qızılına çevirək" tezisini səsləndirməklə Prezident İlham Əliyev ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu bütün dünyaya bəyan etmişdir. Bununla həm də respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə start verilmişdir. Beləliklə, regionda ilk olaraq Azərbaycanda informasiya cəmiyyəti quruculuğu prosesinə başlanıldığı bəyan edilmiş və yaxın on ilin Milli Strategiyasını müəyyənləşdirilmişdir. Prezident İlham Əliyev rabitə və informasiya texnologiyaları sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə 20 fevral 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması barədə fərman imzalamaqla bu sahənin inkişafının prioritet olduğunu bir daha bəyan etmişdir.

Dövlət siyasətinin tərkib hissəsi kimi informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində genişmiqyaslı beynəlxalq münasibətlər qurulmuşdur. Ölkəmizin yüksək texnologiyalar sektorunun imkanları və perspektivləri nəinki regionda, həmçinin dünyanın aparıcı ölkələrində və beynəlxalq təşkilatlarda geniş təbliğ edilir. Bunun nəticəsidir ki, qısa müddət ərzində respublikamızda bir çox tanınmış telekommunikasiya və informasiya texnologiyaları şirkətlərinin nümayəndəlikləri açılmış, milli şirkətlər region bazarında özlərini tanıda bilmişlər və həmin şirkətlərlə İKT sektorunda həyata keçirilən irimiqyaslı layihələrdə uğurla iştirak edirlər. Cənubi Qafqaz regionunun lider ölkəsi kimi Azərbaycan bu gün İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz bu imkanlardan maksimum bəhrələnərək dünya birliyinə inteqrasiyanı özünün başlıca vəzifəsi kimi görür. Bunun nəticəsidir ki, bu gün ölkəmiz İKT sektoru üzrə regionda lider mövqeyini qoruyub saxlamışdır.

 

 Azərbaycan hökumətinin İKT xərcləri 2020-ci ildə 3,6 milyard ABŞ dolları təşkil edəcəkdir

 

Bu yüksək nəticələrin arxasında təkcə İKT sektorunun və informasiya infrastrukturunun inkişafı yox, həmçinin son illər İKT-nin ölkəmizin sosial-iqtisadi inkişafının bütün istiqamətlərində kütləvi tətbiqi və istifadəsi durur.

Azərbaycanın İKT sektoru hazırda milli iqtisadiyyatın ən sürətlə inkişaf edən ikinci sektorudur. İnkişaf tendensiyasının yaxın illərdə də davam edəcəyi gözlənilir,  bu isə  o deməkdir ki, bir neçə il ərzində İKT sektorundan əldə olunan gəlirlər enerji sektorundan əldə olunan  gəlirlərə yaxınlaşacaq, hətta 2018-2020-ci illərdə hər iki sektor üzrə gəlirlər bərabərləşəcəkdir. Qeyri-neft sektorunda İKT sektoru ikinci ən böyük vergi ödəyicisidir. Məlumat üçün qeyd edək ki, 2012-ci ilin 6 ayı ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz artaraq 673,74 milyon manat təşkil etmişdir. Ən son məlumata görə, Azərbaycan hökumətinin İKT xərcləri 2020-ci ildə 3,6 milyard ABŞ dolları təşkil edəcəkdir. Təxminən eyni məbləğdə vəsait özəl sektor tərəfindən də sərf olunacaqdır ki, nəticədə Azərbaycanda İKT sahəsinə yatırılacaq sərmayələrin həcmi 2020-ci ildə 7 milyard ABŞ dollarını keçəcəkdir. 2020-ci ildə Azərbaycanda kosmik sənaye, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı, elektron hökumət və kibercinayətkarlıqla mübarizə kimi sahələrin hər birinə bir milyard ABŞ dolları məbləğində vəsait ayrılacaqdır. Bundan əlavə, regional iqtisadi zonaların yaradılmasına 500 milyon, rəqəmsal televiziyanın inkişafına 100 milyon ABŞ dolları məbləğində vəsait sərf olunacaqdır.

Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 65,4 faizi mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 15,9 faiz olmuşdur.

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmiş, onun əhatə dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.

İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Bu gün Azərbaycan İKT-nin əsas infrastruktur göstəricilərinə görə dünya üzrə orta səviyyəni keçmişdir. Ölkədə ən müasir standartlara uyğun milli telekommunikasiya, poçt və teleradio infrastrukturu formalaşmış və inkişaf etmişdir. MDB regionunda ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmış, sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, ölkə üzrə vahid 7 rəqəmli nömrələmə sistemi və bir kanal vasitəsilə telefon, internet və televiziya xidmətlərindən istifadəyə imkan verən yeni nəsil şəbəkələri (NGN) texnologiyası tətbiq olunmuşdur. Bu gün milli informasiya məkanının formalaşması, dünya informasiya məkanına inteqrasiyası, qlobal informasiya sistemlərinin yaradılması proseslərində Azərbaycan fəal iştirak edir. İKT-nin dinamik inkişafı digər sahələrlə yanaşı televiziya və radio, KİV-in rəqəmsallaşması, fəaliyyət sahəsinin genişlənməsi, KİV-in fəaliyyətində peşəkarlığın artırılması üçün böyük imkanlar yaratmışdır. Müasir dövrdə ölkəmizin iqtisadi cəhətdən güclənməsi və vətəndaşların maddi rifahının təmin edilməsi vasitəsilə cəmiyyətin mərhələli demokratikləşməsindən və keçid demokratiyasından möhkəmlənmiş, yəni konsolidasiya olunmuş məkana transformasiyası barədə danışmaq olar. İKT-nin cəmiyyətə, sosial-iqtisadi, siyasi, mədəni-mənəvi inkişafa təsiri yeni XXI əsrin insanını, insanlar arasında münasibətləri və yeni istehsal vasitələrini formalaşdırır.

 

 

Rəşad BAXŞƏLİYEV

 

 

Azərbaycan.- 2012.- 18 avqust.- S. 3.